20 Sentyabr – Dövlət Suverenliyi Günü: Zəfərdən doğan qürur tariximiz
19 sentyabr 2026 | 20:36
Tariximizdə elə günlər var ki, xalqın keçdiyi mübarizə yolunun, milli iradənin və dövlətçilik əzminin rəmzinə çevrilir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü də Azərbaycan xalqının yaddaşında məhz belə əlamətdar tarixlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu gün ölkəmizin dövlət suverenliyinin tam bərpa olunmasını təcəssüm etdirir.
1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan qısa müddət sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərimizin dağıdılması xalqımız qarşısında böyük tarixi sınaqlar yaratdı. Azərbaycan bütün bu illər ərzində ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və qətiyyətli mübarizə apardı.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu mübarizənin ən mühüm mərhələsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə olundu.
Lakin dövlət suverenliyinin tam təmin edilməsi üçün ölkəmizin bütün ərazisində dövlət hakimiyyətinin bərqərar olması vacib idi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və dövlət suverenliyimiz tam bərpa olundu. Beləliklə, Azərbaycan öz ərazisində dövlət hakimiyyətinin tam təmin edilməsinə nail oldu.
Bu gün Zəfərin yaratdığı yeni reallıqlar əsasında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses Azərbaycanın hərbi Zəfərinin siyasi, iqtisadi və sosial müstəvidə davam etdirilməsinin mühüm göstəricisidir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız qazanılmış Zəfəri xatırlamaq üçün deyil, həm də onun yaratdığı imkanları dəyərləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.






