16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının ikinci gününə start verilib
04 avqust 2026 | 17:37
Avqustun 4-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasının ikinci gününə start verilib. Günün ilk saatlarından etibarən yarış zalında gərgin, lakin xoş bir atmosfer hökm sürür. İştirakçılar bütün diqqət və bacarıqlarını nümayiş etdirərək növbəti gedişləri üzərində düşünür, ciddi idman mübarizəsi aparırlar. Olimpiada təkcə idmançılarda deyil, onları müşayiət edən valideynlərdə də unudulmaz təəssürat yaradıb . Yarış iştirakçılarına mane olmadan valideynlərlə həmsöhbət olduq.
Qusar rayonu sizi necə qarşıladı, ilk təəssüratlarınız necədir?
Leyla Cəfərli: Qusara ilk dəfədir ki qonaq gəlirik. Daha öncə gözəl təbiəti və qonaqpərvərliyi barədə eşitmişdik. Qusarın səliqəli və abad küçələri, şəhərin ümumi görünüşü ilk baxışdan diqqətimizi cəlb etdi. Lakin ən çox yadda qalan Qusar sakinlərinin qonaqpərvərliyi və səmimi münasibəti oldu. Göstərilən diqqətə görə təşəkkür edirik.
Gülnarə Cəbrayılova: Biz Bakı şəhərindən gəlmişik. Səmimi deyim ki, Qusarda qonaqların rahatlığının təmin edilməsi üçün yaradılan şərait, yarışın yüksək səviyyədə təşkili bizləri çox məmnun etdi. Bu, onu göstərir ki, rayonda idman sahəsinin inkişafına xüsusi diqqət yetirilir, idmanın kütləviliyinin artırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Gülsüm Cabbarova: Uşaqlarımız bu yarışa böyük həvəslə gəlmişdilər. Onlar üçün əsas odur ki, həm yarışsınlar, həm də yeni dostlar qazansınlar. Qusarda hər iki məqsədə nail oldular. Burada uşaqlar arasında sağlam rəqabət, bir-birinə hörmət var. Belə əlamətdar tədbirin Qusar rayonunda keçirilməsində yaxından dəstəyinə, yaradılan şərait və yarışın yüksək səviyyədə təşkilinə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısına dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, Respublika Şahmat Olimpiadası ölkənin müxtəlif bölgələrindən 16 yaşadək ən güclü yeniyetmə şahmatçıları bir araya gətirib. Olimpiada avqustun 11-ə qədər davam edəcək.






