Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir
17 mart 2026 | 10:18
Xalqımızın qədim adət-ənənələrinə uyğun olaraq baharın gəlişi – Novruz bayramı böyük coşqu və xoş ovqatla qeyd olunur. Hər birimiz arzu edirik ki, bayram şənlikləri yalnız müsbət xatirələrlə yadda qalsın. Bunun üçün isə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması vacibdir:
Tonqallar yalnız təhlükəsiz ərazilərdə, yanar materiallardan, eləcə də qaz və neft boruları, elektrik xətləri, ağac və kol-koslar, avtomobil, binalar və digər tezalışan əşyaların yaxınlığından uzaqda qalanmalıdır.
Tonqallar tam sönənədək nəzarətdə saxlanılmalıdır.
Bayram tədbirlərində, xüsusən tonqal ətrafında azyaşlılar yalnız böyüklərin nəzarəti altında olmalıdır. Uşaqların odla oynayaraq təhlükəli vəziyyət yaratmalarına icazə verilməməlidir.
Tonqalların üzərindən atlanarkən xırda diqqətsiz davranış geyimlərin alışmasına və bədənin xəsarət almasına səbəb ola bilər.
Yanar mayelərlə hazırlanan məşəllərin atılması ciddi yanğın riskini artırır. Məşəllər evlərin damlarını, həyətyanı sahələrdə yığılmış yanar materialları və çəpərləri alışdıra bilər.
Yandırılmış şamların nəzarətsiz qoyulması, yanar materialların yaxınlığında yerləşdirilməsi, şamın kibrit qutusu, stol və ya digər tezalışan əşyalarla təmasda olması yolverilməzdir.
Bayram tədbirlərində atəşfəşanlıq üçün pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəsi yarada biləcək işıqlandırıcı vasitələrdən istifadə qadağandır.
Qapalı məkanlarda atəşfəşanlıq etmək tamamilə qadağan olunur.
Milli bayramımızı xoş xatirələrlə başa çatdırmaq, həmçinin təhlükəsizliyi təmin etmək üçün bu qaydalara əməl etmək hər kəsin borcudur. Unutmayaq ki, qaydalara biganə yanaşmaq həyatımıza ciddi təhlükə yarada bilər.
Yanğın təhlükəsi ilə üzləşdiyiniz zaman dərhal 112 nömrəsinə zəng edin və müvafiq yardım çağırın.






