Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur

24 sentyabr 2011 | 15:00

Prezident İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur.

Dövlət başçısı Şahdağ qış-yay turizm kompleksinə gələrkən yol boyu görülən işlərin gedişi ilə tanış oldu. Məlumat verildi ki, kompleksə yeni yol çəkilir, çayların üzərində körpülər salınır, torpaq sürüşməsi hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

Şahdağ qış-yay turizm kompleksinə gələn Prezident İlham Əliyevə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizin ən böyük infrastruktur layihələrindən olan bu kompleksin yaradılmasına 2006-cı ildən başlanmışdır. Dövlət başçısının diqqət mərkəzində olan bu nadir kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti yaradılmışdır. 2006-cı ildə elan edilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişlər. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə başlanmışdır. Bu kompleks Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşir. Kompleksin ümumi ərazisi 2 min 58 hektardır. Tikinti aparılan ərazi ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir.

Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşir. Tikinti işləri başa çatdıqdan sonra bu kompleksdə dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar olacaqdır. Bununla yanaşı, turistlər yayda burada dincəlmələri üçün gözəl şərait yaradılacaqdır. Şahdağ qış-yay turizm kompleksi dünyada olan bu tipli komplekslərdən öz nadirliyi və universallığı ilə fərqlənəcək, bütün il boyu fəaliyyət göstərəcəkdir. Kompleks Azərbaycan və dünya turizm sənayesində ən möhtəşəm layihələrdən biri olmaqla dağ-xizək idmanının və digər qış idman növlərinin əsas, lakin yeganə olmayan məkanı kimi fəaliyyət göstərəcəkdir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, artıq kompleksdə tikinti işlərinin böyük hissəsi həyata keçirilmişdir. Lift bazasında inşaat işlərinin gələn ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. 18 min 327 kvadratmetr ərazisi olan lift bazasında üçmərtəbəli bina da tikilmişdir. Bu binada inzibati mərkəzlə yanaşı, restoran, hotel və digər yardımçı xidmətlər yerləşəcəkdir. Bundan əlavə, bazanın ərazisində avtomobillər üçün dayanacaq, uşaq bağçası, xizək icarə xidməti, terras, mağazalar da fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ümumi sahəsi 37,6 hektar olan 6 eniş zolağı da qurulacaqdır.

Prezident İlham Əliyev kompleksə gələn yolların genişləndirilməsi, ümumiyyətlə, burada yol infrastrukturunun mükəmməl formada qurulması ilə bağlı tapşırıqlarını verdi. Dövlət başçısı kompleksdə uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları üçün də yüksək şəraitin yaradılmasına dair göstəriş verdi.

Bildirildi ki, hazırda tikintinin birinci mərhələsi çərçivəsində turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılmışdır. Uzunluğu 1484 metr olan 3 nömrəli liftin tikintisi də başa çatmaq üzrədir. Qar generatoru stansiyasının, yolların, elektrik xətlərinin, kanalizasiya sisteminin, rabitə və içməli su kəmərlərinin çəkilməsi də həyata keçirilir. Artıq kompleksdə kommunikasiya işlərinin 80 faizi yerinə yetirilmişdir.

Turistlərin xizəkdə sürüşməsi üçün süni qarlaşdırma sistemi yaradılır. Bununla əlaqədar bütün enişlərdə qar generatorları quraşdırılmışdır. İndi bu sistemin sınaqdan keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, qarın yığılması və bərkidilməsi üçün xüsusi maşınlar alınmışdır.

Prezident İlham Əliyevə kompleksdə çalışacaq heyət üçün inşa olunan 26 mənzilli dördmərtəbəli yaşayış binasının tikintisi barədə məlumat verildi. Qeyd olundu ki, burada bütün xidmətlərin göstərilməsi üçün tədbirlər həyata keçirilir.

Belə ki, burada camaşırxana, 44 yerlik avtodayanacaq, idman mərkəzi və digər yardımçı sahələr yerləşəcəkdir.

Bildirildi ki, turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulmuşdur. Buraya 35 kilometrlik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 kilometrlik fiber-lifli rabitə xətti, 31 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətti, 35,7 kilometrlik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yollarının, qolf meydançası və restoranı olan klubun, dördulduzlu mehmanxananın, heyət üçün binanın, xırda mehmanxanaların, pansionat və idman qurğularının daxil olduğu “Şahdağ” Gənclər Mərkəzinin, 900 nömrəlik relaks mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulmuşdur. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirməsi planlaşdırılmışdır.

Sonra dövlət başçısı kompleksə daxil olan dördulduzlu “Resort” oteldə tikinti işlərinin gedişi ilə tanış oldu. Bildirildi ki, iki mərtəbəsi yerin altında olmaqla ümumilikdə yeddimərtəbəli otel 340 nəfər üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, SPA mərkəzi, hovuz, xizək məktəbi, idman avadanlığının kirayəsi mərkəzi, kafe, bar, konfrans zalı da bu oteldə fəaliyyət göstərəcəkdir. Otelin 149 avtomobil üçün dayanacağı da tikiləcəkdir.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, bu otelin yaxınlığında daha bir beşulduzlu otel inşa ediləcəkdir. Bununla əlaqədar indi torpaq işləri görülür, yaxın gələcəkdə tikintiyə başlanacaqdır.

Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir.

Turizm kompleksinin tikintisi ilə tanış olan dövlət başçısı daha sonra inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirdi.

Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
 

Keçidlər