18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
20 may 2026 | 14:11
18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Qusar rayonunda silsilə tədbirlər keçirilib. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən qeyd olunan bu əlamətdar gün çərçivəsində rayon ərazisində fəaliyyət göstərən muzeylərdə açıq qapı günləri təşkil edilib.
Mayın 18-də Qusar Rayon Heydər Əliyev Mərkəzində keçirilən regional miqyaslı “Heydər Əliyev və tarixi irsimiz” adlı konfrans Qusar, Quba və Xaçmaz rayonlarının mədəniyyət müəssisələrini bir araya gətirib.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivinin təqdimatında canlı musiqi proqramı tədbirə xüsusi rəng qatıb. İştirakçılar daha sonra Mərkəzin ekspozisiya zalı ilə tanış olublar. “Muzeylərimiz tarixin aynasıdır” adlı foto və kitab sərgisi, eləcə də rəsm sərgisi nümayiş etdirilib.
Konfransın rəsmi hissəsi müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət Himni səsləndirilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Konfransın rəsmi hissəsində çıxış edən natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mədəni irsin qorunması siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qeyd olunub ki, muzeylər dövlətin tarixi yaddaşını qoruyan, milli kimliyin formalaşmasında həlledici rol oynayan qurumlardır. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmasında muzeylər əsas təbliğat vasitəsidir. Natiqlər rayonlararası mədəni əlaqələrin genişləndirilməsinin, birgə müxtəlif tədbirlərin və konfransların təşkilinin həm tarixi irsin təbliği, həm də regionların mədəni inteqrasiyası baxımından vacibliyini qeyd ediblər.
Daha sonra konfransda iştirak edən digər rayon Heydər Əliyev Mərkəzlərinin mövzu ilə bağlı hazırladıqları videoçarxlar nümayiş edilib, iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Beynəlxalq Muzeylər Günü çərçivəsində Qusar Tarix-Diyarşünaslıq Muzeyində “Tarixi irsdə milli dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Rixard Qədimov, əməkdar jurnalist Vidadi Sevzixanov, rayonun ziyalıları və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir. Çıxışlarda bildirilib ki, muzeylər xalqın keçdiyi tarixi yolun sənədli sübutudur və dövlətçilik ənənələrimizin, milli-mənəvi sərvətlərimizin qorunması işinə xidmət edir. Qeyd olunub ki, Qusar rayonunda tarixi-mədəni irsin təbliği istiqamətində həyata keçirilən tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Tədbirdə uzun illər “Qusar” qəzetinin baş redaktoru olmuş əməkdar jurnalist Vidadi Sevzixanov tərəfindən muzeyə mətbuat materialları təqdim edilib. Tədbir musiqi və rəqs nömrələri ilə davam etdirilib.






