“Korrupsiya ilə mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib
25 sentyabr 2026 | 19:20
Korrupsiyanın qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi hüququn aliliyinin, şəffaf idarəetmənin və ictimai etimadın təmin olunmasının mühüm şərtlərindən biridir. Bu istiqamətdə qanunvericilik və institusional mexanizmlərlə yanaşı, cəmiyyətin bütün təbəqələrinin maarifləndirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması da xüsusi əhəmiyyət daşıyır. Maarifləndirici tədbirlər bu sahədə mövcud hüquqi tələblərin ictimaiyyətə çatdırılması, vətəndaş məsuliyyətinin gücləndirilməsi və korrupsiyanın doğurduğu mənfi nəticələr barədə məlumatlılığın artırılması baxımından mühüm vasitədir.
Bu məqsədlə sentyabrın 25-də Qusar Rayon Gənclər Evində “Korrupsiya ilə mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Əliyulla Nəcərov korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərin yalnız hüquqi tədbirlərlə məhdudlaşmadığını, maarifləndirmə və profilaktik fəaliyyətin də mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Əliyulla Nəcərov Milli Fəaliyyət Planının müxtəlif dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinə, korrupsiyaya qarşı mübarizənin sistemli və ardıcıl şəkildə həyata keçirilməsinə mühüm zəmin yaratdığını vurğulayıb.
Mövzu ətrafında çıxış edən Qusar rayon prokurorunun böyük köməkçisi Kamal Həbibov və Rayon Polis Şöbəsinin baş müstəntiqi Ümid Xankişiyev korrupsiyanın cəmiyyət və dövlət idarəçiliyi üçün yaratdığı təhlükələrdən söz açıblar. Bildirilib ki, korrupsiya qanunun aliliyinə və sosial ədalət prinsiplərinə ciddi zərər vurmaqla yanaşı, iqtisadi və sosial inkişaf proseslərinə də mənfi təsir göstərir. Çıxışlarda korrupsiyaya qarşı mübarizənin səmərəli təşkili üçün hüquq-mühafizə tədbirləri ilə yanaşı, profilaktik və maarifləndirici tədbirlərin də davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, vətəndaşların korrupsiyanın mahiyyəti, onun hüquqi nəticələri, bu kimi halların qarşısının alınması və aidiyyəti qurumlara müraciət imkanları barədə məlumatlılığının artırılması korrupsiyaya qarşı ictimai mövqenin gücləndirilməsində mühüm rol oynayır.
Tədbirdə, həmçinin, Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sənan Xəlilov və üzvü Jalə Əmirbəyova, Korrupsiyaya qarşı Mübarizə Fondunun regional təşkilatının nümayəndəsi Zahid Həsənov və Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru Rəşidə Məhərrəmova çıxış ediblər. Çıxışlarda korrupsiyaya qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyət nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd olunub, bu sahədə ictimai təşəbbüslərin dəstəklənməsi, hüquqi məlumatlılığın artırılması və vətəndaşların mövcud mexanizmlərdən düzgün istifadəsinin təşviq edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, cəmiyyətin müxtəlif institutları arasında əməkdaşlığın genişləndirilməsinin korrupsiyaya qarşı mübarizənin davamlı və nəticəyönümlü xarakter almasına mühüm töhfə verdiyi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübdiləsi aparılıb.






