Yeniyetmə və gənclər üçün “Məlumatlı ol, təhlükəsiz yaşa!” adlı maarifləndirici görüş keçirilib
09 oktyabr 2026 | 17:51
Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının məsuliyyətinin artırılması məqsədilə yeniyetmə və gənclərin bu sahədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Oktyabrın 7-də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində “Məlumatlı ol, təhlükəsiz yaşa!” mövzusunda maarifləndirici görüş keçirilib.
Yeniyetmə və gənclərin yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq məqsədilə keçirilən görüşdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ramin Məcidov, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektoru Dəmirbəy Abdullayev, eləcə də yeniyetmə və gənclər iştirak ediblər.
Maarifləndirici görüş zamanı yol hərəkəti qaydalarına əməl olunmasının insan həyatının və sağlamlığının qorunmasındakı əhəmiyyəti, gündəlik həyatda yol hərəkəti qaydalarının pozulmasının yarada biləcəyi təhlükələr izah olunub, məsuliyyətli davranışın bədbəxt hadisələrin qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərin erkən yaşlardan aşılanması, maarifləndirici tədbirlərin təşkili yeniyetmə və gənclərin hüquqi biliklərinin artırılması, təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin baş vermə riskinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.






