Kənd Təsərrüfatı Nazirliyinin Qusar rayonunda fəaliyyət göstərən qurumları tərəfindən görülən işlər, göstərilən xidmətlər və qarşılaşdıqları çətinliklərin müzakirəsinə həsr edilmiş müşavirə keçirilmişdir
08 oktyabr 2026 | 10:06
Oktyabrın 6-da Qusar Rayon İcra Hakimiyyətində Kənd Təsərrüfatı Nazirliyinin Qusar rayonunda fəaliyyət göstərən qurumları tərəfindən görülən işlər, göstərilən xidmətlər və qarşılaşdıqları çətinliklərin müzakirəsinə həsr edilmiş müşavirə keçirilmişdir.
Müşavirədə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, həmçinin rayonda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların rəhbərləri iştirak etmişdir.
Müşavirədə rayonun aqrar sektorunda mövcud vəziyyət, kənd təsərrüfatı sahəsinin inkişafına təsir göstərən əsas amillər, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir. Müzakirələr zamanı bitkiçilik və heyvandarlıqda istehsal göstəricilərinin yüksəldilməsi, müasir subsidiya mexanizmlərinin tətbiqi, fermer və sahibkarların texnika, gübrə və digər zəruri vasitələrlə təminatı, bitki xəstəliklərinə səbəb ola bilən zərərvericilərə qarşı mübarizənin səmərəliliyinin artırılması məsələləri diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, rayonun iqlim və torpaq xüsusiyyətlərinə uyğun, yüksək məhsuldarlıq və xəstəliklərə davamlı toxum sortlarından istifadənin genişləndirilməsi, habelə kənd təsərrüfatı məhsullarının statistik uçotunun real istehsal göstəriciləri ilə uzlaşdırılması və statistik göstəricilərdə müşahidə olunan azalmanın səbəblərinin aradan qaldırılması istiqamətində görüləcək işlər nəzərdən keçirilmişdir.
Müşavirə zamanı rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov bu sahədə mövcud nöqsan və çatışmazlıqlara iradlarını bildirərək, onların aradan qaldırılması istiqamətində həyata keçirilməli tədbirlər haqqında məlumat vermişdir. Rayon icra hakimiyyətinin başçısı müzakirə edilən məsələlərlə bağlı təklif, irad və tələblərini bildirmiş, Dövlət Proqramından irəli gələn tədbirlərin vaxtında və səmərəli icrası, aidiyyəti qurumlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, iş planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin mütəmadi təhlil edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.






