Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda 27 sentyabr 2026 il - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

28 sentyabr 2026 | 09:31
27 sentyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan, Vətən müharibəsinin başladığı və Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan şanlı yolun ilk günü kimi yadda qalan tarixdir.
27 Sentyabr – Anım Günü münasibətilə Qusar rayonunda təhsil, mədəniyyət və digər müəssisələrdə silsilə tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi yad edilmişdir.
Sentyabrın 24-də Qusar Rayon Heydər Əliyev Mərkəzində “Zəfərə aparan yol: Heydər Əliyev ideyaları və şəhidlərimizin qəhrəmanlığı” adlı tədbir təşkil olunmuşdur. Tədbirdən əvvəl şəhid anaları ilə çay süfrəsi ətrafında səmimi görüş keçirilmişdir. Tədbirin rəsmi hissəsində 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycanın qazandığı tarixi Zəfər və bu Qələbənin əldə olunmasında şəhidlərimizin göstərdiyi qəhrəmanlıq xatırlanaraq, əziz xatirələri ehtiramla yad edilmişdir. Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, sonda Anım Günü ilə bağlı film nümayiş etdirilmişdir.
Sentyabrın 25-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mədəniyyət Mərkəzində “Unutmadıq, unutmarıq!” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Tədbir çərçivəsində məktəblilərin ifasında şeirlər dinlənilmiş, Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Eyni zamanda, Qusar rayon Mədəniyyət Mərkəzinin və bir sıra kənd klub müəssisələrinin əməkdaşları Qusar Dövlət Rəsm Qalereyasında təşkil olunan Anım Gününə həsr olunmuş sərgi ilə tanış olmuşdur.
Anım Günü ilə bağlı Qusar Peşə Liseyində təşkil edilmiş tədbirdə natiqlərin çıxışları dinlənilmiş, mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və şəhid bacısının çıxışı böyük diqqətlə qarşılanmışdır.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasında kitabxana filiallarının əməkdaşlarının iştirakı ilə “Zəfər tarixini yazanlar” adlı tədbir keçirilmişdir. Tədbirdə 44 günlük Vətən müharibəsi və şəhidlərin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş etdirilmişdir. Eyni zamanda mövzu ilə bağlı kitab sərgisi təşkil olunmuşdur.
Anım Günü ilə əlaqədar rayonun digər mədəniyyət müəssisələrində, klub və kitabxana filiallarında, eləcə də ümumtəhsil müəssisələrində də müxtəlif tədbirlər keçirilmişdir. Təhsil müəssisələrində təşkil olunan tədbirlərdə şagirdlərə Vətən müharibəsinin tarixi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizə, şəhidlərimizin həyat və döyüş yolu barədə məlumat verilmiş, ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir.
Bununla yanaşı, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların kollektivləri, təhsil və mədəniyyət işçiləri, şagirdlər, ictimaiyyət nümayəndələri tərəfindən şəhidlərin məzarları ziyarət olunmuş, onların əziz xatirəsi ehtiramla yad edilmişdir.
Keçidlər