Cibir, Urva, Hil kəndlərində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilmişdir
09 oktyabr 2026 | 18:14
Oktyabrın 9-da Qusar şəhərinin Cibir kəndində şəhid Murad Məməziyad oğlu Kəlbiyevin, Urva kəndində şəhid Vadim Ağaba oğlu Ələsgərovun, Hil kəndində şəhid Ümüd Radif oğlu Xəncəlovun məzarları ziyarət edilmişdir. Məzarların üzərinə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Şəhid Kəlbiyev Murad Məməziyad oğlu 1996-cı ilin yanvarın 11-də Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Murad Kəlbiyev Vətən müharibəsində savaşmış, oktyabrın 5-də şəhid olmuşdur.
Şəhid Murad Kəlbiyev Azərbaycanın ərazi bütövüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentin İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Füzulinin azad olunmasına görə medalı, “Vətən uğrunda medalı” ilə təltif edilmişdir.
Şəhid Ələsgərov Vadim Ağaba oğlu 1993-cü ilin noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Vadim Ələsgərov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ələsgərov Vadim Ağaba oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Füzulinin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhid Xəncəlov Ümüd Radif oğlu 1994-cü ilin aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş kəşfiyyatçı Ümüd Xəncəlov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
44 günlük Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək, igidlik və şücaət nümayiş etdirmiş şəhid ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






