20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Qusar rayonunda silsilə tədbirlər keçirilib
20 yanvar 2026 | 14:55
Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Qusar rayonunda mədəniyyət, təhsil və idman sahələrində silsilə anım tədbirləri keçirilmişdir.
Yanvarın 19-da Qusar Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – Qan yaddaşımız” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat verilmiş, çıxışlarda 20 Yanvar hadisələrinin xalqımızın azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirdiyi, bu faciənin milli birlik, vətənpərvərlik və müstəqillik düşüncəsinin möhkəmlənməsində mühüm tarixi rol oynadığı diqqətə çatdırılmışdır. Tədbir şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirilmiş, sonda 20 Yanvar hadisələrindən bəhs edən “Son anda” filmi nümayiş etdirilmişdir.
Yanvarın 19-da Qusar Şəhər Uşaq İncəsənət Məktəbində də 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuş və videoçarx nümayiş etdirilmişdir.
Yanvarın 19-da Qusar Rayon Mədəniyyət Mərkəzində “Unudulmaz qan yaddaşımız – 20 Yanvar faciəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış edən natiqlər 20 Yanvar faciəsini təkcə qanlı bir tarix kimi deyil, Azərbaycan xalqının milli özünüdərkinin formalaşmasında həlledici mərhələ kimi dəyərləndirmiş, həmin hadisələrin müstəqil dövlətçiliyimizin bərpasına aparan proseslərin ideya və siyasi əsaslarını formalaşdırdığını xüsusi vurğulamışlar. Tədbir 20 Yanvar faciəsi ilə bağlı videoçarxın nümayişi ilə yekunlaşmışdır.
Yanvarın 16-da Qusar Rayon Mərkəzi Kitabxanasında “Azadlığa gedən yolun zirvəsi” adlı anım tədbiri təşkil edilmişdir. Tədbirdə şagirdlərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilmiş, daha sonra “Qan yaddaşımıza yazılan tarix” adlı sərgiyə baxış keçirilmiş və videoçarx nümayiş etdirilmişdir.
Yanvarın 17-də Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qusar Peşə Liseyinin tələbə və müəllim heyətinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar – milli yaddaş və müstəqillik salnaməsi” adlı tarix dərsi təşkil edilmişdir. Eyni zamanda, Qusar Dövlət Rəsm Qalereyasında Qusar Uşaq İncəsənət Məktəbinin şagirdlərinin 20 Yanvar faciəsinə aid əl işlərindən ibarət sərgi təşkil edilmişdir.
Yanvarın 16-da Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil edilmiş, çıxışlar dinlənilmişdir. Tədbir çərçivəsində “20 Yanvarda doğulanlar” adlı sənədli film nümayiş etdirilmişdir. Yanvarın 17-də Qusar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə taekvondo idman növü üzrə Qusar rayon birinciliyi keçirilmişdir. 50 nəfər idmançının iştirak etdiyi yarışda müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyən edilmiş, I, II və III yerlərə layiq görülmüş idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşdur.
Bununla yanaşı, rayonun bütün ümumtəhsil müəssisələrində, o cümlədən Qusar Peşə Liseyində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirləri keçirilmişdir. Ümumtəhsil müəssisələrində dəyirmi masalar və təşkilat saatları təşkil edilmiş, məktəblərdə ilk dərslər 20 Yanvar faciəsinə həsr edilmiş, şagirdlərə faciə barədə ətraflı məlumat verilmişdir. Məktəblərdə ədəbi-bədii kompozisiyalar təşkil olunaraq şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilmişdir.






