Şəhid Cumart Əlimuradovun xatirəsi yad edilmişdir
08 oktyabr 2026 | 18:18
Oktyabrın 8-də rayonun Urva kəndində şəhid Əlimuradov Cumart Şixrəhim oğlunun anım mərasimi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri, RİHB Aparatının məsul şəxsləri, ictimaiyyət nümayəndələri tərəfindən Urva kəndində şəhidin məzarı ziyarət edilmişdir.
Şəhid Cumart Şixrəhim oğlu Əlimuradov 2001-ci ilin mayın 31-də Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Cumart Əlimuradov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Cumart Əlimuradov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






