Vətəndaş müraciətlərinin həlli təmin edilir
02 oktyabr 2026 | 17:59
Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların müraciət və təkliflərinin, əhalini narahat edən məsələlərin yerində öyrənilməsi və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq səyyar qəbullar təşkil edilir. Ay ərzində rayonun 4 yaşayış məntəqəsində keçirilən səyyar qəbullar zamanı sakinlərin qaldırdıqları məsələlər aidiyyəti üzrə araşdırılır, onların həlli imkanları müəyyənləşdirilir və icrasına nəzarət edilir.
Balaqusar kəndində keçirilmiş səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərdən biri də Balaqusar–Həsənqala kəndlərini birləşdirən avtomobil yolunun təmiri ilə bağlı olub. Uzunluğu 1 kilometr, eni 5 metr olan yol həmin ərazidə yaşayan 70 ailənin, ümumilikdə 360 sakinin istifadəsindədir.
Vətəndaşların müraciəti nəzərə alınaraq yolun təmiri həyata keçirilib. Yolun bərpası zamanı ümumilikdə 390 kubmetr materialdan istifadə olunaraq hamarlanma işləri həyata keçirilib.






