Qusarda taxıl biçini davam edir
Qusarda taxıl biçini davam edir
Qusar rayonunda cari ilin məhsulu üçün 15957 hektar sahədə buğda və 7664 hektar sahədə arpa əkilmişdir. Rayonda cəmi əkilmiş 23621 hektar taxıl sahəsinin 14250 hektarı (60,3%-i) dəmyə sahələrdə, 9371 hektarı (39,7%-i) suvarılan torpaqlarda əkilmişdir. İyun ayının 2-ci yarısından etibarən həmin sahələrdə biçin işlərinə başlanılmışdır. Artıq iyul ayının 16-a olan operativ məlumata görə cəmi biçiləcək 23621 hektar taxıl sahəsindən 18499 hektar, yəni 78,3% sahədə biçin aparılmışdır. Belə ki, cəmi biçilməli 7664 hektar arpa sahəsinin 100 faizi biçilmiş, 19160 ton arpa məhsulu yığılaraq rayon üzrə hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil etmişdir. 15957 hektar buğda sahəsindən 10835 hektarında (67,9%) biçin aparılmış, 28171 ton buğda məhsulu tədarük edilmişdir. Hər hektar buğda sahəsindən orta məhsuldarlıq 26 sentner təşkil edir.
Rayonda taxıl biçininin gedişatı ilə tanış olmaq üçün sahələri gəzən rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov sahibkar Əkbər İsayevin biçini aparılan sahəyə gəlmişdir. Sahibkar Ə.İsayev rayon İcra Hakimiyyətinin başçısına məlumat verərək bildirmişdir ki, onun təsərrüfatında 76 hektar sahədə taxıl, o cümlədən 36 hektar buğda, 40 hektar arpa, 8 hektar yonca və 4 hektar kartof əkilmişdir. Havaların quraq keçməsi, çaylarda və kanallarda suyun az olması ilə əlaqədar sahələrin optimal müddətlərdə suvarılmasında problemlərin olmasına baxmayaraq bəzi sahələrdən 35 sentner məhsul götürdüyünü deyən sahibkar əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq, gübrə və pestiçidlərin alınması üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyalara və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar göstərilən qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, taxıl sahələrinin biçini zamanı yanğın təhlükəsizliyi qaydalarına da riayət olunur. Biçindən dərhal sonra sahələrdən keçən magistral qaz və elektrik xətlərinin qoruma zolaqlarında şum sürülür. Kənd inzibati ərazi dairəsi üzrə rayon İcra Hakimiyyəti başçısının nümayəndələri və bələdiyyələr, eləcə də bu məqsədlə yaradılmış “Rayon Qərargahı”nın üzvləri taxıl zəmilərinin, o cümlədən həmin sahələrdən keçən hava elektrik xətlərinin, qaz kəmərlərinin mühafizə zonalarının, meşələrin yanğında qorunması üçün torpaq mülkiyyətçilərinin maarifləndirilməsi və nəzarət tədbirləri həyata keçirilir.