Müsahibələr
Qalib ölkənin qəhrəman şəhidləri: Mayor Sənan Zamanov
44 günlük Vətən müharibəsində, haqq savaşımızda qəhrəmanlıq göstərən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də şəhid mayor Sənan Zamanovdur.
Müsahibimiz şəhidin yoldaşı Şəbnəm Zamanovadır.
1.Şəhid mayor Sənan Zamanovun həyat və döyüş yolu haqqında məlumat verməyinizi xahiş edərdik. Şəhidin ailə üzvləri və yaxınlarından əldə etdiyiniz məlumatlar, öz müşahidələriniz əsasında Sənan Zamanov uşaqlıq illərində və ailə başçısı olaraq hansı keyfiyyətləri ilə seçilirdi?
Sənan Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində dünyaya gəlmişdir. İbtidai təhsilini Çiləgir kənd orta məktəbində almış, 1994-cü ildən təhsilinə Bakı şəhərində, 1998-ci ildən Beyləqan rayonu, Milabad kənd məktəbində davam etdirmişdir. 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuş, burada 3 il təhsil aldıqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirmişdir. 2008-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmiş, 2009-cu il 20 iyul tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə taqım komandiri və bölük komandiri təyin edilmişdir. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbəsi almış, 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində bölük komandiri təyin edilmiş və həmin il mayor rütbəsini almışdır. 2019-cu ildən xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirən Sənan Zamanov Vətən müharibəsi başlanan dövrdə maddi-texniki təminat taborunun komandiri vəzifəsini tuturdu.
Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış mayor Sənan Zamanov oktyabrın 1-də Suqovuşan döyüşlərində şəhid olmuş, oktyabrın 2-də Qusar Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Sənan Zamanov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir. Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülmüş, "Qüsursuz xidmətə görə" 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Sənanın uşaqlıq illərinin əyani şahidi olmasam da, valideynlərinin, yaxınlarının onunla bağlı xatirələrindən necə bir uşaq olduğunu təsəvvür edə bilirdim. Sənan uşaqlıqdan mərd, cəsur, sevilən bir uşaq olub. Ailə başçısı kimi də məsuliyyətli, ailəsinə son dərəcə bağlı, həm yaxşı övlad, həm də qayğıkeş ata idi. Onun hərbiyə marağı sonradan formalaşan bir seçim deyildi – bu, ailədən gələn bir yol idi. Atasının və yaxın çevrəsindən çoxlarının hərbçi olması onu və qardaşını bu peşəyə istiqamətləndirdi.
2.Sənan Zamanovla son görüşünüzü necə xatırlayırsınız? Övladlarınız şəhid atalarının xatirəsini necə yaşadırlar?
19 sentyabr qızımızın doğum günü idi. Həmin gün Sənan evə gəlmişdi. Bizim üçün bu anlar çox qiymətli xatirədir, çünki son dəfə ailəmizin yanında olduğu gün məhz o tarix oldu. Şəhidlik zirvəsinə yüksəlməsindən bir neçə saat əvvəl isə mənə zəng etmişdi. Həm mənimlə, həm də övladları ilə danışdı. Danışığımız zamanı hər zamankı kimi bizi sakitləşdirməyə çalışdı. “Hər şey yaxşı olacaq, nigaran qalmayın” – dedi. Sakit və arxayın şəkildə sanki bizə təskinlik verməyə çalışırdı.
Həyat yoldaşım şəhid olanda övladlarımız hələ çox balaca idilər. O zaman baş verənləri tam anlamır, itkinin nə qədər ağır olduğunu dərk etmirdilər. Lakin illər keçdikcə həm böyüdülər, həm də atalarının kimliyini, onun Vətən uğrunda göstərdiyi igidliyi daha dərindən anlamağa başladılar. Bu gün onların davranışlarında, düşüncələrində Vətənə və dövlətə qarşı böyük sevgi, qürur və məsuliyyət hiss olunur. Oxuduqları məktəbdə tədbirlər olanda vətənpərvərlik şeirlərini necə ürəklə, qürurla səsləndirdiklərini görəndə anlayıram ki, onlar atasının adını yaşatmağı özlərinə borc bilirlər. Bilirəm ki, onların qəlbində atalarının xatirəsi hər zaman yaşayacaq və onlar şəhid övladları olmağın məsuliyyətini gələcək həyatlarında daşıyaraq, Vətənə, dövlətə layiqli vətəndaşlar kimi formalaşacaqlar.
3.Bu gün şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını necə dəyərləndirirsiniz?
Şəhid ailəsinin üzvü, ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirən bir valideyn və bir vətəndaş olaraq gənclərimizə hansı tövsiyələri vermək istərdiniz?
Biz şəhid ailələri üçün göstərilən hər cür dəstəyi yüksək qiymətləndiririk və bunun nə qədər dəyərli olduğunu hər gün hiss edirik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğının əsas simalarıdır. Onların təşəbbüsü ilə həyata keçirilən sosial proqramlar və digər sosial təminat mexanizmləri şəhid ailələrinin rifah halını daha da yaxşılaşdırır. Dövlətimizin qayğısını, dəstəyini hər zaman hiss edirik.
Eyni zamanda rayon rəhbərliyinə də təşəkkürümü bildirmək istəyirəm. Şəhid ailələri və qazilərlə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov mütəmadi görüşlər keçirir, bizləri müxtəlif tədbirlərə dəvət edirlər. Hər zaman bizimlə maraqlanır, problemlərimizin həllinə çalışır, maddi və mənəvi dəstək göstərirlər. Bu biz şəhid ailələri üçün çox böyük dəstəkdir.
Gənclərimizə demək istəyirəm ki, onlar vətənpərvər məsuliyyətli, layiqli vətəndaş kimi yetişməlidirlər. Ən böyük arzum budur ki, gənclərimiz öz bacarıqları və bilikləri ilə ölkəmizin inkişafına töhfə versinlər, xalqımıza faydalı olsunlar və Vətən qarşısında məsuliyyətlərini unutmasınlar. Şəhidlərimizin xatirəsini daim yaşatsınlar və bu dəyərləri mənimsəyərək, gələcək nəsillərə də ötürsünlər.
Müsahibəyə görə təşəkkür edirik.
***
Zəfər tariximizin qəhrəmanları
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman oğullarımızdan biri də şəhid Niftəliyev İlyas Güloğlan oğludur. O, Vətən torpaqlarının azadlığı uğrunda aparılan döyüş əməliyyatlarına qatılmış, igidliyi və fədakarlığı ilə seçilmişdir. Şəhidin anası Niftəliyeva İradə Əmirəli qızı ilə həmsöhbət olmuşuq.
1.Əvvəlcə istəyərdik, övladınız - şəhid İlyas Niftəliyev, onun həyat yolu barədə məlumat verəsiniz.
İlyas Niftəliyev 1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olmuşdur.
Oğlum məktəb illərindən nizam-intizamlı şagird olmuş, dərslərinə məsuliyyətlə yanaşaraq əla qiymətlərlə oxuyur, müəllimlərinin və sinif yoldaşlarının dərin hörmətini qazanmışdır. Ən çox sevdiyi fənn isə coğrafiya idi. Ümumiyyətlə İlyas hərtərəfli uşaq idi. İdmana da həvəsi var idi.
Hərbçi olmaq qərarına o, doqquzuncu sinifdə oxuyarkən gəlmişdi. Deyirdi ki, “Vətən üçün faydalı bir insan olmalıyam.” Bu istək bəlkə də təkcə özündən deyil, atasından – Birinci Qarabağ müharibəsi iştirakçısı olan bir hərbçidən aldığı tərbiyə və nümunədən qaynaqlanırdı. Məncə, oğlumun peşə seçiminə ən çox təsir edən amil də elə bu ailəvi vətənpərvərlik ruhu, böyüdüyü mühit olmuşdur. O, daim işğal altında olan torpaqlarımızın azad olunduğu günü görmək, bu müqəddəs missiyada pay sahibi olmaq istəyirdi. Yoldaşımın cəbhə yoldaşları tez-tez bizə gəlirdilər. İlyas onların söhbətlərinə böyük maraq göstərərdi. Diqqətlə qulaq asar, suallar verərdi.
Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, İlyas arzusunun ardınca gedərək, təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirir. 4 illik təhsilindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətə başlayır.
2. Şəhidin döyüş yolu haqqında məlumat verməyinizi istərdik. O, hansı əməliyyatlarda iştirak etmiş, hansı bölgələrdə xidmət etmişdir? Oğlunuzla son görüşünüzü necə xatırlayırsınız?
İlyas Azərbaycan Ordusunun leytenantı olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Murovdağ zirvəsi, Cəbrayıl rayonu və Hadrut qəsəbəsinin azad edilməsi əməliyyatlarında iştirak etmişdir.
Sentyabrın 19-u İlyas bir günlük evimizə qayıtdı. Biz hər hansı bir toqquşma və ya genişmiqyaslı hərbi əməliyyat olacağı barədə məlumatlı deyildik. Danışdıq, söhbət etdik, səhər onu yola saldıq. Heç vaxt ağlıma da gəlməzdi ki, o gün bizim üçün son görüş olacaq. Yoldaşım da I Qarabağ müharibəsi veteranıdır. Mən oğlumun da sağ-salamat qayıdacağına əmin idim.
İlyas çox vaxt deyərdi: “Ana, mən şəhid olacağam”. Mən isə ona həmişə demişdim ki, “Xocalının qisası alınmadan sənə şəhid olmağa icazə vermirəm”. Oğlum öz arzusuna çatdı. Oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid oldu.
Bu gün də onun döyüş yoldaşları tez-tez bizə gəlir, İlyasla bağlı xatirələrini bölüşür, onun cəsarəti və Vətənə bağlılığı barədə danışırlar. Onların dilindən eşitdiyim hər xatirə mənim üçün həm təsəlli, həm də qürur qaynağıdır.
3. Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını siz necə qiymətləndirirsiniz?
Bu gün dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını biz çox yüksək qiymətləndiririk. Biz tək olmadığımızı daim hiss edirik. Həm ölkə rəhbərliyinin, həm də yerli icra orqanlarının bizə olan münasibəti, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bizə böyük mənəvi dəstəkdir.
Rayon rəhbərliyi, eləcə də digər yerli qurumların nümayəndələri mütəmadi olaraq bizimlə maraqlanır, evimizə gəlir, şəhid övladımın xatirəsini yad edirlər. Hər dəfə rayonda keçirilən tədbirlərə bizi dəvət edirlər, biz də şəhid valideynləri olaraq bütün o tədbirlərdə iştirak etməyə çalışırıq. Bu biz şəhid anaları üçün çox böyük təsəllidir.
Oğlumun Vətən qarşısında xidmətləri dövlətimiz, ölkə başçımız tərəfindən yüksək qiymətləndirilmişdir. İlyas ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Bir ana kimi ən böyük arzum budur ki, bir daha müharibə olmasın. Xalqımız sülh içində, əmin-amanlıqla yaşasın. Vətənimizin səmasında həmişə sülh günəşi parlasın.
Müsahibəyə görə təşəkkür edirik.
***
Qazilər bu gün Azərbaycan cəmiyyətində təkcə qəhrəmanlıq simvolu deyil, həm də milli yaddaşın, mübarizə ruhunun canlı daşıyıcılarıdır
44 günlük Vətən müharibəsi tariximizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış şanlı bir səhifədir. O səhifəni canı və qanı bahasına yazan igidlərimiz müstəqil Azərbaycanın əyilməz ruhunun, dönməz iradəsinin təcəssümüdür. Bu müsahibəmizdə həmin igidlərdən biri –İkinci Qarabağ müharibəsi əlili Koroğluyev Akif Sərhəd oğlu
ilə həmsöhbət olmuşuq.
1. İlk olaraq, oxucularımıza özünüzü təqdim etməyinizi və döyüş yolunuz haqqında danışmağınızı istərdik.
Mən Koroğluyev Akif Sərhəd oğlu, Qusar rayonunun Xürel kəndində anadan olmuşam. Təhsilimi başa çatdırdıqdan sonra 2008-ci ildə həqiqi hərbi xidmətə yollandım və o vaxtdan bəri bu yolu bir peşə, bir həyat tərzi kimi qəbul etdim. Mənim üçün hərbi xidmət sadəcə bir vəzifə deyil, mənəvi borc idi — Vətənə sədaqətin, torpağa bağlılığın və milli kimliyə hörmətin ən yüksək təzahürü idi.
44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşmüşəm. Müharibədən sonra da xidmətimi gizir rütbəsi ilə davam etdirmişəm. Komando briqadaları formalaşdırılanda mən də həmin xüsusi bölmələrin tərkibinə daxil oldum. Komandoların tərkibində, kəşfiyyat qrupunun komandiri kimi fəaliyyət göstərdim.
Müharibə başlayanda biz bilirdik ki, hər an şəhid ola bilərik, amma bu düşüncə bizi zəiflətmirdi, əksinə, gücləndirirdi. Düşmənin illərlə qurduğu mövqeləri yarmaq, irəliləmək, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmaq — bu, bizdə qürur hissi doğururdu.
Mən həmçinin 2022 ci ilin sentyabr ayında 3 günlük antiterror əməliyyatları zamanı Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
2023-cü ilin 19 sentyabrında Ağdamın Xındırıstan kəndi istiqamətində gedən döyüşlərdə düşmən təxribatı nəticəsində yaralanmışam.
2. Müharibə insanın təkcə fiziki dözümlülüyünü deyil, həm də mənəvi və psixoloji dayanıqlığını sınağa çəkən təcrübədir. Siz müharibədən sonra fiziki və psixoloji olaraq cəmiyyətə yenidən adaptasiya mərhələsini necə yaşadınız?
Eyni zamanda, qazilərin, müharibə iştirakçılarının bugünkü Azərbaycan cəmiyyətindəki mənəvi-sosial missiyasını necə dəyərləndirirsiniz?
Bilirsiniz, fiziki yaraların sağalması zaman və müalicə ilə mümkündür, amma psixoloji yaraların sağalması üçün daha çox güc, iradə və inam lazımdır. O dövrdə ailəmin, yaxın çevrəmin və ən əsası dövlətimizin mənə göstərdiyi dəstək sayəsində bir növ yenidən həyata qayıtdım.
Dövlətimizin göstərdiyi tibbi və psixoloji dəstək müharibədən sonrakı adaptasiya prosesimdə həlledici rol oynadı. Müharibədən sonra müəyyən fiziki və psixoloji çətinliklər yaşasam da, reabilitasiya mərkəzlərində keçdiyim müalicə kursları, ixtisaslı həkim və psixoloqların peşəkar yardımı sayəsində həm fiziki, həm də psixoloji olaraq özümü daha yaxşı hiss etməyə başladım. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət, yaradılan şərait və hərtərəfli qayğı biz qazilərə sosial həyata fəal şəkildə inteqrasiya olunmaq üçün mühüm stimul oldu.
Qazilər bu gün Azərbaycan cəmiyyətində təkcə qəhrəmanlıq simvolu deyil, həm də milli yaddaşın, mübarizə ruhunun canlı daşıyıcılarıdır. Bizim üzərimizdə böyük bir mənəvi məsuliyyət var — təkcə döyüş meydanında deyil, indi də gündəlik həyatda Vətənə sədaqət, fədakarlıq nümunəsi olmaq. Bizim missiyamız yalnız xatirələri qorumaq deyil, həm də o xatirələrin davamı kimi bu ölkənin sabahı üçün çalışmaqdır. Çünki müharibə bitir, amma Vətənə sevgi heç vaxt bitmir.
Müharibə dövründə xalqın göstərdiyi mənəvi dəstək biz döyüşçülərə böyük ruh yüksəkliyi verirdi. Cəbhədə ən çətin anlarda belə xalqın dualarını, sevgisini və inamını hiss edirdik. Döyüşlərdə qısa fasilələr zamanı bizə məktəblilərin yazdığı məktublar çatdırılırdı. O məktublarda yazılan səmimi sözlər, sadə, amma dərin məna daşıyan cümlələr bizə tükənməz güc verirdi. Hər dəfə belə məktubları oxuyanda anlayırdıq ki, arxamızda bütöv bir xalq dayanır. Mən inanıram ki, Vətənə sevgi ailədən və məktəbdən başlayır. Bu gün də tez-tez rayon məktəblərinə, müxtəlif tədbirlərə dəvət olunuram. Uşaqların mənə və digər qazi yoldaşlarıma yaxınlaşıb keçdiyimiz döyüş yolu haqqında suallar vermələri, maraqla dinləmələri məni çox duyğulandırır və qürurlandırır. Bu zaman bir daha əmin oluram ki, bu xalqın gələcəyi güclü, Vətənə bağlı və mərd nəsillərin əlindədir.
3. Müharibədən sonra xidmətlərinizə görə hansı dövlət təltiflərinə layiq görülmüsünüz və bu medalların sizin üçün mənəvi dəyərini necə ifadə edərdiniz?
Müharibədən sonra dövlət tərəfindən bir sıra medallarla təltif olunmuşam. Bunlara “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə medalı”, “Cəbrayılın azad olunmasına görə medalı”, “Füzulinin azad olunmasına görə medalı”, “Xocavəndin azad olunmasına görə medalı”, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi medalı” və “Azərbaycan Ordusunun 100 illiyi medalı”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və 2-ci dərəcəli medalları, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalı daxildir. Bu təltiflər mənim üçün sadəcə bir xidmətin qiymətləndirilməsi deyil, həm də keçdiyimiz ağır, amma şərəfli yolun rəmzidir. Bu mükafatlar mənə həm qürur, həm məsuliyyət hissi verir — çünki onlar təkcə fərdi qəhrəmanlığın deyil, bütöv bir xalqın mübarizə ruhunun göstəricisidir. Mən bu medallara baxanda bir daha anlayıram ki, Vətən uğrunda göstərilən xidmət heç vaxt unudulmur və dövlətimiz bu fədakarlığı hər zaman yüksək dəyərləndirir.
Bizlərə – Vətən uğrunda döyüşmüş qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətdə layiqli yer tutması üçün həyata keçirilən ardıcıl siyasətə görə ölkə başçımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Həmçinin daim qazilərə və şəhid ailələrinə diqqət və hörmətlə yanaşan, qayğısını əsirgəməyən rayon rəhbərliyinə də minnətdarlığımı ifadə edirəm.
Ümid edirəm ki, bundan sonra ölkəmiz heç vaxt müharibə sınağı ilə üz-üzə qalmaz. Azərbaycan xalqı artıq öz gücünü, iradəsini və qəhrəmanlığını bütün dünyaya sübut edib. İndi əsas məqsədimiz əldə olunan Zəfəri qorumaq, sülh şəraitində yaşamaq, Vətənimizi daha da inkişaf etdirməkdir.
Müsahibəyə görə təşəkkür edirik.
***
Müharibədən Zəfərə aparan yol
44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi, eyni zamanda, xalqımızın qələbə əzminin bir daha əyani təsdiqi oldu. 44 gün davam edən müharibədə xalqımızın vətənpərvər, hünərli oğulları Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edərək, uzun illərin həsrətinə son qoydular. Döyüşlərdən zəfərlə qayıdıb qazi adını şərəflə daşıyan Vətənin belə mərd oğullarından olan Zamir Əjdər oğlu Qədimov ilə həmsöhbət olduq.
1. Müsahibəmizə başlamazdan qabaq sizi daha yaxından tanıyaq. Zəhmət olmasa, özünüzü təqdim edin. Müharibə dövründə keçdiyiniz döyüş yolunu necə xatırlayırsınız? Hansı istiqamətlərdə döyüşmüsünüz? Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu?
Mən Qədimov Zamir Əjdər oğlu Qusar rayonunun Yuxarı Zeyxur kəndində yaşayıram. II Qarabağ müharibəsi qazisiyəm.
44 günlük Vətən müharibəsi zamanı 1 aya yaxın təlimlərimiz oldu. Sentyabrın 27-də səhər saatlarında döyüş başladı. Bizə verilən komanda əsasında 3 yerdən mühəndis istehkamlarını yardıq, bölmələrlə birlikdə həm döyüşdük, həm minaları təmizlədik. Mühəndis istehkam maneələrinin hamısını aşdıq və quru, piyada və digər artileriya bölmələri üçün tam yol açdıq. Suqovuşan, Talışkənd, Murov istiqamətləri üzrə yolları tam açmışdıq. Mühəndis istehkamları yarıldıqdan sonra digər kəşfiyyat və quru bölmələr, döyüş texnikaları bizdən sonra hərəkət edirdilər. Minaları təmizləməklə yanaşı, gecə düşmənə qarşı mina istehkamları qururduq. Murovdağ istiqamətində qurduğum mina istehkamları nəticəsində düşmənin 10 nəfərdən çox şəxsi heyəti məhv olmuşdu, bir zirehli texnika yarasız hala düşmüşdü.
Oktyabrın 2-si Murov istiqamətində, Gülüstan meşəsində minaları təmizləyirdik. Bu zaman düşmən tərəfindən mərmi atıldı. Orada minalar xırda və yüngül olduğundan bəzən yerlərini dəyişə bilir. Yarpaqların arasında minanı görmədik. Döyüş yoldaşım ayağını minaya basmaqla şəhid oldu. Bu zaman partlayışın təzyiqi ilə mən də ayağımdan yaralandım. Şəhidi Qax rayonuna yola saldılar. Məni isə Naftalandakı “Çinar” sanatoriyasına apardılar, ayağım amputasiya olundu. Daha sonra Gəncəyə təxliyə edildim, ardınca Bakıda özəl klinikaların birində tam müalicə alaraq evə buraxıldım.
2. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə xəbərini aldığınız zaman hansı hissləri keçirdiniz?
Qələbə xəbərini aldığım an həyatım boyu unuda bilməyəcəyim bir an idi. Həmin vaxt doğma kəndimdə idim. Xəbəri eşidəndə qəlbimdə həm sonsuz qürur, həm də dərin kədər hissi bir-birinə qarışdı. Bir tərəfdən illərlə həsrətini çəkdiyimiz torpaqların azad olunması, xalqımızın bir yumruq kimi birləşərək tarix yazması insanı qürurlandırırdı. Digər tərəfdən isə bu zəfərin müqəddəs qan bahasına başa gəldiyini, itirdiyim döyüş yoldaşlarımı xatırladıqca kədər hissi keçirirdim.
Bu qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətinin, Azərbaycan xalqının milli birliyinin, Ordumuzun şücaətinin təntənəsidir.
3.Müharibədən sonra həm fiziki, həm psixoloji olaraq hansı çətinliklərlə qarşılaşdınız? Bu çətinlikləri aradan qaldırmaq və cəmiyyətə yenidən adaptasiya olmaq prosesində dövlətimizin təqdim etdiyi sosial, tibbi və psixoloji dəstək imkanlarından necə yararlandınız?
Döyüşlər zamanı yaralanmışdım, bir neçə dəfə əməliyyat keçirdim. Müalicə prosesim davam edir. Dövlətimizin dəstəyi bu dövrdə mənim üçün çox böyük dayaq oldu. ‘YAŞAT’ Fondunun dəstəyi, sığorta proqramları, həmçinin göstərilən tibbi xidmətlər sayəsində müalicələrim vaxtında və yüksək səviyyədə aparıldı.
Psixoloji baxımdan isə mən özümü həmişə güclü saxlamışam. Ruhdan düşmədim, çünki biz qazilər üçün əsas olan Vətənin azadlığı idi. Hər dəfə tədbirlərə dəvət olunanda, gənclərlə, məktəblilərlə görüşəndə o günləri xatırlayıram və fəxr hissi keçirirəm.
Bu yaxınlarda ailəmlə birlikdə Xankəndində oldum. Azad edilmiş o torpaqlarda gəzmək, o şəhərləri öz gözlərimlə görmək mənim üçün sözlə ifadə olunmaz hiss idi. Mənim də o torpaqların azad olunmasına töhfəm olub və bu, mənim həyatımın ən böyük qürurudur.
Mən 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə getdim və orada qalaraq hərbçi kimi fəaliyyətə başladım. Artıq 14 ildir ki, Vətənə xidmət edirəm. Müharibəyə də hərbçi olaraq qatıldım. Bu illər ərzində xidmətimə görə bir sıra medallarla təltif olunmuşam: “Azərbaycan Ordusunun 90 illiyi”, “Azərbaycan Ordusunun 95 illiyi”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə”, eləcə də “Qüsursuz xidmətə görə – 10 illik” medalları mənim əməyimə dövlət tərəfindən verilən dəyərin bariz nümunəsidir.
Mən öz adımdan, digər qazi yoldaşlarımın adından bizlərə, həmçinin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçımız cənab İlham Əliyevə, rayonumuzun rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.
Arzum odur ki, bir daha müharibə olmasın. Qoy xalqımız daim sülh, əmin-amanlıq və firavanlıq içində yaşasın.
***
Vətən uğrunda döyüşənlər: 44 günlük Zəfər tarixi
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligö

rünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.
Müsahibimiz belə qəhrəman Vətən oğullarından biri, İkinci Qarabağ müharibəsi əlili İlkin Abuyevdir.
1. Müsahibəmizə təqdimatdan başlayaq.
Mən İlkin Abuyev Elxan oğlu 1998-ci il avqustun 29-da Qusar rayonunun Atlıxan kəndində anadan olmuşam. Orta təhsilimi başa çatdırdıqdan sonra müddətli həqiqi hərbi xidmətimi 2016-2018-ci illərdə Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçmişəm. Hərbiyə hələ uşaq yaşlarından marağım var idi. Bu səbəbdən Daxili Qoşunların Hacıqabul rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tədbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətənə xidmətimi davam etdirmişəm.
2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Foça Jandarma Komando Mərkəzində xüsusi təyinatlılar üçün komando təməl kursunu keçmişəm.
2020-ci ilin fevral ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin “Gürzə” xüsusi təyinatlı dəstəsində xidmətimi davam etdirmişəm.
2. 44 günlük Vətən müharibəsinin hər günü bir tarix idi. Siz bu tarixin bir parçası olmusunuz. İstərdik ki, döyüş yolunuz barədə də danışasınız — hansı istiqamətlərdə döyüşmüsünüz, hansı əməliyyatlarda iştirak etmisiniz? Siz bu müharibənin gedişində yaşadığınız ən ağır, eyni zamanda ən qürurverici anı necə xatırlayırsınız?
44 günlük Vətən müharibəsində cəbhənin Füzuli, Hadrut, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. İlk döyüşüm 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində olub. Burada düşmənin “Beton post” deyilən mövqeləri istiqamətində baş vermiş şiddətli döyüşdə döyüş yoldaşım şəhid oldu. İlk şəhidimiz məhz Füzuliyə girişimiz zamanı oldu. Bütün çətinliklərə baxmayaraq, düşməni məhv edərək strateji əhəmiyyətli mövqelərini ələ keçirməyə müvəffəq olduq. Bundan sonrakı döyüş tapşırığımız isə Şuşanın azad olunması oldu.
Noyabr ayının 5-dən 6-na keçən gecə olduğumuz mövqelər və ətraf ərazilər ermənilər tərəfindən tanklardan, müxtəlif çaplı silahlardan, minaatanlardan güclü atəşə məruz qaldı. Bu vaxt yerimi dəyişmək istəyərkən sol qolumdan ağır yaralandım. Döyüş yoldaşlarım elə ordaca mənə ilkin tibbi yardım göstərdilər. Sonra döyüşçü yoldaşlarımın köməyi ilə məni yaralılarımızın saxlanıldığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra, noyabrın 8-i axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, burada tibbi yardım göstərildikdən sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində Diaqnostika Mərkəzinə, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər.
Müharibə zamanı ağır yara aldım. Lakin məni ən çox sarsıdan döyüş meydanında silahdaşlarımın yanımda şəhid olması idi. Bu ağrını sözlə ifadə etmək çətindir. Zamanla bədən sağalır, amma ruhdakı izlər silinmir. Zaman keçdikcə bu hisslərə alışırsan. Çünki anlayırsan ki, müharibə şəraitində hər bir an sonuncu ola bilər, hər an şəhid ola bilərsən. Bu düşüncə bir növ səni daha da möhkəmləndirir, döyüş əzmini artırır.
Hər keçən gün düşmənə qarşı nifrətimiz, eyni zamanda torpaqlarımızı azad etmək əzmimiz daha da güclənirdi. Müharibənin ən ağır anlarında belə, içimizdə bir inam var idi: Vətən mütləq qalib gələcək.
Mənim üçün müharibənin ən sevincli anı Şuşanın azad edilməsi, müharibənin bitməsi xəbərini eşitdiyim gün idi. Noyabrın 8-də axşam saatlarında bizə xəbər verdilər ki, Şuşa şəhəri alındı, müharibə başa çatdı. O zaman yaşadığım sevinc hissini sözlə ifadə etmək çətindir.
3. Müharibədən sonrakı dövr, qazilər üçün çox vaxt həm psixoloji adaptasiya, həm də sosial inteqrasiya mərhələsidir. Siz bu keçidi hansı təcrübələrlə yaşamısınız?
Müharibədən sonrakı dövr, sözsüz ki, heç kəs üçün asan olmadı. Çox qazilərimiz psixoloji travma yaşadılar. Əslində, döyüşdə olan hər bir insan müəyyən dərəcədə bu vəziyyəti yaşayır. O qədər itki, ölüm səhnələri görürsən ki, bu təbii olaraq insana təsir edir.
Mən uzun müddət yuxusuzluqdan əziyyət çəkirdim. Gecələr yata bilməmək artıq vərdiş halını almışdı. Psixoloji vəziyyətimi bərpa etmək üçün özüm-özümlə mübarizə aparmağa başladım. Dərmanlardan uzaq qalmağa çalışdım, çünki onların çox istifadəsi asılılıq yaradır. Mən çalışdım ki, daxildən, düşüncələrimlə özümü müalicə edim.
İxtisasca müəlliməm. Hazırda Qusar rayonunun Atlıxan kənd tam orta ümumtəhsil məktəbində Gənclərin Çağırışaqədərki Hərbi Hazırlığı fənnini tədris edirəm. Uşaqlarla işləmək mənə həyatı yenidən sevdirdi. Əgər psixoloji cəhətdən özümə qalib gələ bilməsəydim, məktəb mühitinə qayıtmağım mümkün olmazdı.
Düşünürəm ki, hər bir müharibə iştirakçısının müharibədən sonrakı həyatı bir növ özünü yenidən tapmaq mərhələsidir. Mən də bu mərhələni daxili güc, səbr və işimə olan sevgim sayəsində keçdim.
4. Azərbaycan dövləti bu gün şəhid ailələrinin, qazilərin və müharibə əlillərinin sosial müdafiəsini milli prioritet səviyyəsinə qaldırıb. Siz bu qayğını həm öz təcrübənizdə, həm də ətrafınızdakı bu kateqoriyadan olan insanların həyatında necə hiss etmisiniz? Dövlətin bu sahədə həyata keçirdiyi dəstək mexanizmlərini hansı məqamda xüsusilə önəmli sayırsınız?
Bu gün dövlət tərəfindən biz qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğını hər addımda hiss edirik. Mən özüm dəfələrlə sanatoriyalara göndərilmişəm — orada həm müalicə, həm də istirahət üçün hər cür şərait yaradılır və bütün xidmətlər pulsuz təqdim olunur.
Bundan başqa, mütəmadi olaraq bizlərə tibbi və psixoloji yardım göstərilir. Xüsusilə 4 oktyabr tarixində Qusar Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilər üçün təşkil edilmiş tibbi müayinə aksiyasını qeyd etmək istəyirəm.
Sosial təminat tədbirləri çərçivəsində bizlərə maddi yardımlar da edilir. Qusar Rayon İcra Hakimiyyəti tərəfindən hər rübdə bizlərə maddi yardım göstərilir. Problem və qayğılarımızla mütəmadi olaraq maraqlanırlar. Rayon rəhbərliyi məni mütəmadi olaraq tədbirlərə dəvət edir, iştirak üçün şərait yaradırlar. Bu mənim ictimai həyatla bağlılığımı daha da artırır. Bütün dövlət müəssisələrində bizlərə növbədənkənar xidmət göstərilir. Dövlətimizin bu qayğısı bizə özümüzü daha dəyərli hiss etməyimizə səbəb olur.
Mən biz müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Şübhəsiz ki, Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində parlaq qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Mən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuşam. Bu medallar Vətən qarşısında xidmətimin dövlət tərəfindən yüksək qiymətləndirildiyinin təsdiqidir.
Biz müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə eyni zamanda rayon rəhbərliyinə də dərin minnətdarlığımı bildirirəm. Bu bizlərə həm ruh yüksəkliyi verir, həm də cəmiyyətin dəyərli bir üzvü olduğumuzu hiss etdirir.
5. Müharibə zamanı göstərilən şücaət birmənalı qəhrəmanlıq nümunəsidir, sizin fikrinizcə, qazilik missiyası döyüş meydanından kənarda — cəmiyyətin mənəvi dirçəlişi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından hansı mənəvi və ictimai məsuliyyəti özündə ehtiva edir? Vətən sevgisi, azadlıq ideyası və dövlətçilik ruhu yeni nəsillərdə hansı yollarla daha möhkəm formalaşdırıla bilər?
Mən iştirak etdiyim müxtəlif tədbirlərdə və gənclərlə iş zamanı qazilik missiyasının yalnız döyüş meydanında deyil, ictimai həyatda, cəmiyyətin mənəvi dirçəlişində və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində də böyük rol oynadığını görürəm. İnsanlar, əsasən də rayon əhalisi məni tanıyırlar. Geyindiyim hərbi formanı ciddiyyətlə daşımağım, məsuliyyətimi dərk etməyim, həm də gənclərə nümunə olmaq mənim üçün vacibdir.
Gənclərlə işimdə, fənnimi tədris edərkən daim vurğulayıram ki, Vətən sevgisi, azadlıq ideyası və dövlətçilik ruhu sadəcə sözlə deyil, hərəkət və nümunə ilə təbliğ edilməlidir. Hər bir sözümüz, hər bir davranışımız gənclərdə Vətənə sevgi və hörmət hissi yaratmalıdır ki, gənclər hərbi xidmətə gedərkən Vətən qarşısında bu borclarını qorxu və ya məcburiyyətlə yox, sevgi və qürurla yerinə yetirsinlər.
Biz yalnız öz Vətənimizi qorumaqla kifayətlənmirik; həm də gənclərə nümunə göstəririk, onların vətənpərvər, milli dəyərlərə bağlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə töhfə veririk. Bu, hər bir qazinin həyatında önəmli vəzifələrdən biridir və cəmiyyətin gələcək inkişafına birbaşa təsir edir. Bundan sonra da cəmiyyət qarşısında, ictimai həyatda məsuliyyətimizi dərk edərək, gənc nəsilə nümunə olmağa, cəmiyyətimiz üçün faydalı vətəndaş olmağa çalışacağıq.
Müsahibəyə görə təşəkkür edir və gələcək həyatınızda, fəaliyyətinizdə uğurlar arzu edirik.
***
Qusar rayonunda şəhid ailələri, müharibə əlilləri, veteranların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Bu gün dövlət siyasətimizin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin hərtərəfli sosial müdafiəsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu kateqoriyadan olan vətəndaşların rifahının yüksəldilməsi, reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Müsahibimiz Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Hörmətov Canəli Səbiyulla oğludur.
1. Müsahibəmizə başlamazdan əvvəl özünüz haqqında məlumat verməyinizi xahiş edərdik
Mən, Hörmətov Canəli Səbiyulla oğlu, 1975-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində dünyaya gəlmişəm. 1993-cü ildə Azərbaycan Respublikasının Milli Ordu sıralarına daxil olmuş və 1994-cü ilin oktyabr ayından Bakı şəhərində hərbi təlimlərdə iştirak etmişəm. 1994-cü ilin yanvar ayından 172 saylı briqadanın tərkibində Füzuli istiqamətinə cəbhəyə yola düşərək Balabəhmənli, Böyükbəhmənli, Kərimbəyli, Şükürbəyli, Horadiz istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Kəlbəcər, Murovdağ istiqamətində də döyüş yolu keçmiş, 1994-cü il fevralın 12-də Yanşak istiqamətində Meydançay adlanan ərazidə, mühasirədə qeyri-bərabər döyüş zamanı yaralanmışam. Aldığım travma səbəbindən hərbi xidmətdən təxris olunmuş və mənə əlillik dərəcəsi təyin edilmişdir. 2005-ci ildən ictimai fəaliyyətə başlamışam, 2010-cu ildən isə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri vəzifəsində çalışıram.
2. Siz Birinci Qarabağ müharibəsinin iştirakçısı, eyni zamanda həmin dövrün ağrı-acılarını yaşamış bir qazisiniz. O illərin xatirələrinə bu gün – qalib Azərbaycanın vətəndaşı kimi – baxanda hansı hissləri keçirirsiniz? I Qarabağ müharibəsi və 44 günlük müharibədə qazandığımız parlaq qələbə sizdə bir vətəndaş kimi hansı dəyərləri formalaşdırdı və bu təcrübə bu gün ictimai fəaliyyətinizdə sizə nə cür yol göstərir?
O illərə xəyalən qayıtdığım zaman, eyni anda həm dərin kədər, həm də ölçüyəgəlməz qürur hissi keçirirəm. Qürur hissi ona görədir ki, biz, Azərbaycan gəncləri və əsgərləri torpaqlarımızın müdafiəsində dönməz əzmkarlıq və iradə nümayiş etdirmişik. Kədər isə itirilmiş yoldaşlarımız, yaralanmış əsgərlər və gözəl ömrün həsrətini çəkdiyimiz anlarla bağlıdır — bu xatirələr hər zaman mənim yaddaşımda canlı qalacaq.
2020-ci il sentyabrın ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda mən də hər bir vətənpərvər kimi bu çağırışa biganə qala bilmədim. Könüllü olaraq cəbhəyə yazıldım və eyni zamanda döyüş bölgələrinə humanitar yardımın çatdırılmasında iştirak etdim. O günlərdə məqsədimiz bir idi – Vətənin müdafiəsində əlimizdən gələni etmək, ön cəbhədəki əsgərlərimizə həm mənəvi, həm də maddi dayaq olmaq.
Birinci Qarabağ müharibəsi zamanı hərbi resurslar məhdud, silah və texniki təminat kifayət qədər deyildi, vahid komandanlıq sistemi tam formalaşmamışdı və ixtisaslı kadr zabitlərin çatışmazlığı hiss olunurdu. Buna baxmayaraq, biz bütün bu çətinliklərə rəğmən döyüş meydanında Vətənin müdafiəsində dönməz əzmkarlıq və fədakarlıq nümayiş etdirdik. I Qarabağ müharibəsinin iştirakçısı olmağım mənim üçün təkcə tarixi bir hadisə deyil, həm də vətənpərvərlik və ictimai məsuliyyətin canlı nümunəsi oldu, məndə vətənpərvərlik, milli həmrəylik, fədəkarlıq və qəhrəmanlıq dəyərlərini formalaşdırdı.
Bu dəyərlər, qazandığım təcrübə ictimai fəaliyyətimdə mənim üçün prinsipial yol göstəricidir. Hazırda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri olaraq, şəhid ailələri, müharibə əlilləri, veteranlar ilə bilavasitə işləyirəm. Müharibədə iştirak etmiş biri kimi onların problemlərini, ehtiyaclarını və gündəlik həyatdakı çətinliklərini daha dərindən başa düşürəm.
3. Rəhbərlik etdiyiniz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsi bu gün hansı əsas istiqamətlərdə fəaliyyət göstərir? Birliyin həm şəhid ailələrinin sosial-məişət problemlərinin həlli, həm də müharibə əlillərinin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verməyinizi xahiş edərdik.
Rəhbərlik etdiyim Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsi hazırda şəhid ailələrinin və müharibə əlillərinin, veteranların sosial-məişət problemlərinin həlli, onların reabilitasiyası, psixoloji dəstəyi və cəmiyyətə inteqrasiyası istiqamətində fəaliyyət göstərir. Keçən il birliyin təşəbbüsü ilə 70-ə yaxın şəhid ailəsinin üzvü, müharibə əlili və veteranımız müalicə, reabilitasiya məqsədilə Quba Şahdağ Truskavets Sanatoriyasına yola salınmışdır.
Gələcəkdə planlarımız arasında işğaldan azad edilmiş ərazilərimizə şəhidlərimizin və müharibə əlillərinin övladları üçün səfərlərin təşkili əsas yer tutur.
Bundan sonra da şəhid ailələri, müharibə əlilləri, qazilərimizin sosial-məişət problemlərinin həlli, hüquqi dəstəyin göstərilməsi, onların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, psixoloji və sosial reabilitasiyası istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
4. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı sahəsində ardıcıl, sistemli islahatlar həyata keçirilir. Qusar rayonunda bu siyasət necə həyata keçirilir?
Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Qusar rayonunda da bu dövlət siyasəti ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılır. Son illərdə rayonda şəhid ailələrinin, müharibə iştirakçılarının, qazilərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, reabilitasiyası istiqamətində genişmiqyaslı işlər görülüb.
Belə ki, bu kateqoriyadan olan, sağlamlıq imkanları əmək fəaliyyətinə imkan verən şəxslər üçün həm dövlət, həm də özəl sektorda iş yerlərinin ayrılması, ixtisaslarına uyğun məşğulluq proqramlarına cəlb olunması məsələsi diqqətdə saxlanılır. Həmçinin Qusar şəhərində şəhid ailələri üçün fərdi evlərin tikintisi istiqamətində ilkin tədbirlər görülüb, müvafiq sənədləşmə işləri davam etdirilir.
Qusar Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər rübdə bu kateqoriyadan olan ailələrə maddi yardımlar ayrılır, müxtəlif dəstək mexanizmləri tədbiq edilir. Eyni zamanda, İcra Hakimiyyətinin rəhbərliyi və müvafiq struktur bölmələri, rəhbərlik etdiyim ictimai birlik tərəfindən bu ailələrlə mütəmadi görüşlər keçirilir, onların problemləri yerində dinlənilir və operativ qaydada həll olunur. Bayram və anım günlərində, onların yaşadıqları ünvanlar ziyarət olunur, ailələrə mənəvi dəstək göstərilir, ehtiyacları yerindəcə qeydə alınaraq tədbirlər görülür.
Qusar rayonunda mütəmadi olaraq keçirilən vətənpərvərlik tədbirləri, şəhidlərimizin anım mərasimləri, şagirdlərlə maarifləndirici görüşlər, ictimai layihələr bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət, qayğı, ehtiramın bariz göstəricisidir.
***
Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları dövlətin davamlı qayğı və dəstəyi ilə əhatə olunublar
Şəhidlər hər bir xalqın qəhrəmanlıq simvoludur. Onlar Vətən uğrunda canlarını fəda edərək gələcək nəsillərə sülh və azadlıq bəxş ediblər. Azərbaycanın tarixi və müasir dövründə şəhidlik zirvəsi, Vətənə bağlılığın
ən yüksək nümunəsi kimi daim hörmətlə yad edilir.
Şəhid ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Onların hüquq və sosial müdafiəsi təmin edilir, həmçinin cəmiyyət tərəfindən dərin ehtiram göstərilir. Bu mənada, onların gündəlik həyatı, dövlət orqanlarının bu istiqamətdə fəaliyyəti ilə bağlı təcrübələr önəmli bir mövzudur.
Bu mövzu ətrafında Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nəsirli Səfərbəyova Röyalə Əjdər qızı ilə həmsöhbət olduq.
Müsahibəni təqdim edirik.
1. Həm şəhid bacısı, həm də Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş üzrə məsul şəxs kimi, şəhid ailələri ilə işləmək sizə hansı hissləri yaşadır? Şəhid ailəsi olmaq sizə həm şəxsi, həm də peşəkar həyatda nə kimi güc verib?
Şəhid ailələri ilə işləmək mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. Şəhid bacısı kimi, onların dərdlərini, sevinclərini daha dərindən anlayıram. Şəhid qardaşım Müşfiq Nəsirovun adı mənim üçün daim canlıdır və onun kimi qəhrəmanların xatirəsini yaşatmaq, ailələrinə dəstək olmaq mənim həyatımın ən önəmli missiyalarından biridir. Bu iş mənə onların yanında olduğumu hiss etdirir və hər gün onlara dəstək olmaq, dərdlərini, kədərini anlamaq, onları tək qoymamaq, həmrəylik göstərmək üçün güc verir. Şəhid ailəsi olmaq mənə həm şəxsi, həm də peşəkar həyatda böyük güc, əzmkarlıq və məsuliyyət hissi verib. Qardaşımın ruhu mənə hər zaman dəstək olur, onun xatirəsini yaşatmaq və onun yolunu davam etdirmək üçün mənə motivasiya verir. Bu, həm də işimdə şəhid ailələrinə daha həssas, qayğıkeş yanaşmağımın əsas səbəbidir.
2. Bu sahədə üzləşdiyiniz çətinliklər və onların həlli yolları barədə nə deyə bilərsiniz?
Bu işdə çətinliklər çox olur, çünki hər ailənin dərdi, ehtiyacı fərqlidir. Amma biz daim çalışırıq ki, onların problemlərinə həssas yanaşaq və mümkün qədər kömək edək. Ümumiyyətlə, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin borcudur. Onların sosial, mənəvi və maddi ehtiyaclarının tam qarşılanması, bəzən uzun və mürəkkəb hüquqi prosedurlar üzündən çətinliklər yaradır. Lakin biz Qusar Rayon İcra Hakimiyyəti olaraq, onların problemlərini operativ həll etmək üçün çalışır, aidiyyəti qurumlarla sıx əməkdaşlıq edirik.
3. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət barədə nə deyə bilərsiniz?
Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaət Azərbaycan xalqının birlik və həmrəyliyinin ən gözəl nümunəsidir. Biz çoxmillətli və çoxdilli bir ölkə olaraq, azsaylı xalqlarımızla birlikdə, qardaşlıq və qarşılıqlı hörmət içində yaşamaqdayıq. Bu birliyin gücü sayəsində, müxtəlif millətlərdən olan igidlərimiz birlikdə döyüşərək ölkəmizin azadlığı uğrunda canlarını fəda etdilər. Onların hər biri bizim qürur mənbəyimizdir və bu birlik göstərir ki, Azərbaycan güclüdür, çünki biz bir-birimizə dayaqıq və hər zaman Vətənimizin müdafiəsində birləşirik. Əsgərlərimizin hər bir addımı, döyüş meydanında göstərdiyi birlik və həmrəylik, Vətən sevgisi bizlərə əbədi örnəkdir.
4. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün Qusar Rayon İcra Hakimiyyəti tərəfindən hansı dəstək tədbirləri həyata keçirilir?
Qusar Rayon İcra Hakimiyyəti olaraq şəhid ailələri, qazilər və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərmək bizim ən vacib vəzifələrimizdən biridir. Bu istiqamətdə həm maddi, həm də mənəvi dəstək tədbirləri mütəmadi şəkildə həyata keçirilir. Hər rübdə bu kateqoriyadan olan ailələrə maddi yardımlar ayrılır, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün mümkün dəstək göstərilir. Eyni zamanda, onların problemlərinin dinlənilməsi və operativ həlli üçün daim əlaqə saxlanılır, yerində görüşlər keçirilir. Həmçinin, Qusar şəhərində şəhid ailələri üçün fərdi evlərin tikintisi istiqamətində ilkin tədbirlər görülüb, müvafiq sənədləşmə işləri davam etdirilir. Onu da bildirim ki, Rayon İcra Hakimiyyətinin tabeliyində olan müəssisələrdə işlə təmin olunan şəhid ailəsi üzvləri də var. Bayram və anım günlərində, onların yaşadıqları ünvanlar ziyarət olunur, ailələrə mənəvi dəstək göstərilir, ehtiyacları yerindəcə qeydə alınaraq tədbirlər görülür. Bu istiqamətdə fəaliyyətimiz davamlıdır və məqsədimiz onlara dövlətin və cəmiyyətin daim diqqət mərkəzində olduqlarını hiss etdirməkdir.
5. Qusar rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?
Rayonumuzda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün mühüm işlər görülür. Qəhrəmanlarımızın şərəfinə bu yaxınlarda Qusar rayonunun Heydər Əliyev prospektində “Şəhidlərin Xatirə Guşəsi” salınmışdır.
Həmçinin, Qusar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda olan bəzi adsız küçələrə 44 nəfər Vətən Müharibəsi şəhidlərinin adları verilmişdir. Bu tədbirlər şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə ötürür.
6. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətən Müharibəsi, şəhidlərimizin həyat və döyüş yolu barədə ətraflı məlumatlandırılması üçün hansı addımlar atılır?
Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələri və qazilərlə məktəblərdə görüşlər təşkil olunur, tədbirlər keçirilir, onların həyat hekayələri şagirdlərə örnək olaraq təqdim edilir. Həmçinin rayonumuzda yerləşən ümumtəhsil müəssisələrində Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş guşələr yaradılıb.
Maarifləndirmə sahəsində kütləvi informasiya vasitələri və sosial media platformalarında yayılan təbliğat və maarifləndirmə materialları da xüsusi rol oynayır.
***
Suverenliyə aparan yol: Antiterror əməliyyatlarının tarixi
Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Məhz uğurla aparılan həmin əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağı yüksəldildi, ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi.
Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazıldı. Respublikamızın suverenliyi tam təmin olundu, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa edildi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərpa olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il sentyabrın 19-da imzalanan "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
Bu mövzuda Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Allahverdiyev Turab Yagir oğlu həmsöhbət olduq.
1. Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri milli dövlətçilik ideologiyası, milli təhlükəsizlik siyasəti baxımından hansı tarixi mərhələni ifadə edir?
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri milli dövlətçilik ideologiyasında və milli təhlükəsizlik siyasətində yeni tarixi mərhələni ifadə edir. İlk növbədə, bu əməliyyat dövlətin suveren hüququnun praktiki reallaşdırılması oldu. Uzun illər ərzində Azərbaycanın beynəlxalq hüquqla təsdiqlənmiş ərazilərində qanunsuz hərbi birləşmələrin mövcudluğu yalnız ərazi bütövlüyünə deyil, həm də dövlətin siyasi legitimliyinə təhdid idi. Antiterror tədbirləri bu qeyri-müəyyənliyə son qoydu və dövlətin tam suverenliyini bərpa etdi.
İkincisi, əməliyyat milli təhlükəsizlik siyasətində strateji dönüş nöqtəsi oldu. Azərbaycan dövləti göstərdi ki, təhlükəsizlik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır; bu, həm də dövlətin idarəetmə sisteminin bütövlüyü, ictimai asayişin təminatı və vətəndaşların təhlükəsizliyinin qorunması deməkdir. Antiterror tədbirləri məhz bu komponentləri özündə birləşdirdi: qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai nizam bərqərar olundu və mülki əhali təhlükəsizliyə qovuşdu.
Üçüncüsü, bu əməliyyat milli dövlətçilik ideologiyasında tarixi ədalətin bərpası kimi qəbul edilir. Azərbaycan xalqının kollektiv yaddaşında Qarabağ uzun illər işğal ağrısı ilə assosiasiya olunurdu. Antiterror tədbirləri həmin tarixi ədalətsizliyə son qoydu, “yarımçıq qalmış missiya”nı tamamladı və milli kimliyin ayrılmaz parçası olan Qarabağın bütövlükdə dövlət idarəçiliyinə inteqrasiyasını təmin etdi.
Nəhayət, bu mərhələ gələcək nəsillər üçün yeni ideoloji baza formalaşdırır. Antiterror əməliyyatı həm Azərbaycan Ordusunun gücünü, həm də xalqın birliyini nümayiş etdirdi. Dövlətçilik ideologiyasında bu, “qətiyyət və milli həmrəylik” modelinin təsdiqi deməkdir. Yəni Azərbaycan göstərdi ki, milli maraqlar təhlükə altına düşdükdə dövlət və cəmiyyət bir amal uğrunda vahid mövqedən çıxış edə bilir.
2. Azərbaycan əsgərlərinin Qarabağda həyata keçirilən antiterror tədbirlərində nümayiş etdirdiyi peşəkarlıq və mənəvi iradə, hər şeydən əvvəl, ordumuzun son keçdiyi inkişaf yolunun və aparılan hərtərəfli islahatların təntənəli nəticəsi oldu.
Ordunun yüksək döyüş hazırlığı, müasir texnologiyalara əsaslanan idarəetmə və koordinasiya imkanları əməliyyatların cəmi bir gün ərzində uğurla başa çatdırılmasına şərait yaratdı. Əsgərlər verilən tapşırıqları dəqiq icra etməklə yanaşı, döyüş meydanında operativ dəyişikliklərə çevik uyğunlaşdı. Bu, peşəkarlığın ən yüksək göstəricisidir.
Azərbaycan əsgərinin döyüş meydanında ortaya qoyduğu fədakarlıq, dövlət başçısının siyasi iradəsi ilə sıx vəhdət təşkil etdi. Əsgərlərimiz təkcə hərbi əməliyyat aparmır, həm də tarixi ədaləti bərpa edirdilər. Bu mənada, onların mənəvi iradəsi ordunun “dəmir yumruq” konsepsiyasının ideoloji dayağına çevrildi.
Döyüş əməliyyatlarının planlı, ardıcıl və yüksək koordinasiyalı şəkildə icrası göstərdi ki, Azərbaycan ordusu vahid strateji mərkəzdən idarə olunur. Burada Ali Baş Komandanın siyasi qətiyyəti ilə hərbi rəhbərliyin peşəkar fəaliyyəti arasında tam uyğunluq var idi.
Əsgərlərin döyüş ruhunu gücləndirən əsas amillərdən biri də cəmiyyətin onlara verdiyi dəstək idi. Xalqın əsgərə inamı və mənəvi dayağı döyüş meydanında ordunun sarsılmaz ruhunun əsas mənbəyinə çevrildi.
3. Qarabağda həyata keçirilmiş antiterror tədbirlərinin yekun nəticələrini strateji, siyasi və sosial baxımdan qiymətləndirərkən, bu nəticələr bu günkü Azərbaycanın təhlükəsizlik, iqtisadi və sosial inkişaf perspektivlərinə necə təsir göstərir?
Strateji baxımdan, antiterror əməliyyatları dövlətin suverenliyinin və ərazi bütövlüyünün bərpasını təmin etməklə, ölkənin təhlükəsizlik arxitekturasında fundamental dəyişikliklər yaratdı. Qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi yalnız hərbi qələbə deyil, həm də Azərbaycan ordusunun peşəkarlığını, operativliyini və koordinasiya bacarıqlarını göstərdi. Bu, gələcəkdə təhlükəsizlik tədbirlərinin effektivliyini artırmaq və regionda sülhün davamlı təminatını təmin etmək üçün mühüm baza rolunu oynayır.
Siyasi baxımdan, əməliyyat Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan suveren mövqeyini təsdiqlədi. Dövlətin qanuni sərhədlərində idarəetmənin bərpası, həm də daxili siyasi legitimliyi gücləndirdi. Bu, xalqın dövlətə inamını daha da möhkəmləndirdi, milli həmrəyliyi artırdı və regionda Azərbaycanın diplomatik mövqeyini daha da möhkəmləndirdi.
Sosial baxımdan isə əməliyyatın nəticələri çoxşaxəlidir. Ərazi bütövlüyünün təmin olunması ilə bölgədə sabitlik yarandı, köçkünlərin mərhələli şəkildə geri dönüşü və ictimai həyatın normallaşması mümkün oldu. Şəhid ailələri və qazilərin sosial müdafiəsi üçün dövlət tərəfindən yeni proqramlar həyata keçirildi, gənc nəsil üçün isə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində yeni imkanlar açıldı.
Bu nəticələrin bu günkü Azərbaycanın inkişaf perspektivlərinə təsiri olduqca əhəmiyyətlidir. Təhlükəsizlik mühitinin möhkəmlənməsi ölkədə sərmayə yatırımlarını cəlb edir, iqtisadi infrastrukturun bərpası və inkişafı üçün sabit zəmin yaradır, kənd təsərrüfatı və turizm sahələrinin sürətlə inkişaf etməsinə şərait yaradır. Eyni zamanda, sosial sabitlik və regional inteqrasiya imkanları gənc nəsli milli-mənəvi dəyərlərə bağlayır, vətənpərvərlik ideyasını gündəlik həyatın ayrılmaz hissəsinə çevirir.
4. Qusar rayonunun antiterror əməliyyatlarında iştirakı necə olmuşdur və bu əməliyyatlarda rayonumuzdan neçə şəhid vermişik?
Antiterror əməliyyatları zamanı Qusar rayonundan bir neçə hərbi qulluqçumuz şəhid olub.
Onların döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət yüksək qiymətləndirilərək ölümlərindən sonra orden və medallarla təltif olunublar. Şəhid İsgəndərov Murad Əlağa oğlu 3-cü dərəcəli “Vətənə Xidmətlərə görə” ordeni və “Vətən uğrunda” medalı ilə, şəhid Məmmədəliyev Niyazi Samir oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Laçının azad olunmasına görə medalı, Vətən uğrunda medalı ilə, şəhid MAXE Nurməhəmmədov Ramazan Nurəhmədoviç 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən müharibəsi iştirakçısı” medalı, Xocavəndin azad olunmasına görə medalı, Füzulinin azad olunmasına görə medalı, Vətən uğrunda medalı ilə, şəhid Baş Gizir Cəfərov Oleg Qlıç oğlu 3-cü dərəcəli “Vətənə xidmətlərə görə” ordeni, Vətən uğurunda medalı ilə, şəhid MAXE Heybətov Sergey Ramin oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Vətən uğurunda medalı ilə təltif olunublar.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Müsahibəyə görə təşəkkür edirik. ***
Məşğulluq və sosial müdafiə: mövcud vəziyyət və perspektivlər
Ölkəmizdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrin müdafiəsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti regionlarda da ardıcıl olaraq davam etdirilir. Bu çərçivədə Qusar rayonunda görülmüş işlər və qarşıdakı planlar barədə Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İkram Tumarxanovla həmsöhbət olduq.
1. Son illərdə Qusar rayonunda sosial müdafiə sahəsində, ünvanlı dövlət sosial yardımının tədbiqi, əhatə dairəsi və təsir mexanizmləri baxımından mövcud vəziyyəti, inkişaf dinamikasını necə qiymətləndirirsiniz?
Son illərdə ölkəmizdə sosial rifahın yüksəldilməsi, aztəminatlı ailələrin müdafiəsi və sosial bərabərliyin təmin olunması sahəsində mühüm islahatlar aparılır. Bu siyasətin əsas alətlərindən biri Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) proqramıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən bu proqram orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrin sosial müdafiəsini təmin etməyə yönəlmişdir. Müəyyən edilmiş meyar və qaydalara əsasən vətəndaşlar elektron hökumət portalı vasitəsilə və ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinə müraciət etməklə ÜDSY almaq hüququ qazanırlar. Qusar rayonu da ölkənin digər bölgələri kimi bu proqramdan faydalanır. Lakin aparılmış statistik təhlillər göstərir ki, Qusar rayonunda ÜDSY alan ailələrin sayı əhalinin ümumi sayına və sosial-iqtisadi vəziyyətinə nisbətdə çox aşağıdır. 2024-cü ilin avqust-sentyabr aylarında rayon üzrə ÜDSY alanların sayı orta hesabla 225 nəfər, əhali ilə nisbətdə 0,2 faiz təşkil etmişdir.
Bununla əlaqədar Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüşmüş, ÜDSY alanların sayının artırılması və digər sosial göstəricilərin yaxşılaşdırılması məsələləri geniş müzakirə olunmuşdur.
Bu görüşdən sonra rayon rəhbərliyi tərəfindən məsələ daha da prioritetləşdirilərək həm DSMF, həm də yerli müvafiq dövlət qurumları ilə işin intensivləşdirilməsi üçün planlı addımlar atılmışdır.
İlk mərhələdə Qusar Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə əhali arasında maarifləndirmə və təbliğat işlərinin aparılması üçün şəhər və bütün kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə ÜDSY-yə müraciət qaydaları, şərtlər və meyarlar sadə və başa düşülən şəkildə izah olunmuş, məlumat vərəqələri, icra nümayəndəliklərinə bu istiqamətdə təbliğat işlərini gücləndirmək, əhali arasında məlumatlandırma işlərini aparmaq, yaşlı və texnologiyaya çıxışı olmayan şəxslərə köməklik göstərilməsi üçün yazılı tapşırıqlar göndərilmişdir.
Rayonda ÜDSY üçün müraciət edən vətəndaşların sənədlərinin və məlumatlarının sistemə daxil edilməsi, müraciət prosesində bələdçilik və texniki yardım göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə DSMF-nun Qusar Rayon Şöbəsinin inzibati binasında xüsusi “yardım masa”sı təşkil olunmuş, yerlərdə ÜDSY-nın təyinatı üçün aztəminatlı şəxslərə elektron qaydada müraciət etmələrinə köməklik göstərilməsi məqsədilə fondun iki əməkdaşı 1-3 ay müddətinə rayona ezam edilmişdir.
Bütün bu səylərin nəticəsində rayon üzrə ÜDSY alanların sayında qısa bir zamanda artım tempi müşahidə olunmuşdur. Lakin bu artım yetərli və qənaətbəxş səviyyədə deyil. Bu səbəbdən mövcud vəziyyət Qusar rayon rəhbərliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin regional qurumlarının rəhbərləri ilə bir daha müzakirə edilmişdir. RİH başçısı tərəfindən rayonda ÜDSY alanların sayının yenidən təhlili, müraciətlərin və imtinaların sayı və səbəblərinin araşdırılaraq yenidən təhlil olunması və bu prosesə daha dərindən yanaşmaqla bu sahədə peşəkar biliklərin artırılması və məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün şəhər və kənd İƏD üzrə nümayəndələr və müavinlər üçün sosial yardımın alınma şərtləri, müraciət prosesi, imtina cavabı almış şəxslərin yenidən müraciət qaydası, icra nümayəndəliklərinin bu istiqamətdə rolu və vəzifələri barədə maarifləndirici xarakterli treninqlərin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Ünvanlı Dövlət Sosial Yardımların təyinatı, bu sahədə yerlərdə əhalini narahat edən məsələlərin müzakirəsi ilə bağlı rəhbərliyin tapşırığı ilə avqustun 12-də Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları DSMF-nun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının rəhbərliyi ilə görüşlər keçirmiş, qeyd olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, bu sahədə əhalini narahat edən məqamların həlli ilə bağlı müzakirələr aparılmış və aztəminatlı ailələrin müraciətlərinə elektron Ərizə-Bəyənnamalərini yükləmək üçün DSMF-nun rayon şöbəsində bu işin bərpası üçün əməkdaşın ayrılması qərara alınmışdır.
Həmçinin Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialın əməkdaşlarının iştirakı ilə avqustun 27-də rayon icra nümayəndəliklərinin təmsilçiləri ilə treninq keçirilmiş, avqustun 28-29-u tarixlərində isə ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı müraciət etmiş, təyinatına imtina verilmiş və müxtəlif çətinliklərlə qarşılaşmış, yenidən müraciət etmək istəyən və ÜDSY-nın təyinatı ilə bağlı digər sualları olan vətəndaşlarla görüş-qəbul keçirilmişdir.
Məlumat üçün qeyd etmək yerinə düşər ki, 01.09.2025-ci il tarixinə olan statistik göstəricilərə əsasən, rayon üzrə ünvanlı dövlət sosial yardımı alanların sayı 440 nəfərə çatmışdır. Bu rəqəmi əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin real nəticəsi kimi qiymətləndirmək olar. Bu istiqamətdə tədbirlərimiz davam etdirilməkdədir.
2. Rayon üzrə məşğulluq səviyyəsinin əvvəlki illərlə müqayisədə dəyişməsini necə qiymətləndirirsiniz? Əhalinin məşğulluğunun artırılması üçün hansı tədbirlər görülür və davam etdirilir?
Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması əsas diqqət mərkəzində olan məsələlərdəndir. Cari ildə bu sahədə də rayon icra hakimiyyətinin müvafiq Mərkəzi İcra Hakimiyyəti, regional və yerli qurumlarla iş birliyi nəticəsində özünüməşğulluq proqramının genişləndirilməsi, aztəminatlı şəxslərin özünüməşğulluq proqramlarına cəlb olunması üçün KVOTA saylarının və əmək yarmarkalarının sayının artırılmasına nail olunmuşdur. Belə ki, cari ildə rayonun özünüməşğulluq proqramı çərçivəsində maldarlıq üzrə KVOTA sayı 2024-cü il ilə müqayisədə 2 dəfə artırılmış, 01.09.2025-ci il tarixinə 165 nəfər müxtəlif aktivlərlə təmin olunmuşdur, yəni keçən ilin müvafiq dövrü ilə müqayisədə 180 faiz artımla icra olunmuşdur.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ramal Quluzadə ilə görüşündə bu məsələlər ətraflı şəkildə müzakirə olunmuş və gələcək dövr üçün görülməli işlər müəyyən olunmuşdur.
Sosial təminat və xidmətlərin göstərilməsi prosesində yerli səviyyədə rast gəlinən narahatedici məqamlardan biri də əhalinin alınmış aktivlərdən düzgün və səmərəli istifadə etməməsidir. Belə xoşagəlməz halların qarşısının alınması üçün verilmiş aktivlərdən düzgün, təyinatı üzrə, səmərəli istifadə etməklə özünüməşğulluğun daha da genişləndirilməsi imkanları ilə bağlı təşviqedici, maarifləndirici tədbirlərin aparılması zəruridir.
3. Əlilliyi olan şəxslər əlillik dərəcəsinin təyin edilməsi üçün necə müraciət etməlidirlər? Əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində regionda hansı infrastruktur xidmətlər mövcuddur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi artıq tam elektron qaydada aparılır. Bu sistem vətəndaşın göndərişini verən dövlət tibb müəssisəsi, göndərişi təsdiq edən məsul şəxslər və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi barədə bütün məlumatları şifrələyərək adsızlaşdırır. Beləliklə, şəffaf və ədalətli qiymətləndirmə mexanizmi qurulub və qiymətləndirmənin yalnız göndərişdə qeyd olunmuş tibbi məlumatlar əsasında aparılması təmin olunur.
Əlilliyi olan şəxslərin reabilitasiyası üçün bizim regionda Xaçmaz Reabilitasiya Mərkəzi və Quba Şahdağ Sanatoriyası mövcuddur. Əlilliyi müəyyən edilmiş şəxslər üçün reabilitasiya xidmətləri dövlət hesabına ödənişsiz həyata keçirilir. Bunun üçün regional Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilməlidir.
***
Formadan məzmuna: təhsildə dəyişən yanaşmalar
Təhsil cəmiyyətin intellektual, mənəvi və sosial inkişafının əsas dayağıdır. Zamanın çağırışlarına uyğun olaraq bu sahədə islahatlar, yeni yanaşmalar və dəyişikliklər daha da aktuallaşıb. Bu mövzuda suallarımızı cavablandırmaq üçün təcrübəli təhsil işçisi ilə həmsöhbət olduq.
1.Müsahibəmizə keçməzdən əvvəl istərdik ki, sizi daha yaxından tanıyaq. Təhsil sahəsində uzun illər fəaliyyət göstərmiş bir şəxs kimi, bu peşənin Sizin həyatınızda tutduğu yeri necə xarakterizə edərdiniz?
İlk növbədə təhsil sahəsindəki fəaliyyətimi dəyərləndirərək, məni Rayon İcra Hakimiyyətində müsahibəyə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm.
Mən-Abuyev Yüzbəy Şimal oğlu 1960-cı il iyul ayının 6-da Qusar rayonunun Kuzun kəndində anadan olmuşam. Kuzun kənd 8 illik və Qusar şəhər 1№-li orta məktəblərini əla qiymətlərlə başa vurmuş, təhsilimi Azərbaycan Dövlət Pedagoji İnstitutunun Riyaziyyat fakultəsində davam etdirmişəm. Təyinatla Qusar RXMŞ-nə göndərilmişəm.1981-1985-ci illərdə Kuzun kənd orta məktəbində,1985-1988-ci illərdə Qusar şəhər əyani-axşam orta məktəbində riyaziyyat müəllimi işləmişəm. Səmərəli pedagoji fəaliyyətimə görə irəli çəkilərək, Qusar RXMŞ-nin TTV və programlaşdırma üzrə metodisti, Rayon Təhsil Şöbəsinin metodik mərkəzində riyaziyyat-fizika fənnləri üzrə metodist vəzifəsində çalışmışam. 17.03.2001-ci il tarixdən Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayon Təhsil Şöbəsində kadrlar üzrə inspektor vəzifəsinə təyin olunmuşam və 2013-cü ilin may ayınadək Şöbənin kadrlar məsələləri üzrə aparıcı məsləhətçisi vəzifəsində çalışmışam. Azərbaycan Respublikası Prezidenti yanında “Dövlət qulluğu komissiyası”nda müsabiqədən uğurla keçərək Qusar RTŞ-nin müdir müavini vəzifəsinə təyin olunmuşam. Qusar RİH Başçısının müvafiq əmrinə əsasən 05.01.2020-ci ildən 18.05.2022-ci ilədək Təhsil Şöbəsinin müdiri vəzifəsini icra etmişəm.
Təhsilin idarə olunmasında və təlim-tərbiyənin həyata keçirilməsində səmərəli pedagoji fəaliyyətimə, rayonda təhsil sahəsindəki nailiyyətlərimə görə «Azərbaycan Respublikasının Təhsil Əlaçısı» fəxri adı və döş nişanı ilə, ayrı ayrı vaxtlarda fəxri fərmanlarla təltif olunmuşam.
Bütün həyatımın, 65 illik ömrümün 45 ili fasiləsiz olaraq pedagoji fəaliyyətlə, rayonda təhsilin idarə olunması və inkişafı ilə bağlı olmuşdur. Təhsil sahəsi ömrümün əsas və mənalı hissəsi olaraq, bütün həyatımı, bilik və bacarığımı rayonda təhsilin inkişafına həsr etmişəm.
2. Siz təhsil sahəsində fəaliyyətiniz müddətində bir sıra mühüm tarixi mərhələlərin canlı şahidi olmusunuz: sovet modelindən post-sovet sisteminə keçid, sənədəsaslı idarəçilikdən rəqəmsal transformasiyaya doğru təkamül. Bu struktur dəyişiklikləri fonunda Sizin fikrinizcə, hansı mərhələ ölkənin təhsil sisteminin mahiyyətini strateji və institusional baxımdan yenidən formalaşdırdı?
Zaman-zaman insanlar hər dövrün təhsil sistemi ilə bağlı müxtəlif fikirlər söyləyiblər. Bir çoxları indi də Sovet təhsilinin, bəziləri Kurikulum sisteminin daha mükəmməl bir təhsil sistemi olduğunu qeyd edirlər. Sovet təhsil siyasəti sosialist ideologiyasının, planlı iqtisadiyyatın və sovet siyasi sisteminin prinsipləri əsasında qurulmuşdur. Müstəqil Azərbaycan Respublikasının bu günki milli məzmunda təhsil sistemi məhz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış elmi potensialın təməli üzərində qurulmaqla inkişaf edir və təkmilləşir. Şahidi olduğumuz təhsil tariximizin hər bir dövrü təhsil salnaməmizin bir səhifəsidir. Hesab edirəm ki, təhsilin yenisi və köhnəsi olmur, ənənəvi təhsil olur, bir də ki, zamanın tələblərinə uyğun yeni müasir təhsil sistemi olur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan. Əsrə bərabər bu illər ərzində iqtisadiyyatda, elm və təhsildə, mədəniyyət və incəsənətdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini veribdir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, elmi belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”
1999-cu ildə qəbul edilən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” Ulu Öndərin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, proqramın əsas məqsədi - təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq idi. Bu baxımdan təhsilin hər hansı mərhələsində aparılmış dəyişikliklər həmin zaman üçün ölkənin təhsil sisteminin mahiyyətini strateji və institusional baxımdan yenidən dəyişir və formalaşdırır. Texnologiyaların sürətli inkişaf etdiyi indiki zamanda həyatın hər bir sahəsi kimi, təhsil sahəsi də əsaslı şəkildə dəyişməkdədir. Azərbaycanda təhsilin rəqəmsallaşması prosesi artıq başlanmışdır, lakin bu istiqamətdə hələ də çox işlər görülməlidir. Hazırda rəqəmsal transformasiya müasir təhsil sisteminin əsas istiqamətlərinə çevrilməklə təhsildə ənənəvi yanaşmaların müasir texnologiyalarla əvəz edilməsini, daha çevik və dinamik, innovativ və əlçatan təhsil mühitinin yaradılmasını, yeni texnologiyanın tədris və öyrənmə proseslərinə inteqrasiyasını təmin edəcəkdir. Bununla belə, rəqəmsal transformasiyanın tətbiqi özü ilə təhsilimizə bir sıra çətinliklər də gətirmişdir ki, bu sahədə daha sistemli və genişmiqyaslı tədbirlərin görülməsinə ehtiyac vardır. Gələcəyin təhsili rəqəmsal biliklər üzərində qurulacaq, bu zamanın tələbidir və hər birimiz buna hazır olmalıyıq.
3.Zamanla təhsil sahəsində çox şey dəyişdi — texnologiyalar, idarəetmə tərzi, şagird nəsli və hətta cəmiyyətin məktəbə münasibəti və bu dəyişikliklərin hansı nəticəsi təhsil sisteminin mahiyyətinə əhəmiyyətli şəkildə təsir göstərib?
Bəli, dünya dəyişir, cəmiyyət inkişaf edir, yeni texnologiyalar yaranır, insanların düşüncə tərzi, həyata baxışları və münasibətləri dəyişir və nəticə etibarı ilə dəyişikliklər cəmiyyətin bütün sahələrinə, o cümlədən, təhsil sahəsinə əhəmiyyətli dərəcədə təsir göstərir ki, bu da zamanın tələbinə uyğun yeni qanunların qəbuluna zərurət yaradır. Müstəqillik dövründə təhsil sahəsində yeni hüquqi baza və bir sıra qanunlar qəbul edilmişdir ki, indi təhsilin idarə olunması məhz həmin qanunlar əsasında həyata keçirilir. Təhsil sahəsi elə bir sahədir ki, cəmiyyətdə baş verən istər siyasi, iqtisadi və digər dəyişikliklər bu sistemdən yan keçmir, öz təsirini göstərir. Ona görə də təhsilin idarə olunması üçün daim təkmilləşmələr aparılmalı, zamanın tələbinə uyğun təhsil sistemi üçün əhəmiyyətli olan yeni qərar və qanunlar qəbul olunmalıdır. “Təhsil qanunu”nda edilmiş son dəyişikliklər buna misaldır, belə ki, Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Həmin dəyişikliklər təhsil sisteminin bir neçə istiqamətini əhatə edir və müxtəlif sahələri hüquqi cəhətdən tənzimləyir. Odur ki, cəmiyyətdə və təhsil sahəsində olan hər bir dəyişiklik, istər yeni texnologiyaların tətbiqi, yeni idarəetmə strukturları və qaydaları, cəmiyyətin, eləcə də valideynlərin məktəbə münasibəti və yeni nəsil şagirdlərin davranış qaydaları və s. dəyişikliklər nəticə etibarı ilə əhəmiyyətlilik dərəcəsinə uyğun təhsil sisteminin mahiyyətinə öz təsirini göstərir. Qeyd olunan dəyişikliklərin nəticələri gələcəyə hesablandığından, əvvəlcədən gözlənilən nəticələr barədə fikir söyləmək çətindir.
4.Ümumtəhsil müəssisələri təkcə tədris ocaqları deyil, eyni zamanda milli kimliyin formalaşmasında mühüm rol oynayır. Bu kontekstdə məktəbin milli dəyərlərin ötürülməsi və cəmiyyətin kimlik yaddaşının qorunmasındakı funksional rolunu necə qiymətləndirirsiniz?
Azərbaycan təhsilinin tarixi çox qədim və zəngindir. Zamanında mövcud olmuş məktəblərin öz dövrünə uyğun vəzifələri və məqsədləri olmuşdur. Müstəqil Azərbaycan Respublikasının ictimai, sosial-iqtisadi və siyasi sahələrində baş verən dəyişikliklər, dövlətin təhsil siyasətinə, təhsil müəssislərinin məqsəd və vəzifələrinə yeni tələblər gətirmişdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda həm təhsil sisteminin, həm də məktəbin başlıca vəzifələri müəyyənləşdirilmişdir: ”Cəmiyyət və Vətən qarşısında məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq təhsil sisteminin başlıca vəzifələrindən biridir. Bununla belə, elə hisslər var ki, insana qanla, genlə keçir. Məktəbin vəzifəsi bu hissləri üzə çıxarmaq və daha da inkişaf etdirməkdir”.
Milli kimliyin formalaşmasında məktəblərin rolu olduqca böyükdür və bunun üçün biz məktəblərdə şagirdlərimizə tariximiz, milli qəhrəmanlarımız, mədəniyyətimiz və adət-ənənələrimiz, milli bayramlarımız və milli dəyərlərimiz haqqında ətraflı məlumatlar verərək, onların milli şüurunu daim inkişaf etdirməliyik. Bütün bunlar şagirdlərdə milli kimlik hissini gücləndirir, öz Vətəninə, xalqına bağlılığını və vətənpərvərlik hissinin formalaşdırılmasını təmin edir. Milli kimliyin formalaşdırılması prosesi təkcə məktəblərlə məhdudlaşmır, digər təhsil müəssisələrinin, həm də ailə və cəmiyyətin bu proseslərdə iştirakı vacibdir. Azərbaycanın təhsil müəssisələrində təhsil və tərbiyə almış vətənpərvər qəhrəman oğullarımız 44 günlük Vətən müharibəsində özlərinin milli kimliklərini düşmənə artıq sübut etdilər.
5.Rayon səviyyəsində müəllimlərin peşəkar inkişafı çox zaman fərdi təşəbbüslərlə məhdudlaşır. Sizcə, regionlarda davamlı inkişaf üçün hansı təşviq mexanizmləri tətbiq edilməlidir?
Elm və texnikanın inkişaf etdiyi indiki zamanda müəllim peşəsinin, təhsilverənlərin peşəkarlıq səviyyəsinin bu tələblərə uyğunlaşdırılması üçün müəllim hazırlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Müasir təhsildə yeni yanaşmalar, tədris materiallarının, proqramların, metodların, texnologiyaların modernləşdirilməsi ənənəvi “peşəkarlığın” da dəyişməsini, müasir tələblərə cavab verməsini tələb edir. Bunun üçün isə hər bir müəllimə özünü inkişaf etdirmək üçün şərait yaradılmalıdır.
Müəllimin peşəkar hazırlığının və fəaliyyətinin əsas göstəricisi təhsilə səriştəli yanaşmasıdır. Səriştəli müəllim şagirdə hazır biliklər verməməli, çalışmalıdır ki, şagird üçün problem sayılan məsələlərlə bağlı onlarda fikir formalaşsın, problemi həll etməyə səy göstərsinlər.
Müasir müəllim özünün peşəkarlıq səviyyəsini daim yüksəltmək üçün bütün imkanlardan maksimum istifadə etməli, təhsil sahəsində baş verən davamlı dəyişikliklərlə ayaqlaşmalı və təhsil və təlimdə yeni çağırışlardan faydalanaraq, zəruri yeni bilik və bacarıqlara yiyələnməklə daim inkişaf etməlidir. Özünütəhsil, öz biliklərini təkmilləşdirmək, pedaqoji, elmi şuralarda, seminarlarda, konfranslarda, müsabiqələrdə, layihələrdə iştirak, müasir təlim texnologiyalarını, metodlarını mənimsəmək, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, innovativ fəaliyyət müəllim peşəkarlığının artırırılması üçün tələb olunan faktorlardır. Qeyd olunanlara nail olmaq üçün bu gün müəllimlərin geniş imkanları vardır. Son illərdə təhsildə aparılmış struktur dəyişikliklərə uyğun olaraq, QXRTİ və Təhsil İnsitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə müəllimlərin peşəkar inkişafı üçün rayonumuzda və eləcə də regionda çoxlu təlimlər keçirilmişdir. Əvvəllər müəllimlərin ixtisaslarının artırılması, yenidən hazırlanması mərkəzləşmiş qaydada Bakı şəhərində keçirilirdisə, inda ayrı-ayrı rayonlarda, yerlərdə bu tədbirlər təşkil olunur.
6.Qeyd etmək lazımdır ki, son illərdə rayonda təhsil sahəsində kifayət qədər nəzərə çarpacaq uğurlar əldə olunub – bu, həm nəticələrdə, həm də məktəb mühitində müşahidə olunan keyfiyyət dəyişikliklərində özünü göstərir. Mövcud nailiyyətlərin davamlılığını təmin etmək üçün hansı işlərin görülməsi zəruridir? Təhsil sahəsində hansı problemlər hələ də qalmaqdadır?
Aparılmış çox istiqamətli fəaliyyətin nəticəsidir ki, rayon təhsilində ilbəil məyyən nailiyyətlər və uğurlar əldə edilir. Son illərdə təhsil sahəsində əldə olunan uğurların qorunub saxlanılması və inkişaf etdirilməsi üçün müəllim heyətinin peşəkarlığının artırılması, məktəb infrastrukturunun müasirləşdirilməsi, tədris prosesində innovativ metodların tətbiqi və şagirdlərin fərdi potensialının inkişafına yönəlmiş layihələrin genişləndirilməsi vacibdir. Bununla yanaşı, bəzi kənd məktəblərində kadr çatışmazlığı, şagird azlığı, tədris vasitələrinin yenilənməsi ehtiyacı və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi kimi məsələlər hələ də həllini gözləyir.
Rayonun ümumtəhsil məktəblərinin pedagoji kadrlarla təmin edilməsi prioritet məsələlərdəndir. Hazırda rayonun 82 ümumtəhsil məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə 1700 nəfərdən yuxarı müəllim məşğul olur. 2024/2025-ci tədris ilinin sonunda kadrlara olan tələbata uyğun olaraq, 3360 vakant dərs yükünə 312 vakant iş yeri müəyyən edilərək QXRTİ-nə təqdim olunmuş və elektron informasiya sisteminə yerləşdirilmişdir. Tədris ili ərzində yeni yaranan müddətli vakansiyalar da əlavə edilməklə 350 nəfərə yaxın müəllimə ehtiyac yaranmışdır ki, əksəriyyət vakansiyalar daimi xarakterlidir. Müllimlərin işə təyinatı tədris ilinin sentyabr-dekabr aylarına qədər davam etmiş, 105 nəfəri müddətsiz əmək müqaviləsi ilə, 143 nəfəri isə dərs ilinin sonuna kimi müddətli əmək müqaviləsilə işə təyin olunmuşdur. Rayonun ucqar dağ kənd məktəblərində çoxlu sayda, xüsusilə də tədrisi rus dilində aparılan məktəblərdə tutulmamış vakant yerlər qalmışdır ki, bu hal təhsilin keyfiyyətinə təsir göstərən əsaslı səbəblərdəndir.
Bütün bu məsələlərin ardıcıl həlli istiqamətində davamlı tədbirlər rayonda təhsilin keyfiyyətinin daha da yüksəlməsinə imkan verəcəkdir. Əminik ki, qarşıdakı illərdə atılacaq məqsədyönlü addımlar mövcud nailiyyətləri möhkəmləndirəcək və yeni uğurların əldə olunmasına şərait yaradacaq.
Müsahibəyə görə təşəkkür edirik!
***
“Məsuliyyət, hazırlıq, Vətən sevgisi: Ordumuzun uğur düsturu”
26 İyun – Silahlı Qüvvələr Günü müasir və müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətini, ordu quruculuğunda əldə etdiyi uğurları və əsgər-vətəndaş birliyinin sarsılmazlığını əks etdirən əlamətdar tarixdir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla təsis olunan bu gün, təkcə rəsmi təqvim günü deyil, həm də Azərbaycan əsgərinin rəşadətinə və Vətən yolunda göstərdiyi fədakarlığa ehtiramın simvoludur.
44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə bu günün mənəvi yükünü daha da artıraraq, Silahlı Qüvvələr Gününü müasir tariximizin qəhrəmanlıq salnaməsinə çevirmişdir. Bu zəfər təkcə hərbi uğur deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin və azadlıq ruhunun təntənəsidir.
Bu tarixi qələbənin memarları sırasında ön cəbhədə canı və qanı bahasına döyüşən hərbçilərimiz xüsusi yer tutur. Onların keçdiyi döyüş yolu, qazandıqları zəfərlər gələcək nəsillər üçün həm örnək, həm də qürur mənbəyidir.
Bu müsahibədə biz 44 günlük Vətən müharibəsinin iştirakçısı, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Allahverdiyev Turab Yagir oğlu ilə həmsöhbət olduq.
Müsahibəni təqdim edirik.
1. Sizi Vətən müharibəsinin ön cəbhəsinə aparan yol necə başlandı? Hərbi hazırlıq və ruh yüksəkliyi baxımından özünüzü necə hiss edirdiniz?
Vətən müharibəsinə gedən yol mənim üçün çox erkən yaşlardan, hələ 1995-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunduğum gündən başlamışdı. Hərbi peşəyə könüllü şəkildə, böyük maraq və Vətənə xidmət arzusu ilə qədəm qoymuşdum. Bu lisey mənə ilk hərbi bilikləri, intizamı və peşəyə sevgi hissini aşıladı. Daha sonra ali hərbi təhsilimi davam etdirərək peşəkar kadr zabit kimi formalaşdım.
Müharibə başladığı zaman artıq döyüş qabiliyyətim, taktiki hazırlığım tam səviyyədə idi. Biz döyüş meydanına yalnız silah və texnika ilə deyil, eyni zamanda içimizdə alovlanan Vətən sevgisi, xalqımıza bağlılıq və torpaqlarımızın azadlığına olan sarsılmaz inamla getmişdik.
Ruh yüksəkliyi o qədər güclü idi ki, əsgərlərimizlə birlikdə hər bir addımda yalnız irəliyə doğru düşünür, heç bir geri dönüşü ağlımıza belə gətirmirdik. Biz Vətən torpaqlarını qorumağın və azad etməyin müqəddəs bir missiya olduğunu dərk edirdik. Hərbçi olmaq mənim üçün hər zaman qürur və məsuliyyət daşıyan bir peşə olub. Lakin Vətən müharibəsində iştirak etmək bu peşənin mənim üçün ifadə etdiyi mənanı daha da dərinləşdirdi.
2. Vətən müharibəsi zamanı iştirak etdiyiniz döyüşlərdə sizi əhatə edən müharibə şəraiti necə idi? Fiziki çətinliklər – hava şəraiti, səngər və mövqe şəraiti, ərzaq və su təminatı, tibbi dəstək, rabitə imkanları, həmçinin döyüşlərin intensivliyi, mina və artilleriya təhlükələri baxımından hansı vəziyyətlərlə qarşılaşdınız? Psixoloji olaraq bu çətinliklərlə necə mübarizə aparırdınız və sizi bu şəraitdə dayanıqlı və ruhən güclü saxlayan əsas amil nə idi? Sizcə müharibədə fiziki dözümlülük daha vacib idi, yoxsa psixoloji hazırlıq?
Müharibə yalnız silahların toqquşduğu fiziki qarşıdurma deyil, o, həm də insanın dözüm, iradə və mənəvi gücünün sınağa çəkildiyi ən sərt mühitdir. Vətən müharibəsi zamanı iştirak etdiyim döyüşlərdə biz bir çox fiziki və psixoloji çətinliklərlə qarşılaşdıq. Hava şəraitinin kəskin dəyişkənliyi – bəzən sərt yağış, bəzən şaxtalı gecələr – döyüş tapşırıqlarının icrasını daha da çətinləşdirirdi. Səngərlər və döyüş mövqeləri çox vaxt təbii relyefin imkan verdiyi şəkildə qurulurdu və bu şəraitdə bəzən uzun saatlar, hətta günlərlə fasiləsiz müdafiə mövqeyində qalmaq tələb olunurdu.
Döyüş bölgəsindəki logistik dəstək mümkün olan ən yaxşı səviyyədə təşkil edilirdi. Tibbi yardım və ilkin təxliyə mexanizmləri də döyüş şəraitinə uyğun şəkildə qurulmuşdu. Rabitə vasitələri isə bizim döyüş taktikasında müstəsna rol oynayırdı – xüsusən koordinasiyanın dəqiqliyi baxımından.
Döyüşlər olduqca intensiv keçirdi. Biz bu təhlükələri hər an hiss edirdik. Hər addımımız planlı olmalı, hər qərarımız zamanla yarışmalı idi.
Bu şəraitdə psixoloji hazırlıq, bəlkə də fiziki gücdən daha vacib rol oynayırdı. Əlbəttə, hərbi təlimlər, döyüş bacarıqları, fiziki dözümlülük mütləqdir. Lakin insanın içindəki Vətən sevgisi, xalqının dəstəyini hiss etməsi onu ən ağır sınaqlarda belə sarsılmaz edir. Bu gün deyə bilərəm ki, həm fiziki, həm də mənəvi hazırlıq bir-birini tamamlayan ayrılmaz amillərdir.
Mən müharibə zamanı taborun qərargah rəisi olaraq həm döyüşün planlaşdırılmasında, həm bölmələrin idarəsində, həm də ön xəttlə rabitənin qurulmasında məsuliyyət daşıyırdım. Bu, təkcə peşə yox, həm də mənəvi missiya idi. Hər bir qərar, hər bir əmr, həm əsgərlərimizin həyatına, həm də döyüşün taleyinə təsir edə biləcək qədər vacib idi.
Ən çətin anlarda bizi ayaqda saxlayan, geri çəkilməyə imkan verməyən ən böyük güc isə Vətənə olan bağlılığımız, şəhidlərimizin müqəddəs xatirəsinə olan ehtiramımız və xalqımızın bizə olan inamı idi. Bu ruh, bu inam bizi məğlubedilməz etdi.
3. Sizcə Azərbaycan Ordusunun qələbəsini şərtləndirən əsas amillər hansılar idi? Texniki üstünlük, strateji idarəetmə, hərbi hazırlıq, yoxsa xalq–ordu birliyi?
Azərbaycan Ordusunun qələbəsini təmin edən əsas amil təkcə bir faktorla izah oluna bilməz. Bu, müxtəlif sahələrin bir mərkəzdə birləşməsi, sinxron fəaliyyət və möhkəm ideoloji dayaqlar üzərində qurulmuş milli gücün təntənəsidir. Əlbəttə, müasir hərbi texnika, yüksək dəqiqliklə aparılan strateji planlaşdırma və peşəkar zabit-əsgər heyətinin hərbi hazırlığı böyük rol oynadı. Ancaq bu uğurun təməlində dayanan ən mühüm məqam – Vətən sevgisi idi.
Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı, hər bir azad edilən rayon barədə xalqa verdiyi xəbərlər ön cəbhədəki ruh yüksəkliyini ikiqat artırırdı. Hər bir zəfər təkcə döyüş meydanında qazanılan taktiki üstünlük deyil, eyni zamanda xalqımızın milli ruhunun təntənəsinə çevrilirdi.
Vətən müharibəsi zamanı xalq, ordu və rəhbərlik eyni hədəfə doğru irəliləyən güclü bir cəbhə təşkil etdi. Əsgərlər ön xəttdə vuruşur, xalq arxa cəbhədə dəstək göstərir, ölkə rəhbərliyi isə bütün bu prosesə liderlik edirdi. Hərbi hazırlıq bizə döyüşü aparmağı öyrətdisə, Vətən sevgisi bizə qalib gəlməyi öyrətdi. Biz birliyimizlə, əzmimizlə, inamımızla qalib gəldik.
Bu baxımdan qələbəmiz yalnız ordunun deyil, dövlətin və bütün Azərbaycan xalqının ortaq zəfəridir.
4. Gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından sizcə əsas məsuliyyət hansı sosial institutun üzərinə düşür – dövlətin ideoloji siyasəti, ailənin tərbiyəvi rolu, yoxsa məktəbin formalaşdırıcı təsiri? Bu üçlük arasında hansı amili daha həlledici hesab edirsiniz?
Hesab edirəm ki, bu məsələdə hansısa bir sosial institutun rolunu digərindən ayırmaq və təkbaşına ön plana çıxarmaq düzgün olmazdı. Vətənpərvərlik hissi və milli mənlik şüuru bütöv və ardıcıl şəkildə formalaşmalıdır – bu isə yalnız dövlətin, məktəbin və ailənin ortaq və koordinasiyalı fəaliyyəti nəticəsində mümkündür.
Dövlət həyata keçirdiyi ideoloji siyasət vasitəsilə vətənpərvərlik ruhunun formalaşmasına istiqamət verir və onun möhkəm ideya təməlini müəyyənləşdirir.
Ailə isə vətənpərvərliyin ilk təməl daşıdır. Ana dilini öyrədən, ilk himni dinlədən, bayrağın rənglərini izah edən ilk mühit ailədir. Ailədə formalaşan milli kimlik hissi uşağın sonrakı bütün təfəkkür mərhələlərində ona yol göstərici olur.
Lakin bu mənəvi sistemin ən funksional və tətbiqi sahəsi məktəb mühitidir. Bu səbəbdən, məktəblərdə vətənpərvərlik tərbiyəsinin həm nəzəri, həm də praktik aspektlərdə ardıcıl və məqsədyönlü şəkildə təşkili olduqca vacibdir.
Yekun olaraq deyə bilərəm ki, bu üç sosial institut bir-birini tamamlamalı, vahid bir ideya ətrafında birləşməlidir. Ancaq məktəb bu ideyanı sistemli, davamlı və müasir üsullarla gənclərin şüuruna yerləşdirən əsas praktik məkandır. Məhz buna görə məktəbdə aparılan maarifləndirmə işi xüsusi önəm daşıyır.
5. Sizcə, Vətən müharibəsində iştirak etmiş şəxslərə – qazilərə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı və ictimai münasibət ölkəmizdə bu kateqoriyadan olan insanlara verilən dəyəri necə əks etdirir?
Əminliklə demək olar ki, Azərbaycanda Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısı və ictimai münasibət milli dəyərlər sistemimizin ən ali təzahürlərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Mənzil və avtomobillərlə təminat, müalicə və reabilitasiya proqramları, məşğulluq dəstəyi, təhsil və psixoloji yardımla bağlı təşəbbüslər – bütün bunlar dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.
Eyni zamanda, cəmiyyətin bu qəhrəmanlara münasibəti də nümunəvidir. Qazilər və şəhid ailələri ilə bağlı yaradılmış xüsusi fondlar, ictimai təşəbbüslər və könüllü hərəkatlar Azərbaycan cəmiyyətinin bu məsələyə təkcə dövlət deyil, eyni zamanda xalq səviyyəsində yanaşdığını göstərir.
Bu münasibət və yanaşma təkcə bir təşəkkür deyil – bu, milli yaddaşın, dövlət-vətəndaş həmrəyliyinin və gələcək nəsillərə ötürüləcək vətənpərvərlik örnəyinin mühüm hissəsidir.
Nəticə etibarilə, Azərbaycanda Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı və ictimai münasibət yüksək səviyyədədir və bu, ölkəmizin milli kimliyində Vətənə xidmətin müqəddəs yer tutduğunu bir daha sübut edir.
6. 44 günlük Vətən müharibəsində iştirak etmiş bir şəxs kimi Azərbaycan Ordusunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə müasir dövrdə ordumuzun peşəkarlığı, texnoloji təchizatı, strateji çevikliyi və regionda təhlükəsizlik balansını qorumaq potensialı hansı səviyyədədir?
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun real döyüş şəraitində sərgilədiyi gücün, peşəkarlığın və milli ruhun parlaq təzahürü oldu. Bu müharibə təkcə ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnmədi, eyni zamanda regionda hərbi-siyasi status-kvonun tamamilə dəyişməsi ilə müşayiət olundu. Azərbaycan Silahlı Qüvvələri bu müharibədə strateji düşüncənin, çevik əməliyyatların və yüksək texnoloji imkanların sinxron tətbiqi ilə XXI əsrin müasir ordusunun nümunəsi oldu.
Bugünkü Azərbaycan Ordusu artıq təkcə region daxilində deyil, beynəlxalq hərbi ekspert çevrələrində də Qafqazın ən güclü və modern ordularından biri kimi tanınır. Bu gücün əsasını təşkil edən amillər arasında peşəkar kadr heyətinin formalaşdırılması, müasir hərbi texnologiyaların tətbiqi, milli silah sənayesinin inkişafı və Ali Baş Komandanın siyasi iradəsi ilə həyata keçirilən hərbi islahatlar dayanır.
Müharibədən sonrakı dövrdə ordumuz daha da çevik, mütəşəkkil və texnoloji baxımdan təkmilləşdirilmiş struktura malikdir.
Bu gün Azərbaycan Ordusu yalnız müdafiə funksiyası yerinə yetirmir, eyni zamanda regionda sülh və təhlükəsizlik balansının qorunmasında əsas amillərdən biridir. Zəfərlə başa çatan Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istənilən təhdidə qarşı qorunmaq gücündədir.
Nəticə etibarilə, bu gün Azərbaycan Ordusu ali texnoloji standartlara cavab verən, yüksək mənəvi-psixoloji hazırlığa malik, milli maraqlara sadiq və beynəlxalq miqyasda tanınan güclü bir orduya çevrilmişdir. Biz artıq sübut etmişik ki, müharibə meydanında yalnız qələbə ruhu deyil, sistemli hazırlıq, strateji idarəetmə və milli birlik də qələbənin təminatıdır.
Müsahibəyə görə təşəkkür edirik.
***
Dövlət qulluğu bir peşədən artıqdır: Təcrübə ilə formalaşan dövlətçilik mövqeyi
Dövlət qulluğu yalnız idarəetmə funksiyalarının yerinə yetirilməsi deyil, eyni zamanda məsuliyyət, şəffaflıq və xalqa xidmət fəlsəfəsidir. Hər il 23 iyun tarixində qeyd olunan dövlət qulluqçularının peşə bayramı bu çətin və şərəfli fəaliyyətin ictimai dəyərinin tanınması baxımından mühüm əhəmiyyət daşıyır.
23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qusar rayonunda uzun illər dövlət idarəçiliyində peşəkar fəaliyyət göstərmiş təcrübəli dövlət qulluqçusu, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri İlham Xəlilovla həmsöhbət olduq.
1. Uzun illər dövlət qulluğunda formalaşan idarəçilik təcrübənizə əsasən, səmərəli dövlət idarəçiliyinin əsasında dayanan əsas fəlsəfi və institusional prinsipləri necə müəyyən edərdiniz?
Səmərəli dövlət idarəçiliyinin əsasını təşkil edən fəlsəfi və institusional prinsipləri müəyyənləşdirərkən, ilk növbədə, dövlətin cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyəti və qanunçuluq üzərində qurulan idarəçilik modelini önə çəkmək lazımdır. Fəlsəfi baxımdan bu idarəçilik anlayışı insan mərkəzli yanaşmaya, hüququn aliliyinə, sosial ədalətə və ictimai rifahın davamlı təmininə əsaslanır.
İnstitusional müstəvidə isə şəffaflıq, hesabatlılıq, vəzifə və səlahiyyətlərin aydın bölgüsü, peşəkar insan resurslarının idarə olunması və qərarların elmi əsaslara söykənməsi səmərəli dövlət idarəçiliyinin vacib dayaqlarıdır. Müasir dövrdə bu prinsiplər rəqəmsallaşma, vətəndaş iştirakçılığı və açıq hökumət yanaşmaları ilə tamamlanaraq, idarəçiliyi daha çevik və nəticəyönümlü edir.
Təcrübə göstərir ki, güclü institutlar üzərində qurulan, strateji baxışla yönəldilən və vətəndaş məmnuniyyətini prioritet sayan idarəçilik modeli istər yerli, istərsə də mərkəzi səviyyədə inkişafın əsas şərtidir.
2. Zamanın dəyişməsi ilə idarəetmə yanaşmaları da transformasiya olunur. Sizcə, klassik idarəçilik prinsipləri ilə müasir çevik idarəetmə modeli arasında hansı harmoniyanı qorumaq lazımdır?
Zamanın sürətli dəyişməsi, texnologiyaların inkişafı və ictimai tələbatın artması dövlət idarəçiliyində daha çevik, nəticəyönümlü yanaşmaların tətbiqini zəruri edir. Lakin bu transformasiya klassik idarəçilik prinsiplərini inkar etməməli, əksinə onları tamamlamalıdır. Klassik sistemlər funksional bölgü, sabitlik, inzibati məsuliyyət kimi vacib əsasları təmin edir və idarəetmənin struktur dayanıqlığını qoruyur. Müasir çevik idarəetmə isə operativ qərarvermə, vətəndaş iştirakı və rəqəmsal texnologiyaların tətbiqi ilə idarəetməni daha açıq və şəffaf edir. Bu iki yanaşma biri-birini inkar etmir, əksinə düzgün tarazlıq şəraitində idarəetmənin effektivliyini artırır. Əsas məsələ odur ki, hüquqi və təşkilati çərçivələr qorunaraq onların üzərində yeni texnoloji və sosial alətlər qurulsun. Dövlət qulluqçusu isə həm klassik inzibati mədəniyyətə sahib olmalı, həm də yeniliyə açıq, çevik və təşəbbüskar olmalıdır. Məhz bu balanslı vəhdət sayəsində idarəetmə sistemi həm sabit, həm də dinamik ola bilər.
3. Dövlət qulluğunda insan resurslarının idarə olunması sizcə sadəcə texniki prosesdir, yoxsa idarəetmənin ideoloji dayağıdır? Yerli idarəetmə strukturlarında kadrların davamlı peşəkar inkişafı üçün hansı institusional mexanizmlərin yaradılması zəruridir?
Dövlət qulluğunda insan resurslarının idarə olunması yalnız texniki prosedur deyil, idarəetmənin ideoloji və strateji dayağıdır. Dövlətin səmərəli işləməsi, vətəndaşa keyfiyyətli xidmət və ictimai etimad birbaşa peşəkar, sadiq və etik davranışlı kadrların formalaşdırılmasından asılıdır. Bu səbəbdən, insan resurslarına yalnız işə qəbul və təyinat baxımından deyil, uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi yanaşmaq vacibdir.
Yerli idarəetmədə bu yanaşmanı təmin etmək üçün çevik təlim sistemləri, rotasiya və mentorluq proqramları, fəaliyyətin qiymətləndirilməsi və fərdi inkişaf planları tətbiq olunmalıdır. Bu mexanizmlər kadrların motivasiyasını artıracaq, idarəetmədə dayanıqlığı və çevikliyi gücləndirəcək. İnsan resursları siyasəti idarəetmənin mərkəzində dayanmalı və keyfiyyətli dövlət qulluğunun əsas təminatına çevrilməlidir.
4. Dövlət idarəetməsi yeni dövrə qədəm qoyur – rəqəmsallaşma, süni intellekt, açıq hökumət prinsipləri. Bu çağırışlara qarşı müasir dövlət qulluqçusu necə hazırlanmalıdır?
Dövlət idarəçiliyi bu gün rəqəmsallaşma, süni intellekt və açıq hökumət prinsiplərinin fonunda dərin dəyişiklik mərhələsinə daxil olub. Bu reallıqda dövlət qulluqçusu sadəcə inzibati tapşırıqları icra edən deyil, strateji baxışa, texnoloji savada, çevik qərarvermə və ictimai ünsiyyət bacarıqlarına malik olan müasir idarəediciyə çevrilməlidir. Onun fəaliyyətində şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq mədəniyyətə çevrilməli, idarəçilik vətəndaşla açıq dialoqa əsaslanmalıdır.
Bu çağırışlara uyğunlaşmaq üçün dövlət qulluqçuları yalnız texniki biliklərlə deyil, həm də etik məsuliyyət, analitik təfəkkür və komandada işləmək bacarığı ilə təchiz olunmalıdır. Çünki texnologiya prosesi sürətləndirir, amma ona dəyər qatan insan faktorudur. Bu baxımdan, idarəetmədə xidmət mədəniyyəti və sosial məsuliyyət əsas prinsip kimi qorunmalıdır.
Bunun reallaşması üçün təlim və inkişaf proqramları yeni dövrün tələblərinə uyğun qurulmalı, innovasiyaya açıq və çevik idarəetmə yanaşması bütün səviyyələrdə təşviq olunmalıdır. Müasir dövlət qulluqçusu artıq dəyişikliklərə uyğunlaşan deyil, dəyişiklik yaradan, texnologiyadan məharətlə istifadə edən və vətəndaş ehtiyaclarını qabaqlaya bilən şəxs olmalıdır. Bu isə yalnız insan kapitalına sistemli yanaşma və davamlı inkişafla mümkündür.
5. İctimai etimad dövlət idarəçiliyinin dayaqlarından biridir və onun formalaşması uzun illərin düzgün fəaliyyətini tələb edir, lakin etimadın itirilməsi bir anlıq yanlışlıqla da baş verə bilər. Bu baxımdan, dövlət qulluqçusunun gündəlik fəaliyyətində bu etimadı qoruyub saxlamaq üçün hansı əsas davranış prinsipləri və etik çərçivələrə əməl etməsi zəruridir?
İctimai etimad dövlət idarəçiliyinin dayanıqlığını təmin edən ən mühüm strateji dayaqlardan biridir. Onun formalaşması illərlə aparılan şəffaf, məsuliyyətli fəaliyyət nəticəsində mümkün olur, lakin etimadın itirilməsi bir anlıq laqeydlik və ya yanlış qərarla baş verə bilər. Bu baxımdan, dövlət qulluqçusu gündəlik fəaliyyətində şəffaflıq, hüquqa uyğunluq və ictimai maraqlara xidmət kimi prinsipləri rəhbər tutmalıdır.
Qulluq fəaliyyətində etik davranış xüsusi əhəmiyyət daşıyır. Qərəzsizlik, vicdanlılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməmək və vətəndaşlara mədəni münasibət göstərmək dövlət qulluqçusunu cəmiyyətin etibar etdiyi fiqura çevirir. Eyni zamanda, operativ və əsaslandırılmış qərarlar vermək, kommunikativ bacarığı inkişaf etdirmək və ictimai rəyi nəzərə almaq bu etimadın möhkəmlənməsinə xidmət edir.
Nəticə etibarilə, ictimai etimad dövlət qulluqçusunun ən qiymətli kapitalıdır. Bu etimadı qorumaq üçün onun fəaliyyətində yalnız hüquqi və inzibati meyarlar deyil, həm də mənəvi məsuliyyət və vətəndaşa xidmət fəlsəfəsi aparıcı rol oynamalıdır.
6. Qusar rayonunun sosial-iqtisadi və mədəni inkişafına yaxından bələd olan, uzun illər dövlət idarəçiliyində çalışmış bir şəxs kimi, siz bu bölgənin idarəetmə spesifikasını necə dəyərləndirirsiniz? Rayonun coğrafi mövqeyi, etnik-mədəni müxtəlifliyi və təbii resursları idarəetmə qərarlarının qəbulunda hansı strateji üstünlüklər və institusional çağırışlar yaradır?
Qusar rayonu coğrafi mövqeyi, sosial tərkibi və təbii resursları ilə fərqlənən xüsusi idarəetmə spesifikasına malikdir. Burada idarəetmə prosesi təkcə inzibati funksiyaların icrası ilə məhdudlaşmır, həm də bölgənin multikultural strukturu, turizm və kənd təsərrüfatı potensialı nəzərə alınaraq strateji yanaşma tələb edir.
Rayonun dağlıq relyefi, sərhədyanı mövqeyi və turizm baxımından əlverişli iqlimi onu həm təhlükəsizlik, həm də investisiya baxımından mühüm əraziyə çevirir. Bu isə infrastrukturun genişləndirilməsi, sərhəd siyasəti və turizm sektorunun inkişafı kimi sahələrdə kompleks yanaşmanı vacib edir.
Eyni zamanda, Qusar multikultural dəyərləri ilə seçilir – burada ləzgilər, azərbaycanlılar və digər etnik qruplar birgə yaşayır. Bu zənginlik dövlətin mədəni siyasətinə uyğun uğurla yönləndirilməli, ictimai iştirakçılıq və etnik harmoniyanın qorunması daim diqqətdə saxlanmalıdır.
Təbii resurslar – su ehtiyatları, kənd təsərrüfatına yararlı torpaqlar və meşələr – iqtisadi inkişaf üçün böyük imkanlar yaratsa da, onların səmərəli idarə olunması üçün infrastruktur, kadr hazırlığı mexanizmlərində müəyyən problemlər mövcuddur. Eyni zamanda, resurs əsaslı inkişafla insan yönümlü sosial idarəetmə arasında tarazlıq qorunmalıdır.
Nəticə etibarilə, Qusarda uğurlu idarəetmə yanaşması lokal xüsusiyyətləri və milli strategiyanı uzlaşdıran, çevik, inklüziv və resurs yönümlü bir model tələb edir.
7. Sizin fikrinizcə, Qusar rayonunun sosial və iqtisadi inkişafında növbəti mərhələdə hansı istiqamətlər prioritet olmalıdır? Turizm, kənd təsərrüfatı, yoxsa sənaye potensialı? Əgər siz bu gün Qusar rayonunun gələcəyinə dair bir strateji yol xəritəsi hazırlamalı olsaydınız, bu xəritədə ilk üç başlıq nə olardı?
Qusar rayonunun növbəti inkişaf mərhələsində əsas prioritetlər mövcud potensial və regional reallıqlar əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan turizm sektoru strateji istiqamət olaraq ön planda qalmalıdır. Rayonun təbii gözəllikləri, iqlimi, Şahdağ Turizm Kompleksi kimi infrastruktur imkanları, eləcə də multikultural mühiti bu sahənin inkişafı üçün əlverişli zəmin yaradır. Lakin bu potensialdan tam istifadə etmək üçün təkcə infrastruktur deyil, həm də xidmət keyfiyyəti, insan resurslarının hazırlanması və yerli icmaların bu prosesə aktiv inteqrasiyası təmin olunmalıdır.
Kənd təsərrüfatı da iqtisadi strukturun dayanıqlı hissəsi kimi xüsusi diqqət tələb edir. Torpaq-iqlim şəraiti, təmiz su ehtiyatları və kənd təsərrüfatı ənənələri yüksək keyfiyyətli, rəqabətqabiliyyətli və ixrac yönümlü məhsul istehsalına imkan verir. Emal, qablaşdırma və satış mərhələlərini əhatə edən aqrar dəyər zəncirinin formalaşdırılması bu sahədə səmərəliliyi artırar. Eyni zamanda, kənd təsərrüfatı ilə turizmin sintezi olan aqro-turizmə də üstünlük verilməsi iqtisadi sahələr arasında sinerji yarada bilər.
Rayonun sənaye potensialı daha çox kiçik və orta həcmli, lokal resurslara əsaslanan sahələrlə inkişaf etdirilməlidir. Buraya kənd təsərrüfatı məhsullarının emalı, ağac emalı və təmiz texnologiyalara əsaslanan müəssisələr daxildir. Belə bir yanaşma həm ətraf mühitin qorunmasına, həm də yerli məşğulluğun artmasına xidmət edər.
Bütövlükdə Qusarın sosial-iqtisadi inkişafında əsas məqsəd təbii və mədəni sərvətlərin qorunaraq iqtisadi aktivliyə çevrilməsi, gənclərin potensialından istifadə və idarəetmədə innovativ yanaşmaların tətbiqi ilə rayonu regional səviyyədə nümunəvi inkişaf modelinə çevirmək olmalıdır.
Müsahibəyə görə təşəkkür edirik!
***
Milli Qurtuluşun strateji irsi – tarixçinin gözü ilə
Azərbaycanın müasir tarixində elə hadisələr var ki, zaman keçsə də onların milli yaddaşdakı çəkisi azalmır, əksinə – daha da böyüyür. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə taleyüklü tarixlərdən biridir.
Müsahibimiz – Qusar Rayon Ağsaqqallar Şurasının sədri, tarixçi Sənan Xəlilovla 1990-cı illərin mürəkkəb ictimai-siyasi reallıqlarından başlayaraq , ümummilli lider Heydər Əliyevin siyasi xilaskarlıq missiyası, həmin dövrdə atılan strateji addımların bu günkü dövlət modelinə təsiri və milli identitetin qorunması mövzuları ətrafında əhatəli söhbət etdik.
Müsahibəni təqdim edirik.
1. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan Respublikasının müstəqil dövlətçiliyi tarixində hansı əhəmiyyətli mərhələni ifadə edir?
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan Respublikasının müstəqil dövlətçiliyi tarixində dönüş nöqtəsi, dirçəliş mərhələsini ifadə edir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz son dərəcə ağır və təhlükəli bir dövr yaşayırdı. Respublikada idarəçilik böhranı hökm sürür, dövlət institutları iflic vəziyyətə düşmüşdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, cəbhədə vəziyyət kritik həddə çatmışdı. Daxildə isə silahlı dəstələrin özbaşınalığı, separatçılıq meyilləri, cinayətkarlığın artması və siyasi çəkişmələr ölkəni vətəndaş müharibəsi və dağılma təhlükəsi ilə üz-üzə qoymuşdu.
Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Bu hadisə ölkənin müasir tarixində yalnız siyasi dəyişiklik deyil, həm də dövlətçiliyimizin xilası, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi baxımından həlledici mərhələ oldu. Bu tarixdən başlayaraq Azərbaycanda anarxiya və xaosa son qoyuldu, hüquqi-siyasi sabitliyin təməli qoyuldu və yeni bir inkişaf mərhələsinə qədəm qoyuldu.
Daha sonra, 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin ümumxalq səsverməsi ilə Prezident seçilməsi ilə dövlət idarəetməsində stabillik və davamlılıq təmin olundu. Onun rəhbərliyi ilə aparılan uzaqgörən siyasət nəticəsində Azərbaycan dağılmaqdan, müstəqilliyini itirməkdən xilas oldu, vətəndaş həmrəyliyi, iqtisadi dirçəliş və beynəlxalq nüfuzun artması istiqamətində mühüm addımlar atıldı.
Beləliklə, 15 İyun – Milli Qurtuluş Günü müstəqil Azərbaycanın ikinci dəfə doğulduğu, dövlətçiliyimizin qorunduğu, sabitliyin və inkişafın əsasının qoyulduğu tarix kimi əbədi yaddaşımıza həkk olunmuşdur. Bu gün təkcə bir təqvim hadisəsi deyil, həm də milli birliyimizin təntənəsidir.
2. Tarixşünaslıqda “qurtuluş” anlayışının elmi izahı nədir və 15 İyun bu anlayışın hansı forması ilə səciyyələnir?
Tarixşünaslıqda “qurtuluş” anlayışı geniş mənada bir xalqın və ya dövlətin mövcudluğunu, suverenliyini və siyasi varlığını təhlükə altına salan daxili və xarici təhdidlərdən xilas olaraq, müstəqil, sabit və idarə olunan bir sistemə keçidini ifadə edir. Bu anlayış yalnız fiziki işğaldan azad olmaq deyil, eyni zamanda ictimai-siyasi nizamsızlıqdan, hüquqi boşluqlardan və xaotik idarəetmədən qurtulmaq kimi kompleks məzmun daşıyır.
Azərbaycan tarixində bu anlayışın ən parlaq və real təcəssümü məhz 1993-cü il 15 İyun – Milli Qurtuluş Günü ilə bağlıdır. Çünki həmin dövr ölkəmizin dövlətçilik tarixi baxımından son dərəcə təhlükəli bir mərhələ idi. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası post-sovet məkanında ayaqda durmağa çalışan gənc və təcrübəsiz bir dövlət idi. Ölkənin sərhədləri təhlükə altında, ərazisinin 20 faizi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş, ordu sistemi nizamsız, sənaye infrastrukturu isə dağılmış vəziyyətdə idi.
Bu arada cəmiyyətdə xaos, siyasi qarşıdurmalar və silahlı dəstələrin özbaşınalığı geniş yayılmış, mərkəzi hakimiyyətin nəzarəti zəifləyərək ölkəni faktiki parçalanma həddinə gətirmişdi. Yaranmış bu vəziyyət dövlətin suverenliyi və mövcudluğu üçün real təhlükə təşkil edirdi.
Məhz belə bir şəraitdə, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə “qurtuluş” anlayışı gerçəyə çevrildi. Bu tarixdən etibarən ölkədə siyasi sabitliyin təmin olunması, hüquqi və institusional islahatların başlanması, ordunun təşkilatlanması, iqtisadi dirçəlişin əsasının qoyulması istiqamətində ciddi addımlar atıldı.
44 günlük Vətən müharibəsində isə bu qurtuluş prosesi özünün yeni mərhələsinə qədəm qoydu – Azərbaycan Silahlı Qüvvələrinin, rəşadətli ordumuzun sarsılmaz iradəsi və əzmi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Bu isə sübut etdi ki, əsası 1993-cü ilin 15 iyununda qoyulmuş qurtuluş siyasəti tarixi nəticələrini vermiş, Azərbaycan güclü və qalib bir dövlətə çevrilmişdir.
Beləliklə, 15 İyun tarixşünaslıqda “qurtuluş” anlayışının həm siyasi, həm hüquqi, həm də mənəvi anlamda bərpasını və real nəticələrə yönələn dövlətçilik konsepsiyasını ifadə edən unikal bir hadisə kimi qiymətləndirilir.
3. 1991-1993-cü illərdə post-sovet Azərbaycanında baş vermiş siyasi kataklizmləri və bu kontekstdə yaranan idarəetmə böhranını necə xarakterizə edərdiniz?
1991–1993-cü illər post-sovet Azərbaycanında siyasi kataklizmlər və idarəetmə böhranı ölkənin müstəqil dövlət kimi formalaşması prosesini ciddi təhlükə altına almışdı. Sovet imperiyasının süqutu ilə birlikdə Azərbaycanda da yeni siyasi və inzibati sistemin qurulması zərurəti yaranmışdı. Lakin bu keçid mərhələsində təcrübəsizlik, konseptual yanaşmanın olmaması və kadr siyasətində buraxılan ciddi səhvlər dövlət idarəçiliyində xaosa və böhrana gətirib çıxardı.
Həmin dövrdə dövlət strukturlarında səriştəsiz, siyasi təfəkkür və idarəetmə bacarığı olmayan şəxslərin mühüm vəzifələrə gətirilməsi idarəçilik sisteminin iflic olmasına səbəb oldu. Strateji qərarların qəbulunda ardıcıllıq və koordinasiya yox idi, yerli və mərkəzi hakimiyyət orqanları arasında ciddi uyğunsuzluqlar yaşanırdı. Paralel strukturlar, silahlı dəstələrin siyasi proseslərə müdaxiləsi, fərqli siyasi qruplar arasında hakimiyyət uğrunda mübarizə ümumi idarəetmə sistemini zəiflətmişdi.
İdarəetmənin bu şəkildə zəifləməsi nəticəsində dövlətin əsas funksiyaları – sabitliyi qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək və inkişaf üçün strateji qərarlar qəbul etmək – demək olar ki, həyata keçirilə bilmirdi. Bütün bunlar ictimai narazılığın artmasına, regionlarda separatizm meyillərinin güclənməsinə və ölkənin de-fakto parçalanmaq təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu.
Bu kontekstdə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni bir idarəetmə fəlsəfəsi və dövlətçilik yanaşması formalaşdı. Dərin dövlətçilik ənənələrinə söykənən bu yanaşma ilk növbədə kadr islahatlarını əhatə etdi – dövlət strukturlarında səriştəli, təcrübəli və milli maraqları üstün tutan şəxslərin vəzifəyə gətirilməsi dövlət aparatının funksional və effektiv fəaliyyətini bərpa etdi.
4. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi rəhbərliyə qayıdışı Azərbaycan tarixində hansı strateji və ideoloji boşluğu doldurdu? Sizcə, Heydər Əliyevin bu qayıdışı sadəcə siyasi hadisə idi, yoxsa milli identitetin və dövlət modelinin yenidən təşəkkülüdür?
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, sadəcə bir siyasi dəyişiklik deyil, həm də Azərbaycan dövlətçiliyində mövcud olan strateji, ideoloji və institusional boşluğun fundamental şəkildə doldurulması idi. 1991–1993-cü illərdə ölkədə hökm sürən idarəetmə böhranı, siyasi qeyri-sabitlik, milli həmrəyliyin yoxluğu və dövlət strukturlarının zəifliyi Azərbaycanın suverenliyini ciddi təhlükə altına salmışdı. Həmin dövrdə ölkə həm xarici təhdidlər – Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti, həm də daxili siyasi parçalanma və silahlı dəstələrin özbaşınalığı ilə üzləşmişdi.
Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı milli identitetin, suveren dövlətçilik modelinin və strateji inkişaf kursunun əsaslı şəkildə təşəkkül tapmasına gətirib çıxardı. İlk olaraq, ölkədəki hərc-mərcliyə son qoyuldu, hüquq və qanunçuluq prinsiplərinə əsaslanan sabit cəmiyyət formalaşdırıldı. Daha sonra “Əsrin müqaviləsi” kimi tanınan neft strategiyası həyata keçirildi. Bu mühüm iqtisadi qərar yalnız ölkəyə milyardlarla xarici investisiya cəlb etməklə kifayətlənmədi, eyni zamanda Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirdi, onun geosiyasi və geoiqtisadi statusunu tamamilə dəyişdi.
Heydər Əliyev dövləti sadəcə idarə etmədi – o, dövləti yenidən qurdu. Onun rəhbərliyi ilə idarəçilik mədəniyyəti formalaşdı, dövlət aparatında meritokratiya və peşəkarlıq prinsipləri gücləndirildi, milli ideologiya bərpa edildi və vətəndaşlarda dövlətə inam hissi yenidən dirçəldi.
Buna görə də Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı sadəcə bir siyasi hadisə deyil, eyni zamanda milli dirçəlişin, ideoloji qurtuluşun və çağdaş dövlətçilik modelinin əsasını qoyan tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu qayıdışla Azərbaycan təkcə böhrandan çıxmadı, həm də gələcəyə doğru inamla irəliləyən modern və güclü dövlətə çevrildi.
5. Azərbaycan dövlətinin Konstitusiya əsasları, ordusu, diplomatik əlaqələri və iqtisadi modeli məhz bu dövrdə necə sistemləşdirildi?
Azərbaycan dövlətinin Konstitusiya əsaslarının, ordu quruculuğunun, diplomatik əlaqələrinin və iqtisadi modelinin sistemli şəkildə formalaşdırılması məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra – 1993-cü ildən etibarən başlanmışdır. Bu dövr yalnız müstəqil dövlətin möhkəmləndirilməsi baxımından deyil, həm də onun sabit, funksional və gələcəyə hesablanmış idarəçilik modelinin yaradılması baxımından həlledici mərhələ kimi tarixə düşmüşdür.
Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlətin qurulması və konstitusion əsasların müəyyən olunması istiqamətində sistemli addımlar atıldı. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu. Bu sənəd dövlətin hüquqi bazasını müəyyən etdi, hakimiyyət bölgüsü prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyəti – aydın şəkildə təsbit edildi. Konstitusiya insan hüquq və azadlıqlarının qorunması, siyasi sabitlik və demokratik dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan Silahlı Qüvvələrinin təşkili və peşəkar ordu modelinin yaradılması prosesi sürətləndirildi. Əsaslı struktur islahatları həyata keçirildi, vahid komandanlıq prinsipi bərqərar olundu. Həmçinin, hərbi təhsil sahəsində də mühüm addımlar atıldı. Bu kontekstdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu təhsil müəssisəsi Azərbaycan Ordusunun parlaq, intizamlı və vətənpərvər zabitlərlə təmin olunmasında mühüm rol oynamışdır.
Bütün bu tədbirlər nəticəsində sonrakı illərdə Azərbaycanın güclü və müasir çağırışlara cavab verən ordusu formalaşdı. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də həmin ordu quruculuğunun məntiqi nəticəsi idi.
1993-cü ildən başlayaraq Azərbaycan müstəqil xarici siyasət kursu formalaşdırdı. Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq təşkilatlarla əlaqələr genişləndirildi, ölkə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, BMT, GUAM və digər platformalarda aktiv rol oynamağa başladı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın geosiyasi əhəmiyyətini artıraraq onu beynəlxalq enerji təhlükəsizliyində strateji tərəfdaşa çevirdi.
Heydər Əliyevin rəhbərliyi ilə ölkədə keçid iqtisadiyyatından bazar iqtisadiyyatına keçid üçün əsaslı islahatlar həyata keçirildi. Özəlləşdirmə proqramları, xarici sərmayənin qorunması, bank və vergi sisteminin təşkili ilə bağlı hüquqi baza yaradıldı. “Əsrin müqaviləsi” ilə ölkəyə milyardlarla dollar investisiya axını başladı. Neft gəlirləri dövlət tərəfindən strateji şəkildə idarə olundu və Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı.
Eyni zamanda qeyri-neft sektorunun inkişafına da təkan verildi, regionların sosial-iqtisadi inkişaf proqramları tərtib olundu. Bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı təkcə enerji sektoru ilə deyil, eyni zamanda kənd təsərrüfatı, sənaye, infrastruktur və xidmət sahələri ilə də möhkəmləndirildi.
Nəticə etibarilə, Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə qayıdışı ilə Azərbaycan Respublikasının konstitusion quruluşu, ordu potensialı, beynəlxalq əlaqələri və iqtisadi strategiyası sistemli şəkildə formalaşaraq müasir dövlətçiliyin təməl sütunlarına çevrildi. Bu proseslər sayəsində Azərbaycan qısa müddətdə sabit, suveren və inkişaf edən bir dövlətə çevrildi.
6. Tarixçi olaraq 15 İyun tarixinin tarixi-siyasi mahiyyətinin cəmiyyət tərəfindən daha dərindən mənimsənilməsi üçün hansı təşəbbüsləri vacib hesab edirsiniz?
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində yalnız siyasi sabitliyin bərpası deyil, həm də müstəqil dövlətçiliyimizin strateji əsaslarının qoyulduğu, milli identitetin və hüquqi idarəetmənin təşəkkül tapdığı mühüm bir dönüş nöqtəsidir. Bu əlamətdar günün cəmiyyət tərəfindən daha dərindən mənimsənməsi və onun ideoloji mahiyyətinin düzgün dərk olunması üçün kompleks və ardıcıl təşəbbüslərin həyata keçirilməsi vacibdir.
İlk növbədə kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziya verilişlərinin rolu xüsusi qeyd olunmalıdır. Tarixi-siyasi mövzulara həsr olunmuş analitik proqramlar, sənədli filmlər, ictimai müzakirələr və intellektual debatlar bu məsələdə maarifləndirmə baxımından mühüm vasitə ola bilər. Televiziya – ən geniş auditoriyaya təsir imkanına malik olan platforma kimi – Milli Qurtuluşun mahiyyətini həm emosional, həm də elmi faktlarla auditoriyaya təqdim etməlidir. Burada təkcə siyasi proseslər yox, həm də xalqın keçirdiyi psixoloji dönüş, ictimai iradənin formalaşması kimi məqamlar da vurğulanmalıdır.
Eyni zamanda, təhsil müəssisələrinin – xüsusilə də orta məktəblər və ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Tarix dərsliklərində 15 İyunun mahiyyəti yalnız xronoloji fakt kimi deyil, həm də milli şüur, dövlətçilik ideologiyası və vətəndaş məsuliyyəti kontekstində şərh olunmalıdır. Universitetlərdə tematik seminarlar, elmi konfranslar, bu mövzuya dair gənclərlə dərin və interaktiv müzakirələr təşkil edilməlidir. Bu, gənc nəslin öz dövlətinin keçdiyi çətin tarixi mərhələləri düşünərək dərk etməsinə kömək edəcək. Bundan əlavə, ictimai rəyin formalaşmasında dövlət qurumları, Qeyri-Hökumət Təşkilatları, media və ziyalılar birgə fəaliyyət göstərməlidirlər.
Nəticə etibarilə, 15 İyun tarixinin cəmiyyət tərəfindən yalnız “bayram” kimi deyil, dövlətçilik dərsi kimi qəbul olunması üçün davamlı təbliğat, elmi yanaşma və mədəni təsir üsullarının paralel şəkildə tətbiqi zəruridir. Bu təşəbbüslər yalnız keçmişi dərk etməyə deyil, həm də gələcək nəsillərə sağlam və vətənpərvər düşüncə mirası qoymağa xidmət edir.
7. 1993-cü ildəki siyasi və institusional dağınıqlıq fonunda atılan strateji addımlar bu gün Azərbaycanın daxili sabitliyi və beynəlxalq mövqeyi üçün hansı təməl rolunu oynamışdır? Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən milli inkişaf və suverenlik strategiyalarında hansı formada davam etdirilir?
1993-cü ildəki siyasi və institusional dağınıqlıq fonunda ümummilli lider Heydər Əliyev tərəfindən atılan strateji addımlar bu gün Azərbaycanın daxili sabitliyinin qorunmasında, müstəqil dövlət modelinin möhkəmləndirilməsində və beynəlxalq mövqeyinin güclənməsində təməl rol oynamışdır. Həmin dövrdə dövlət strukturları iflic vəziyyətdə idi, qanunçuluq pozulmuş, idarəetmə mexanizmləri parçalanmış, silahlı dəstələr arasında qarşıdurmalar dövlətin suverenliyini təhlükə altına almışdı.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə idarəetmənin institusional əsaslarını bərpa etdi, hüquqi dövlətin qurulması istiqamətində fundamental qərarlar qəbul olundu. Yeni Konstitusiyanın qəbulu (1995), milli ordunun formalaşdırılması, dövlətçiliyin ideoloji əsaslarının müəyyən edilməsi və xarici siyasətdə balanslaşdırılmış kursun yaradılması Azərbaycanın gələcək inkişafı üçün möhkəm bünövrə rolunu oynadı.
Eyni zamanda iqtisadiyyatın yenidən qurulması və xarici sərmayənin cəlb olunması sahəsində həyata keçirilən tədbirlər – xüsusilə də “Əsrin müqaviləsi” və Neft Fondu kimi uzunmüddətli mexanizmlərin yaradılması – bu gün Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin edən əsas sütunlara çevrilmişdir. O dövrdə atılan bu strateji addımlar nəticəsində Azərbaycan yalnız daxili sabitliyə nail olmadı, həm də beynəlxalq arenada etibarlı və müstəqil tərəfdaş kimi qəbul olunmağa başladı.
Bu siyasi irs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilərək milli inkişaf və suverenlik strategiyalarında öz davamını tapır. İlham Əliyev bu irsi sadəcə qorumaqla kifayətlənməyib, onu dinamik, müasir və çevik dövlət idarəçiliyi modeli ilə zənginləşdirib. Onun rəhbərliyi ilə həyata keçirilən dayanıqlı iqtisadi inkişaf proqramları, regionların kompleks inkişafı, ordu quruculuğunun gücləndirilməsi, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin məntiqi davamıdır.
Ən mühüm tarixi nəticə isə 2020-ci ildə Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanması, torpaqlarımızın azad olunması və dövlət suverenliyimizin tam bərpa olunması oldu. Bu Zəfər, əslində, 1993-cü ildə qoyulan dövlətçilik əsaslarının və milli birlik ruhunun real təcəssümüdür. Heydər Əliyevin siyasi irsi — bu günün sabit, güclü və qalib Azərbaycanının ideoloji və strateji təməlidir.
Müsahibəyə görə Sənan Xəlilova təşəkkür edirik.
***
Qusar rayonunu təmsil edən “Şahdağ Qusar” futbol komandası 2024-2025-ci illər mövsümündə uğurlu oyun nümayiş etdirərək, çempionluq tituluna sahib çıxmışdır. Mövsüm ərzində məğlubiyyətsiz oyunları və əzmkar çıxışı ilə diqqət çəkən komandanın prezidenti Elçin Cananovla komandanın çempionluğa gedən yoldakı addımları, klubun peşəkar idarəetmə prinsipləri və gələcək planları ilə bağlı həmsöhbət olduq.
Müsahibəni təqdim edirik. 
1.Rəhbərlik etdiyiniz "Şahdağ Qusar" futbol komandası mövsüm ərzində uğurlu nəticələr əldə etmişdir. Klub rəhbəri olaraq, uzunmüddətli inkişaf strategiyanız nədən ibarətdir? Siz "Şahdağ Qusar" ın gələcək vizionunu necə görürsünüz?
“Şahdağ Qusar” futbol klubunun uzunmüddətli inkişaf strategiyasının əsas məqsədi komandanı daha yüksək səviyyəyə qaldırmaq və region futbolunun inkişafına töhfə verməkdir. Keçən il əsas hədəfimiz birinci liqaya vəsiqə qazanmaq idi. Komandamız həmin mövsümdə əzmkarlıq göstərərək üçüncü yeri tutdu və bürünc medallarla kifayətləndi. Bu il isə keçən ilin təcrübəsindən dərs alaraq daha ciddi hazırlıq, planlı taktika və məqsədyönlü fəaliyyətlə qarşımıza qoyduğumuz məqsədə çatdıq. Mövsüm ərzində keçirdiyimiz 26 oyunun 23-də qalib gəldik, 3 oyunu heç-heçə başa vurduq və heç bir məğlubiyyətimiz olmadı. Bu nəticə, ilk növbədə, komandanın birliyinin və azarkeşlərin sonsuz dəstəyinin bariz nümunəsidir. Hazırda əsas məqsədimiz komandanı Premyer Liqaya yüksəltməkdir. Əminəm ki, “Şahdağ Qusar” futbol klubu növbəti mövsümlərdə də uğurları ilə rayonumuzun və ölkəmizin idman şərəfini daha yüksək səviyyədə təmsil edəcək.
2.Klubun peşəkar fəaliyyəti Qusar rayonunun idman həyatına necə təsir göstərir? Bölgədə idman mədəniyyətinin inkişafına, gənclərin futbola marağının artmasına necə töhfə verir?
Azərbaycanın şimal bölgəsi hər zaman idmana xüsusi marağı ilə seçilmişdir. Qusar rayonu da bu baxımdan istisna deyil. Rayon əhalisinin futbola olan marağı və dəstəyi, xüsusilə gənclərin idmana olan həvəsi idman mədəniyyətinin inkişafında mühüm rol oynayır. Qusar rayonunda fəaliyyət göstərən “Şahdağ Qusar” futbol klubu bu prosesin əsas aparıcı qüvvələrindən biridir. Rayonda bir neçə uşaq futbol məktəbinin və komandasının fəaliyyət göstərməsi futbolun kütləviliyini artırır, eyni zamanda gənc istedadların aşkara çıxarılmasına şərait yaradır. Qusar Azərbaycanın yeganə rayonudur ki, ikinci liqada eyni anda iki komanda – “Şahdağ Qusar” və “Qusar” komandaları ilə təmsil olunub. Bu, bölgədə futbola olan marağın və futbolçuların potensialının nə qədər yüksək olduğunu göstərir. “Şahdağ Qusar” futbol klubu öz uğurları ilə yalnız klubun deyil, ümumilikdə rayonun idman həyatının canlanmasına təkan verir. Klubun peşəkar fəaliyyəti Qusarda idman mədəniyyətinin inkişafına, gənclərin futbola və sağlam həyat tərzinə meylinin artmasına mühüm təsir göstərir. Bu həm yeni idmançılar üçün motivasiya mənbəyidir, həm də rayonda futbolun sosial əhəmiyyətini daha da artırır.
3. Mövsüm ərzində keçirdiyiniz bütün oyunları məğlubiyyətsiz başa vurmusunuz. Çempionluq statusu təsadüfi deyildi. Bu uğura aparan prosesin əsas mərhələlərini və qarşılaşdığınız çətinlikləri necə xarakterizə edərdiniz?
2024–2025-ci illər mövsümü “Şahdağ Qusar” futbol klubu üçün çox əlamətdar bir dövr oldu. Bu mövsüm klubun yaranmasının 75-ci ildönümünə təsadüf edirdi və məhz bu tarixi hadisə komandamız üçün həm böyük məsuliyyət, həm də güclü motivasiya mənbəyi oldu. İldönümü çərçivəsində həm futbolçularımız, həm də məşqçi heyətimiz özlərini daha böyük məqsədlərə həsr edərək, hər oyunda maksimum əzmkarlıq nümayiş etdirdilər. Mövsüm ərzində qarşılaşdığımız rəqiblər güclü və iddialı idi. Xüsusən son tura qədər çempionluq statusunun qeyri-müəyyən qalması yarışın gərginliyini daha da artırdı. Hər matç bizim üçün çətin sınaq idi və futbolçular həm texniki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazır olmalı idilər. Yekunda mövsüm ərzində bütün oyunları məğlubiyyətsiz başa vurmağımız təsadüfi deyildi. Hər bir qələbə arxasında planlı hazırlıq, məşqçi heyətinin peşəkar yanaşması və oyunçuların yüksək intizamı dayanırdı. Mövsüm ərzində qapımıza cəmi 8 top buraxdıq ki, bu da müdafiə xəttinin təşkilatçılıq və dayanıqlığının bariz nümunəsidir.
4.Çempionluq uğurunu təşkilati idarəetmə baxımından necə izah edərdiniz? Bu uğur planlı strategiyanın nəticəsidir, yoxsa daha çox texniki heyətin taktiki üstünlüyü ilə bağlı idi?
“Şahdağ Qusar” futbol klubunun çempionluq uğuru hərtərəfli hazırlıq və planlı strategiyanın nəticəsi idi. Mövsüm başlamazdan əvvəl qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün səmərəli idarəetmə modeli qurduq. Bu idarəetmə prosesi həm maddi-texniki bazanın gücləndirilməsini, həm də oyunçuların və texniki heyətin qarşılıqlı əməkdaşlığını əhatə edirdi. Bu bizə komanda daxilində yüksək motivasiya və intizam mühiti yaratmağa imkan verdi. İdarəetmə baxımından komandanın hərtərəfli dəstəklənməsi, məşqlərin düzgün planlaşdırılması və futbolçuların oyun təcrübəsinin artırılması əsas prioritetlərdən biri oldu. Bundan əlavə, texniki heyətin peşəkar fəaliyyəti və oyunlara taktiki hazırlığı da uğurun ayrılmaz tərkib hissəsi idi. Hər oyun üçün fərqli taktiki yanaşmaların tətbiq edilməsi, rəqiblərin güclü və zəif tərəflərinin düzgün analiz olunması və oyun planının buna uyğunlaşdırılması nəticəsində komanda mövsüm ərzində məğlubiyyətsiz irəlilədi. Beləliklə, “Şahdağ Qusar” futbol klubunun çempionluq uğuru həm planlı təşkilati idarəetmənin, həm də texniki heyətin taktiki üstünlüyünün birgə nəticəsi kimi dəyərləndirilə bilər. Bu sinerji komandanın hərtərəfli inkişafına və davamlı uğurlarına möhkəm təməl yaratdı.
5. Əsas rəqibiniz olan "Şəfa" komandası ilə oyun və finalda "Dinamo" ilə qarşılaşma liderlik mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edən oyunlar idi. Siz bu görüşləri necə qiymətləndirirsiniz? Texniki- taktiki baxımdan bu oyunlara necə hazırlaşmışdınız?
Mövsümün gedişində “Şahdağ Qusar” futbol klubu üçün ən önəmli oyunlar “Şəfa” və “Dinamo” komandalarına qarşı keçirilən qarşılaşmalar oldu. İlk dövrlərdə çempionluq uğrunda bir neçə komanda mübarizə aparsa da, oyunlar irəlilədikcə rəqiblər xal itirməyə başladılar. Bu vəziyyətdə əsas rəqibimiz “Şəfa” komandası idi. “Şəfa” ilə oyun gərgin mübarizə şəraitində keçdi. Tribunaların dolması, azarkeşlərin böyük həvəsi və rayon rəhbərliyinin inamı və dəstəyi futbolçularımız üçün həm əlavə motivasiya, həm də çox böyük məsuliyyət idi. Komanda texniki heyətin rəhbərliyi ilə bu oyuna xüsusi hazırlıqla yanaşdı. Hər iki oyunda komandaların oyun üslubunun hər bir detalı incələnmişdi. Bu oyunlarda əldə olunan uğurlar klubun yalnız meydandakı gücünü deyil, həm də təşkilati və texniki hazırlığın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Komanda bütün mövsüm boyu olduğu kimi, bu iki çətin qarşılaşmada da əsl komanda ruhunu və əzmkarlığını göstərərək, mövsümü çempion kimi başa vurmağı bacardı.
6.Şahdağ Qusar futbol klubunun oyunlarında möhtəşəm azarkeş dəstəyinin şahidi olurduq. Sizin fikrinizcə, bu güclü azarkeş dəstəyi komandanın performansına, psixoloji hazırlığına necə təsir göstərirdi? Klubun azarkeşlərlə əlaqəsi, ictimaiyyətlə əlaqələr strategiyası necə qurulub?
“Şahdağ Qusar” futbol klubunun oyunlarında tribunaların dolması və azarkeşlərin coşqulu dəstəyi komanda üçün motivasiya baxımından əvəzsiz rol oynadı. Futbolçular tribunada azarkeşlərini gördükdə, meydanda mükəmməl oyun nümayiş etdirməyə çalışırdılar. Azarkeşlərin daim yanımızda olması komandanın psixoloji hazırlığına da böyük təsir göstərirdi. Gərgin oyunlarda tribunaların gurultusu futbolçulara əlavə güc verirdi və meydanda daha əzmkar çıxış etmələrinə şərait yaradırdı. Qusar ictimaiyyəti və azarkeşlər qarşısında məsuliyyət hissimiz çox böyük idi. Biz öz aramızda hər zaman deyirdik ki, bu çempionluq Qusar xalqına, bizi bütün mövsüm boyu dəstəkləyən insanlara hədiyyə olmalıdır. Buna görə də komandamız yalnız öz uğuru üçün deyil, eyni zamanda azarkeşlərin ümidlərini doğrultmaq üçün əzmlə mübarizə apardı. Sonda, komanda olaraq çempionluq kubokunu Qusara gətirməyi bacardıq. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun göstərişi ilə Qusar Rayon Mərkəzi Meydanında möhtəşəm qarşılanma mərasimi baş tutdu. Sevincimizi azarkeşlərimizlə və bütün rayon ictimaiyyəti ilə bölüşmək imkanımız oldu.
7.Çempionluqdan sonra klubun qarşısında dayanan əsas çağırışlar hansılardır? Yeni uğurlar üçün hər hansı struktur dəyişiklikləri nəzərdə tutulurmu?
“Şahdağ Qusar” futbol klubu üçün çempionluq yalnız böyük nailiyyət deyil, həm də yeni mərhələnin başlanğıcıdır. Qarşıda duran əsas çağırışlardan biri heyətin gücləndirilməsi və mövcud strukturun təkmilləşdirilməsidir. Peşəkar liqa çempionluğu kluba həm reputasiya, həm də məsuliyyət qazandırır. Növbəti mövsümdə bu səviyyəni qoruyub saxlamaq və daha yüksək uğurlara imza atmağa çalışacağıq. Bütün bu addımların məqsədi klubun davamlı inkişafını təmin etməkdir. “Şahdağ Qusar” futbol klubunun əsas prioriteti yalnız qısamüddətli nəticələrə deyil, həm də uzunmüddətli strategiyaya əsaslanan möhkəm təməl üzərində gələcəkdə daha böyük uğurlara imza atmaqdır.
8.Son olaraq, rayon ictimaiyyəti, futbolsevərlər və azarkeşlərinizə çatdırmaq istədiyiniz vacib mesajınız varmı?
“Şahdağ Qusar” futbol klubunun uğurları yalnız komandanın deyil, bütövlükdə Qusar ictimaiyyətinin və hər bir azarkeşimizin qələbəsidir. Azarkeşlərin hər oyunda coşqu ilə komandamızı dəstəkləməsi bizim üçün böyük stimul idi. Eyni zamanda, rayon rəhbərliyinə bizlərə göstərilən diqqət və qayğıya, dəstəyə görə öz dərin minnətdarlığımı bildirirəm. Rayon ictimaiyyətinə, futbolsevərlərə və azarkeşlərimizə çatdırmaq istədiyim əsas mesaj budur ki, bu qələbə sizin qələbənizdir. Siz bizim arxamızda möhkəm dayandınız, biz də əlimizdən gələni etdik ki, sizin ümidlərinizi doğruldaq. Qarşıda daha böyük planlarımız var. Klubun uzunmüddətli inkişafı üçün çalışırıq və əmin olun ki, komandamız Qusarın adını yüksək səviyyədə təmsil etməyə davam edəcək. Rayon rəhbərliyi, azarkeşlər və bütün Qusar ictimaiyyəti ilə birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza inanıram. Təşəkkür edirəm!
***
Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzi Hil kənd Folklor evinin direktor əvəzi İsrafilov İkraməddin Murad oğlu ilə müsahibə
Hər bir xalqın tarixi, adət-ənənələri onun mədəniyyətində təcəssüm olunur. Yəni xalq öz mədəniyyəti ilə tanınır.
Qədim tarixə malik mədəniyyətimizin mühüm bir şaxəsini folklor yaradıcılığı təşkil edir. Folklor bir xalqın ruhunu, tarixini və dünyagörüşünü əks etdirən ənənəvi yaradıcılıq nümunələridir.
Azərbaycanın qədim tarixə malik xalq yaradıcılığı və qeyri-maddi mədəni irsinin qorunması, zənginləşdirilməsi və təbliğində bədii özfəaliyyət kollektivləri, dərnəkləri və birliklərin xüsusi rolu vardır. Bu baxımdan geniş yaradıcılıq imkanları və potensialına malik "Mel" folklor kollektivinin adını xüsusilə qeyd etmək lazımdır. Çoxəsrlik ənənələri folklor nümunələrimizdə yaşadan ləzgi ansamblının rəhbəri İkraməddin İsrafilov ilə həmsöhbət olduq.
Müsahibəni təqdim edirik.
1.Qusarda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin böyük hissəsini təşkil edən ləzgilər tarixin bütün dövrlərində öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar. Bu adətlərin qorunması və təbliğində uzun illər əməyi olan insanları bir arada birləşdirən “Mel” folklor ansamblının tarixi haqqında ətraflı məlumat almaq istərdik.
Hil kəndində folklor ansamblının yaranma tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. 1976-cı ildə kənd mədəniyyət evində yaradılan “Mel” folklor ansamblı yerli əhalinin iməcilik adəti olan “mel”in təbliği ilə məşğuldur. Ansambl həmin vaxt sovxozun fəhlələrindən, məktəblilərdən və mədəniyyət evinin işçilərindən təşkil olunmuşdur. Daha sonra fəaliyyətini daha da genişləndirərək 1987-ci ildə “Mel” “Xalq kollektivi” adına layiq görülmüşdür.
2.Xalqın adət-ənənələrinin qorunması və tanıdılmasında ansamblın rolunu necə qiymətləndirirsiz?
Folklor kollektivi rəngarəng musiqilər təqdim etməklə yanaşı, eyni zamanda, Qusar rayonuna məxsus qədim el sənətkarlıq nümunələrinin təbliğini də həyata keçirir. “Mel” sözünün mənası könüllü iməcilik deməkdir. Eyniadlı folklor ansamblının təqdim etdiyi musiqili quruluşlarda da bu, öz əksini tapır. Kollektivin bayram şənliklərində təqdim etdiyi quruluşlarda xalqın adət-ənənələrinin tanıdılması xüsusi yer tutur. Təqdimatımızı izləyənlər qədim adətlərimizdən xəbər tuturlar. Bizim də əsas məqsədimiz folklorumuzu yaşatmaqdır.
3.Folklor ansamblının repertuarında hansı musiqilər üstünlük təşkil edir? Musiqili kompozisiyalarda nə təsvir edilir?
Musiqi qrupunun repertuarına, əsasən, ləzgilərə məxsus unudulmaqda olan qədim musiqilər, el nəğmələri və vətənpərvər ruhlu ifalar salınmışdır. Təqdim edilən əsas kompozisiyalardan birində gəlin köçən qızın cehiz hazırlığı təsvir olunub. Burada toy hazırlıqlarını vaxtında yekunlaşdıra bilməyən ailəyə iməcilik təşkil olunaraq kömək edilir.
Folklor qrupu xalça, kilim toxunması, yun əyirib yorğan-döşək salınması və başqa bu kimi işləri el nəğmələrinin müşayiəti ilə təqdim edir. Təqdimat özündə əməyi, yardımsevərliyi təbliğ etməklə yanaşı, elin xeyir-duası ilə qurulan ailələrin möhkəmliyini də ehtiva edir.
Folklor qrupunun üzvləri bayram tədbirlərində yerli sakinlərlə bir yerdə toplaşır, qədim mahnıları səsləndirir, müxtəlif əyləncəli oyunlar keçirir və rəqs edirlər.
Kollektivin repertuarında “Pərizada”, “Alagözlü”, “Zöhrəxanım”, “Gam xrazvay ruş”, “Aşuqdinni ruşan mani”, “Hilividin ruş” kimi mahnılar, “Kaxva”, “Məhərrəmxür”, “Lezgid ruş” kimi oyun havaları əsas yer tutur.
4.“Xalq kollektivi” adına layiq görülmüş, rayon, həmçinin bütün ölkə ərazisində seçilən kollektiv olaraq, yerli folklorun tanıdılması istiqamətində hansı işlər həyata keçirilir?
“Mel” folklor kollektivi 1979-cu ildə respublika festivalında III yerə, bir il sonra isə mədəni-maarif müəssisələrinin fəaliyyətinə ictimai baxışın yekunlarına görə Respublika Mədəniyyət Nazirliyinin keçici Qırmızı bayrağına və pul mükafatına layiq görülmüşdür. 1987-ci ildə keçirilən II Respublika festivalının laureatı olmuş kollektivə həmin il “Xalq kollektivi” adı verilmişdir. 2019-cu ildə Folklor kollektivlərinin zona baxışında iştirak etmişdir, Xaçmaz Ənənəvi Respublika Folklor Festivalının qaliblərindən biri olaraq II yerə layiq görülmüşdür.
Kollektiv ölkə əhəmiyyətli tədbirlərdə də fəallığı ilə seçilir. Ansambl 1 iyun 2024-cü il tarixində Ağsu rayonunda “Tərəkəmə çərşənbəsi” V Beynəlxalq Folklor Festivalında iştirak etmişdir. Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında iştirakı ilə şöhrətini daha da artırmışdır.
***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 nömrəli Yol İstismarı MMC-nin direktoru Güloğlan Əliyevlə müsahibə
15, 16 aprel tarixlərində Qusar rayonu ərazisində müşahidə edilən yağışlı hava şəraiti bir sıra fəsadlara səbəb olmuşdur. Baş vermiş fəsadların aradan qaldırılması məqsədilə rayonun aidiyyəti dövlət qurumları tərəfindən operativ tədbirlər görülmüşdür.
Bu istiqamətdə görülmüş işlərlə bağlı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi 6 nömrəli Yol İstismarı MMC-nin direktoru Güloğlan Əliyevlə müsahibəni təqdim edirik.
1.Yağışlı hava şəraitinin müşahidə olunacağının proqnozunun qabaqcadan verildiyini nəzərə alaraq, hansı qabaqlayıcı tədbirlər görülmüşdür?
Respublika ərazisində gözlənilən yağıntılı hava ilə əlaqədar rayon ərazisində baş verə biləcək hadisələrin və fəsadların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün 14 aprel 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyəti başçısının yanında rayon Fövqəladə hallar komissiyasının iclası keçirilmişdir. İclasda sel sularına məruz qalma ehtimalı olan ərazilər, yaşayış məntəqələri müəyyən edilmiş, sel təhlükəsi olan ərazilərə yaxın yerlərə cəlb oluna biləcək texnikaların sayı dəqiqləşdirilmiş, idarələrdə növbətçiliyin təşkili, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi, təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı rayonun xidmət sahələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.
Verilmiş tapşırıqlara uyğun olaraq, Yol İstismar İdarəsi tərəfindən işçi qüvvənin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi və materialla təmin edilməsi, texnikaların ərazilər üzrə paylanması, işçilərin növbəli iş rejiminin tədbiq olunması işləri həyata keçirilmişdir.
2.Rayon ərazisində müşahidə olunmuş güclü yağış hansı fəsadları törətmiş, fəsadların aradan qaldırılması istiqamətində hansı işlər görülmüşdür?
15, 16 aprel tarixlərində rayon ərazisində güclü yağışla yanaşı, dağ kəndlərində güclü qar müşahidə edilmişdir. Laza kəndi və Sudur nümayəndəliyinin ərazisində 1 metrə yaxın qar oturmuşdur. Həmçinin, güclü yağışla əlaqədar avtomobil yollarından sel sularının keçməsi lil, torpaq və daş-kəsəyin yollarda hərəkətə maneə yaratmasına səbəb olmuşdur. Kuzun, Əniq, Zindanmuruq, Suvacal, Cağar, Çətkün, Xuray, Hil kəndlərində kənd daxili yollar yararsız vəziyyətə düşmüşdür.
Qusar rayon Yol İstismar İdarəsi tərəfindən adı çəkilən kəndlərdə avtoqreyder vasitəsilə yollar yenidən bərpa edilmişdir. Qusar-Həzrə-Zuxul yolunun 33-cü kilometrliyində yolun yağış suları tərəfindən yuyulmuş asfalt örtüyü, Laza və Sudur istiqamətində kəndlərə gedən yollar qardan təmizlənərək, gediş-gəliş bərpa edilmişdir.
3.Laza yolunda qar əriməsi nəticəsində baş vermiş sürüşmə hadisəsindən sonra yolda hərəkətin bərpası istiqamətində hansı tədbirlər görülmüşdür?
Son günlərdə havaların isti keçməsi ilə əlaqədar dağlıq ərazilərə yağmış qarın əriməsi müşahidə olunur. Bu da sürüşmə təhlükəsini qaçılmaz edir.
Qusar-Əniq-Laza avtomobil yolunun 37-ci kilometrliyində iki hissədə torpaq sürüşməsi baş vermişdir. Nəticədə böyük bir qaya parçası yolun hərəkət hissəsinə düşərək yolu bağlamışdır. Operativ müdaxilə nəticəsində qaya parçası texnikalar vasitəsilə parçalanaraq yoldan kənarlaşdırılmışdır.
Qarın əriməsi ilə suyun səviyyəsi artaraq, Qusar-Laza avtomobil yolunun 36-cı kilometrliyində yolun hər iki yamacını yumuşdur. Suyun həcmi çox olduğu üçün həmin yolda quraşdırılmış süni qurğular vasitəsilə suyu kənarlaşdırmaq mümkün olmadığı üçün, əraziyə texnikalar və işçi qüvvəsi cəlb olunmuşdur. Suyun yolun hərəkət hissəsindən kənarlaşdırılması istiqamətində işlər aparılmışdır. Adı çəkilən yollarda hərəkət bərpa edilmişdir.
4.Gələcəkdə baş verə biləcək oxşar hadisələr zamanı yarana biləcək fəsadların minimuma endirilməsi və operativ şəkildə aradan qaldırılması məqsədilə hansı qabaqlayıcı tədbirlərin görülməsi planlaşdırılıb?
Xüsusi ilə qış fəslində qarın yağması nəticəsində yollarda buz örtüklərinin yaranmaması üçün duz, qum, sürtkü materiallarının toplanması kimi tədbirlər həyata keçirilir. Mövcud texnikalar saz vəziyyətdə saxlanılır. Güclü leysan və qarın yağması, küləkli hava şəraiti nəticəsində yollarda yaranan maneələr operativ şəkildə aradan qaldırılır, avtomobil yollarına mütəmadi olaraq baxış keçirilir. Xüsusən də, bu yollarda quraşdırılmış suötürücü boruların giriş və çıxış hissələri yığılan çirkablardan təmizlənir ki, ötürücülük qabiliyyəti aşağı düşməsin.
***
Qusar 1 saylı Mediasiya Təşkilatının direktoru ilə müsahibə

Müsahibəni təqdim edirik.
Qusar 1 saylı Mediasiya Təşkilatı nə vaxtdan fəaliyyətə başlayıb və təşkilatın məqsədləri nədir?
“Qusar 1 saylı Mediasiya Təşkilatı” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 30 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq Mediasiya Şurasının İdarə Heyətinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə Mediasiya Şurasının üzvlüyünə qəbul edilib və təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
18 noyabr 2022-ci il tarixindən etibarən Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən, Şabran rayonları üzrə “Qusar 1 saylı Mediasiya Təşkilatı” fəaliyyət göstərərək vətəndaşların həm könüllü, həmdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada, müraciətlərinə baxırdı, hal-hazırda Qusar, Xaçmaz, Xızı, Siyəzən, Şabran rayonları üzrə vətəndaşların müraciətlərini qəbul edir.
-Radik bəy, Mediasiya nədir? Bu ifadənin mənasını necə açıqlaya bilərik?
“Mediasiya” Azərbaycan üçün artıq yeni söz deyil. Cəmiyyətdə qarşımıza çıxan problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında onun çox böyük rolu ola bilər. Sadəcə, medasiyanın geniş təbliğinə ehtiyac var ki, o, işlək institutlardan birinə çevrilsin.
Mediasiya - mübahisələrin neytral və qərəzsiz, üçüncü tərəfin - mediatorun köməkliyi ilə məhkəmədəkənar həlli metodudur.
Mediasiya prosesi zamanı münaqişə tərəfləri sərbəst olaraq onları qarşılıqlı şəkildə qane edən qərar verirlər. Mediator mübahisəni həll etmir, qərar vermir, tərəflərin mübahisəni həll etməsinə, qərar qəbul etməsinə kömək edir.
- Hansı hallarda mediasiya prosesinə müraciət oluna bilər?
Mediasiya prosesi münaqişə tərəfləri arasında yaxşı münasibətlərin yaradılması və qorunub saxlanması məqsədilə istənilən mübahisə üzrə tətbiq edilə bilər. Qanunvericiliyə uyğun olaraq ailə, əmək və kommersiya mübahisələrində ilkin mediasiya nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, mübahisə tərəflərinin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya müraciət olunmalıdır.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər.
- Mediasiyada insanları hansı xərclər gözləyir?
- Qanunun 36-cı maddəsinə görə, mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir. Eyni zamanda onu da qeyd edək ki, ilkin mediasiya sessiyasının xidmət haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Belə ki, ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə xidmət haqqı 50 manat təşkil edir. İlkin sessiyada çəkilən xərclər 10 manat kimi məhdudlaşdırılmışdır və təsdiq edici sənədlər olduqda tərəflər tərəfindən ödənilir.
- Mediasiya prosesi necə baş tutur?
Mediasiya sessiyaları təkilatın ofisində baxılır. İlkin mediasiya sessiyasında mediator mediasiyanın üstünlükləri bərədə və tərəflərə mediasiya prosesinin qaydaları və proses iştirakçılarının hüquq və vəzifələri barədə məlumat verir. Öz qərəzsizliyini, neytrallığını təsdiq edir. Sonra hər bir tərəf mübahisəni təsvir edir, mövqeyini bildirir, mübahisənin həlli üçün təklif verir. Bundan sonra mediator tərəflərin marağını aydınlaşdır, tərəflərin birgə, qarşılıqlı razılaşma ilə hər bir tərəf üçün sərfəli qərar qəbul etməsinə kömək edir.
-Yarandığı gündən etibarən rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti, baxılan işlərin nəticələri ilə bağlı nə deyə bilərsiniz?
Mediasiya Şurasının son 2024 ilin hesabatına əsasən, Qusar 1 saylı Mediasiya Təşkilatına Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları üzrə 1610 iş daxil olmuşdur. Bunlardan bir tərəfin iştirak etdiyi 749 iş, (316 işə xitam verilmiş), hər iki tərəfin iştirakı etdiyi və baxılmış 545 iş üzrə 223 "Barışıq Sazişi" əldə olunmuşdur.
Azərbaycanın Şimal regionu üzrə bağlanan keyfiyyətli barışıq sazişlərinin sayına görə Qusar 1 saylı Mediasiya təşkilatı ən yüksək uğurlu nəticəni göstərmişdir.
Qusar 1 saylı Mediasiya Təşkilatının əsas məqsədi şəffaflıq, keyfiyyətli barışıq sazişlərinin bağlanılması, vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.
***
"Teatrımızın qədim tarixi ənənələri, gözəl nümunələri var.” Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru ilə müsahibə
Teatr– dünya üzərindəki ən təsirli sənət növlərindən biri olaraq cəmiyyətin psixologiyasına xitab
etməyin ən asan və təsirli yoludur.
Azərbaycanın istənilən guşəsində incəsənətə, o cümlədən teatr sənətinə hörmətlə yanaşılır. Qusar rayonu da mədəniyyəti, incəsənəti, mənəvi irsi ilə seçilən bölgələrimizdən biridir.
Müsahibimiz Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşovdur.
Müsahibəni təqdim edirik
- Faiq bəy, Qusar Dövlət Ləzgi Dram Teatrının tarixindən məlumat verməyinizi istərdik.
Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992 –ci il tarixli 374 saylı qərarı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 26 iyul 1992-ci il tarixli 177 saylı əmri ilə yaradılıb.
Şərəfli bir tarixə malik olan Qusar Dövlət Ləzgi Dram Teatrı zəngin sənət ənənələrinə malik bir kollektivdir.
Müəyyən illərdə teatrın rəhbəri vəzifəsində çalışmış sənətkarların təcrübəsindən yaralanan teatr bu gün zəhmətsevər yaradıcı fəaliyyəti ilə respublikada öz dəst-xətti olan bir sənət ocağına çevrilib. 1992-ci ildən 2017-ci ilədək teatrda 100-ə yaxın səhnə əsəri səhnələşdirilmişdir. Yerli dramaturqlardan Asəf Mehman, Mirzəli Rüstəmov, Şafiddin Gereyxanov və başqa yazarların əsərlərindən yararlanan teatrımızın Azərbaycan klassikləri və müasirlərin yaradıcılığına müraciət edərək hazırladığı tamaşalar tamaşaçı rəğbətini qazanmağa müvəffəq olmuşdur.
- Rayon əhalisinin teatra olan marağı, teatrlarımızın indiki səviyyəsi (o cümlədən Qusar Dövlət Ləzgi Dram Teatrının) sizi qane edirmi?
Teatrlara maraq var. Təbii ki, Bakı ilə bölgə teatrlarına maraq eyni olmayacaq. Ancaq teatrımızı inkişaf etdirməyə çalışırıq. Hal-hazırda teatr çiçəklənən bir dövrünü yaşayır, günü-gündən inkişaf edir. Səhnələşdirilən hər bir tamaşa bədii tərtibatı, dolğun rejissor işi, aktyor oyunu ilə seçilir. Teatrın inkişafında bizə öz diqqət və qayğısını əsirgəməyən Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanova öz dərin minətdarlığımızı bildiririk.
- Teatra rəhbərlik etdiyiniz dövrdən başlayaraq bu sahədə görülən işlər və qazanılan uğurlar haqqında nə deyə bilərsiniz?
Milli teatr prosesində fəal iştirak edən Qusar Dövlət Ləzgi Dram Teatrı fəaliyyəti dövründə Azərbaycanın teatr tarixində əhəmiyyətli yer alaraq, Respublikada keçirilən müxtəlif teatr festivallarında və müsabiqələrdə yaxından iştirak etmiş, Respublikamızda, eləcə də Rusiya Federasiyasının Moskva şəhərində, Dağıstan Respublikasının Qasımkənd rayonlarında rəngarəng tamaşalar ilə çıxış edərək Azərbaycanın milli teatr mədəniyyətini və bədii irsimizi təbliğ etmişdir.
- Teatrda hansı yeniliklər gözlənilir?
Bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının Bakıda premyerası baş tutub. Bu barədə məlumat verməyinizi istərdik.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən "Bölgə Teatrlarının Bakı Premyeraları" adlı layihənin növbəti qonağı Qusar Dövlət Ləzgi Dram Teatrı olmuşdur. Teatr kollektivi tərəfindən Qusar rayonunun Əcəxür kəndində dünyaya göz açan bəstəkar, şair, dramaturq Asəf Mehman oğlu Abdullayevin qələmə aldığı “Sədəf” tamaşasının uğurlu təqdimatına görə diplom ilə təltif olunduq.
- Qusar Dövlət Ləzgi Dram Teatrında nə kimi problemlər var?
Bizim teatrda ciddi problem yoxdur. Problemlər bütün sahələrdə olur. Başa düşüləndir.
- Sizin üçün teatr nədir və müasir cəmiyyətimizdə hansı rola malikdir?
Teatr bir mədəniyyətdir və mədəniyyət olmadan heç bir cəmiyyət, heç bir millət inkişaf edə bilməz. Cəmiyyətin inkişafında teatrın rolu danılmazdır.
Teatrımızın qədim tarixi ənənələri, gözəl nümunələri var. Ümumilli Lider Heydər Əliyevin təbirincə desək. "Milli Teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".
Bu cür də olar. Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi teatr mədəniyyətimizin, milli mənəvi deyərlərimizin, bədi irsimizin inkişafı və qorunması naminə bundan sonra da var qüvvəsi ilə çalışacaqdır.






