20 Noyabr – Ağdam Şəhəri Günü: Azərbaycanın Böyük Zəfəri
19 noyabr 2025 | 22:53
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Ağdam – Azərbaycan tarixinin həm ağrılı, həm də ən şərəfli səhifələrindən biridir. Bir zamanlar dağıdılmış, yerlə-yeksan edilmiş bu şəhər bu gün azadlığın, milli iradənin, yenidən doğuluşun simvoluna çevrilib. Ağdamda bu gün həyat yenidən cücərir, sanki torpaq azadlığın nəfəsini duyur, insan nəfəsi ilə birləşir.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdir. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamışdır. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilmişdir. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilmişdir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınmışdır. Bu tarixi qələbə münasibətilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.






