Nazir Anar Əliyev Qusarda vətəndaşları qəbul edib
25 sentyabr 2026 | 19:37
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov özünüməşğulluq proqramı çərçivəsində Avaran kəndində rayon sakini Davudova Səyyarə Sadulla qızı və Qusar şəhərində Mustafayev Samin Oruc oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər. Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Mustafayev üçün avtoelektrik xidmətləri, S.Davudova üçün isə maldarlıq istiqaməti üzrə təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda 1311 şəxs üçün kiçik təsərrüfatlar qurulub.






