1 Noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür - 2026
30 oktyabr 2026 | 17:50
1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə oktyabrın 30-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov, Mərkəzin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında davam etdirilən tədbirdən əvvəl rayon icra hakimiyyətinin başçısı fermerlərlə səmimi söhbət edib, onların təklif və müraciətlərini dinləyib, mövsümi işlərin gedişi ilə bağlı fikir mübadiləsi aparıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri başda olmaqla, bütün əməkdaşlarını, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu edib. İcra başçısı bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə "Kənd təsərrüfatı işçiləri günü"nün təsis edilməsi dövlətimizin bu sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib və bu gün kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib.
İcra başçısı vurğulayıb ki, kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin olunmasında, ixrac potensialının artırılmasında və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Qusar rayonu aqrar potensialı yüksək olan rayonlardan biri kimi bu inkişafın mərkəzində dayanır və rayonda bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır.
Sonda Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov və Mərkəzin kollektivi onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin bundan sonra da məsuliyyətlə icra olunacağını qeyd ediblər.






