Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi baş tutub

12 avqust 2026 | 14:33
Avqustun 11-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi baş tutub. Avqustun 3-dən 11-dək ölkənin dörd bir yanından Qusara toplaşan 16 yaşadək istedadlı şahmatçılar doqquz gün ərzində gərgin və maraqlı mübarizə aparıblar. Olimpiadada 330-a yaxın yeniyetmə şahmatçı iştirak edib. Yarış 11 turdan ibarət olub və "İsveçrə sistemi" ilə keçirilib. İştirakçılar yaş kateqoriyalarına görə 2 qrupa bölünüblər. A qrupunda 12, 14 və 16 yaşlı, B qrupunda isə 8 və 10 yaşlı yeniyetmələr öz güclərini sınayıblar. A qrupunda I yer tutan 1 oğlan və 1 qız şahmatçı Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.
Bağlanış mərasimini giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov vurğulayıb ki, Qusar rayonunda ilk dəfə belə genişmiqyaslı şahmat yarışı keçirilir: "Qusar bu gün təkcə təbiəti və turizmi ilə deyil, həm də intellektual idmanın inkişafı ilə seçilən rayonlardan biridir. Bu Olimpiadada mübarizə aparan hər bir yeniyetmə bizim üçün artıq qalibdir. Çünki onlar özlərini sınadılar, yeni bilik və bacarıqlar, yeni təcrübələr qazandılar. Əminəm ki, onlar bu sahədə daha da peşəkar olaraq Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldıracaqlar" – deyə icra başçısı bildirib. Sonda Sahir Məmmədxanov yarışın Qusar rayonunda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edərək bütün qalibləri təbrik edib.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov Olimpiadanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. O qeyd edib ki, regionlarda şahmatın kütləviləşdirilməsi Federasiyanın prioritet istiqamətlərindən biridir və Qusarda keçirilən bu yarış həmin strategiyanın uğurlu nümunəsidir: "Son illərdə regionlarda keçirilən yarışlar arasında belə nümunəvi təşkilatçılıq görməmişdim. Olimpiadanın yüksək səviyyədə keçirilməsində əməyi olan Qusar Rayon İcra Hakimiyyətinin başçısına, bütün könüllülərə və digər təşkilatçılara dərin minnətdarlığımı bildirirəm" - deyə Faiq Həsənov vurğulayıb.
Bağlanış mərasimi çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova Azərbaycan Şahmat Federasiyasının adından təşəkkürnamə təqdim olunub. Turnirin təşkilində fəal iştirak edən könüllülərə isə Azərbaycan Şahmat Federasiyasının sertifikatları və Qusar Rayon İcra Hakimiyyətinin adından təşəkkürnamələr təqdim edilib.
Tədbirin davamında mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq dərəcəli hakim, yarışların baş hakimi Azər İbrahimov qaliblərin adlarını elan edib. 8, 10, 12, 14 və 16 yaşlı oğlanlar və qızlar arasında, eləcə də A və B qrupları üzrə I, II və III yerlərin sahibləri diplom, medal və kuboklarla təltif olunublar. Qusar şəhərindən olan ən fəal yeniyetmə şahmatçı da mükafata layiq görülüb.
Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi Qusar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi rəngarəng konsert proqramı ilə yekunlaşıb.
Keçidlər