1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.
Qusar rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, o cümlədən ümumtəhsil məktəblərində 27 fevral 2026-cı il tarixində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2026-cı il üçün təklif olunan “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərin keçirilməsində əsas məqsəd əhali arasında mülki müdafiə sahəsində bilik və bacarıqların artırılması, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, ekoloji risklərin düzgün qiymətləndirilməsi və onların idarə olunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olmuşdur. Keçirilən tədbirlər çərçivəsində müvafiq qurumların əməkdaşları tərəfindən məlumatlandırma işi aparmış, ekoloji təhlükələr, iqlim dəyişikliklərinin təsirləri, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması yolları barədə ətraflı məlumatlar verilmişdir.
Ümumtəhsil məktəblərində şagirdlər üçün açıq dərslər, maarifləndirici söhbətlər, praktik məşğələlər və təqdimatlar təşkil olunmuş, mülki müdafiə siqnalları, ilkin davranış qaydaları və təhlükəsizlik tədbirləri izah edilmişdir.






