16 Dekabr-Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür
16 dekabr 2025 | 18:39
Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Sərxan Dəmirov və kollektivi Qusar şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov fövqəladə hallar orqanları əməkdaşlarının insan həyatının və əmlakın qorunmasında, fövqəladə vəziyyətlərin qarşısının alınmasında, eləcə də baş vermiş hadisələrin nəticələrinin operativ və peşəkar şəkildə aradan qaldırılmasında göstərdikləri fədakar və məsuliyyətli fəaliyyəti xüsusi qeyd edib. Bu sahədə dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlara, maddi-texniki bazanın gücləndirilməsi və kadr potensialının inkişafına diqqət çəkərək, fövqəladə hallar orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.






