Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

20 Oktyabr – Energetiklərin peşə bayramı günüdür

20 oktyabr 2026 | 07:48
Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə 20 oktyabr tarixi “Energetiklər Günü” peşə bayramı olaraq təsis edilmişdir.
Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, “Azərişıq” ASC-nin Şimal Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qusar Elektrik Şəbəkəsinin rəisi Mahir Məmmədov və rəhbərlik etdiyi kollektiv tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi yad edilmiş, sonda xatirə şəkli çəkilmişdir.
Daha sonra rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslər rayonun ən böyük kəndi olan, 6000-nə yaxın əhalinin yaşadığı Hil kəndində elektrik şəbəkəsinin yenidən qurulması işlərinin gedişi ilə tanış olublar. “Azərişıq” ASC-nin Şimal Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov və podratçı təşkilatın nümayəndələri tərəfindən icra başçısına Hil kəndində və ümumilikdə rayon ərazisində Azərenerji ASC-i tərəfindən əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə görülən işlərlə bağlı məlumat verilmişdir. Qeyd edilmişdir ki, 1510 ev təsərrüfatının mövcud olduğu kənddə yenidənqurma işlərinə cari ilin aprel ayında “Azərenerji” ASC-nin sifarişi əsasında başlanılıb. Layihənin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Bildirilmişdir ki, cari ildə Çubuqlu, Langi, Bədirqala, Suvacal və Əniq kəndlərinin, Kuzun kəndinin Aladaş, Qalacıq kəndinin Çoban yaşayış massivlərinin, eləcə də əvvəlki illərdən yarımçıq qalmış Əvəcük və Köhnə Xudat kəndlərinin elektrik şəbəkələri tamamilə yenidən qurulmuş, Hil və Gündüzqala kəndlərində isə işlər davam etdirilir. Piral və Xürel kəndlərində yarımçıq qalmış işlərin növbəti aylarda davam etdirilməsi nəzərdə tutulur. Həmçinin rayonun Şirvanlı, Yuxarı Zeyxur və Laza kəndlərində mövcud transformatorlar yeniləri ilə əvəz olunmuşdur. Qeyd edilib ki, cari ildə rayon üzrə 76 ədəd 10 kV-luq, 20 ədəd 0,4 kV-luq metal dayaq, 4 ədəd KRN (ümumilikdə 16 ədəd) və transformator məntəqələrində 7 ədəd yeni ayırıcı quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov energetikləri peşə bayramı münasibətilə təbrik edərək, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və regionların infrastrukturunun yenilənməsində mühüm rol oynadığını vurğulayıb, Rayon Elektrik Şəbəkəsinin rəhbərliyi başda olmaqla bütün kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Rayon Elektrik Şəbəkəsinin işində fərqlənən bir qrup əməkdaşı Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib. Əməkdaşlar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, bundan sonra da əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacaqlarını bildiriblər.
Keçidlər