Tibb işçilərinin peşə fəaliyyətində xidmət mədəniyyətinin yüksəldilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqi məsələləri müzakirə olunub
30 sentyabr 2026 | 15:02
Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaşların sağlam həyat tərzi barədə məlumatlılığının artırılması və digər aktual məsələlərlə bağlı maarifləndirmə tədbirlərinin səhiyyə sahəsində mühüm əhəmiyyətini nəzərə alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasında müxtəlif mövzularda maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir.
Tibb işçilərinin peşəkar fəaliyyətində etik davranış və xidmət mədəniyyətinin gücləndirilməsi, əhali arasında sağlam həyat tərzinin təşviqi məqsədilə keçirilən növbəti maarifləndirmə tədbirlərində peşə fəaliyyətində qarşılıqlı münasibətlərin düzgün qurulması, eləcə də insan sağlamlığının qorunmasına təsir göstərən gündəlik vərdişlər və davranış amilləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
“Tibb işçilərinin etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda keçirilən tədbirdə Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, baş tibb bacısı Sevda Məmmədova, xəstəxananın həkim heyəti iştirak edib. Tədbirdə tibb işçilərinin fəaliyyətində etik davranış qaydalarına riayət olunması, pasiyentlərlə düzgün ünsiyyətin qurulması, vətəndaşların müraciətlərinə həssas yanaşılması, xidmət mədəniyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin təmin olunması ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb və gündəlik fəaliyyət zamanı tətbiq oluna biləcək praktiki tövsiyələr verilib.
Bununla yanaşı, xəstəxanaya müraciət edən vətəndaşların insan sağlamlığının qorunması ilə bağlı məlumatlılığının artırılması məqsədilə onlarla “Sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda maarifləndirici söhbətlər aparılıb. Vətəndaşlara sağlam həyat tərzinin formalaşdırılmasının əsas prinsipləri, fiziki aktivliyin və düzgün qidalanma vərdişlərinin insan sağlamlığının qorunmasında rolu, eləcə də müxtəlif risk amillərinin insan sağlamlığına mümkün təsirləri barədə məlumat verilib, vətəndaşların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib və məlumat xarakterli bukletlər paylanılıb.






