Rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanılır
09 oktyabr 2026 | 08:13
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı və cəmiyyət həyatının bütün sahələrinə geniş şəkildə inteqrasiyası idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, dövlət xidmətlərinin daha çevik, şəffaf və əlçatan formada təşkilini zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın, 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə isə" Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi bu sahənin dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini göstərir. Eyni zamanda, yerli icra hakimiyyəti orqanları üçün müvafiq “Yol xəritəsi” hazırlanmışdır.
Qeyd olunan tapşırıqların Qusar rayonunda vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının 11 sentyabr 2026-cı il tarixli əmri ilə rayon icra hakimiyyətinin əməkdaşlarından ibarət işçi qrupu yaradılmışdır.
Oktyabrın 8-də Qusar Rayon İcra Hakimiyyətində RİHB Aparatının məsul şəxslərinin, onlayn qaydada inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə iclas keçirilmişdir.
İclasda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev rəqəmsallaşmanın müasir idarəetmə sistemində rolu, dövlət idarəçiliyinin rəqəmsal transformasiyası və bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, rəqəmsal texnologiyalardan səmərəli istifadə yalnız dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi baxımından deyil, həm də əhalinin dövlət xidmətlərindən daha rahat və operativ şəkildə yararlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən rayon ərazisində yaşayan sakinlərin rəqəmsal imkanlar, elektron xidmətlər və onların istifadəsi qaydaları barədə maarifləndirilməsi xüsusi diqqət tələb edir.
Daha sonra RİHB Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri İlham Xəlilov tərəfindən “MyGov” platforması, onun imkanları və istifadə qaydaları barədə məlumat verilmişdir. Slaydlarla təqdimat vasitəsilə iştirakçılara platformanın yüklənməsi və qeydiyyatdan keçmə qaydası, elektron xidmətlərdən istifadə, müvafiq sənədlərin əldə edilməsi və göndərilməsi, rəqəmsal imkanlardan gündəlik fəaliyyət zamanı yararlanma yolları və digər məsələlər ətraflı izah edilmişdir.
İclas zamanı rəqəmsal xidmətlərdən istifadənin rayon ərazisində daha geniş təşviq edilməsi, xüsusilə yerlərdə icra nümayəndələrinin bu imkanlar barədə əhalinin məlumatlandırılmasında fəal iştirakının təmin olunması məsələlərinə diqqət çəkilmişdir.
Sonda rəqəmsallaşma sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası, əhalinin rəqəmsal xidmətlərdən istifadəyə dair məlumatlılığının artırılması, habelə bu istiqamətdə yaranan sualların operativ şəkildə cavablandırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən zəruri dəstək tədbirlərinin görüləcəyi diqqətə çatdırılmışdır.






