2026-cı ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan Şura iclası keçirilib
18 iyul 2026 | 10:53
İyulun 17-də Qusar Rayon İcra Hakimiyyətində 2026-cı ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan Şura iclası keçirilib. İclasda rayon icra hakimiyyətinin başçısı, şura üzvləri və müvafiq müəssisə rəhbərləri iştirak ediblər. Giriş sözü ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 2026-cı ilin birinci yarımilliyində rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. İcra başçısı ilk olaraq cənab Prezidentin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. İcra başçısının sözlərinə görə, bu Proqram növbəti beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəd olmaqla, kənd təsərrüfatının dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq. Sahir Məmmədxanov bildirib ki, Dövlət Proqramından irəli gələn vəzifələrin rayonda vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən Qərargah yaradılıb və hazırda Proqramda nəzərdə tutulan tədbirlərin icrası üçün “Tədbirlər Planı” hazırlanaraq yaxın günlərdə təsdiq olunacaq. Rayon rəhbəri, həmçinin rayonda icrası davam edən əsas investisiya layihələri haqqında da danışaraq qeyd edib ki, 7 kənddə yaşayan 11 mindən çox əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Bənövşə gölü su anbarının bərpası üçün dövlət başçısı tərəfindən 1 milyon manat vəsait ayrılıb və layihənin icrası üçün podratçı təşkilat müəyyən edilib. Layihənin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Sahir Məmmədxanovun sözlərinə görə, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Belə ki, hazırda 114 mənzildən ibarət 2 ədəd beşmərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. İcra başçısı əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlərin görüldüyünü diqqətə çatdıraraq qeyd edib ki, ödənişli yoldan “Şahdağ” Turizm Mərkəzinə qədər olan ərazidə yerləşən Çubuqlu, Langi, Suvacal, Əniq kəndlərində və Aladaş massivində elektrik şəbəkələrinin yenidən qurulması işləri başa çatdırılıb. Hil, Gündüzqala və Bədirqala kəndlərində isə bu istiqamətdə işlər davam etdirilir. Sahir Məmmədxanov ölkə başçısının Sərəncamına əsasən əsaslı təmirinə ötən il başlanılan 26,7 km uzunluqlu Quxuroba-Hiloba-Yasaboba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunda tikinti işlərinin sürətlə davam etdirildiyini qeyd edib. Rayon rəhbəri cari ilin mart-aprel aylarında rayonda müşahidə edilmiş yağıntılı hava şəraiti nəticəsində sakinlərin təsərrüfatlarına dəymiş ziyanlar barədə də məlumat verərək bildirib ki, fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Hazırda Laza kəndində 2 yerdə körpünün, Qusar-Həzrə yolunun Yasab kəndindən keçən hissəsində və Sudur kəndində keçidlərin tikintisi işləri davam etdirilir. Bununla yanaşı, Həzrə-Zuxul və bu yoldan ayrılan Yuxarı Tahircal, Cağar-Çətkün, Qusar-Laza və Həzrə-Sudur yollarında təmir-bərpa işləri davam etdirilir. Çıxışında icra başçısı təhsil, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələrdən danışıb. Rayon rəhbəri qeyd edib ki, hazırda Kuzunqışlaq kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisi davam edir. Cari ildə 432 şagird yerlik İmamqulukənd, 264 şagird yerlik Yasab, 90 şagird yerlik Həzrə və Qaratoba kəndlərində yeni məktəb binalarının inşasına başlanılması nəzərdə tutulur. İcra başçısı, həmçinin mayın 1-də “ISFA” şirkətinin dəstəyi ilə şəhərin Nəriman Nərimanov adına istirahət parkında təmir edilərək yenidən qurulan “ISFA Sporting” Şahmat Məktəbinin açılışının baş tutduğunu vurğulayaraq, bu layihənin rayon gənclərinin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra rayonun 2026-cı ilin birinci yarımilliyi üzrə əsas makroiqtisadi göstəriciləri barədə məruzə ilə Qusar Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov çıxış edib. O bildirib ki, hesabat dövründə rayon əhalisinin sayı 72 nəfər artaraq 103317 nəfərə çatıb. 2026-cı ilin I yarımilliyində rayonda 177,3 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub. Məruzədə sənaye, nəqliyyat, rabitə və xidmət sahələrində də artım qeydə alındığı vurğulanıb. Belə ki, sənaye məhsulunun istehsalı 18875 min manat təşkil edərək 31 faiz, nəqliyyat xidmətləri 3924,9 min manatla 3,7 faiz, informasiya və rabitə sahəsində xidmətlər isə 2708,9 min manatla 26,2 faiz artıb. Abdulkərim Aşurov qeyd edib ki, cari ilin 6 ayı ərzində rayon iqtisadiyyatına müxtəlif mənbələr hesabına 67922,8 min manat həcmində əsas kapitala yönəldilmiş investisiya yatırılıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. İnvestisiyaların 15,4 faizi dövlət, 84,6 faizi isə qeyri-dövlət mülkiyyətidir. Məşğulluq sahəsində də müsbət dinamika müşahidə olunur. Rayonda iqtisadi fəal əhalinin sayı 55,6 min, məşğul əhalinin sayı isə 53,5 min nəfərdir. Yanvar-iyun aylarında 192 daimi iş yeri açılıb. Onlardan 28-i yeni yaradılmış müəssisələrdə, 164-ü isə mövcud müəssisə və təşkilatlarda yaradılıb. 2026-cı ilin ilk 5 ayında orta aylıq nominal əməkhaqqı 747,6 manat olub. Abdulkərim Aşurovun sözlərinə görə, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsi inkişafın lokomotivi olaraq qalır. Xüsusilə meyvəçilik sahəsində yüksək nəticələr əldə edilib. Hazırda rayonda 1338 hektar buğda, 7592 hektar arpa sahəsi biçilib. Ümumilikdə 8930 hektar taxıl sahəsindən 23164 ton məhsul istehsal edilib. Orta məhsuldarlıq 25,9 sentner/hektar təşkil edib. Məruzədə qeyd olunub ki, cari ilin iyun ayının ortalarına qədər davam edən qeyri-sabit, yağışlı və soyuq hava şəraiti kənd təsərrüfatı işlərinin vaxtında aparılmasına və məhsuldarlığa mənfi təsir göstərib. Bununla belə, cənab Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qusar Rayon İcra Hakimiyyəti tərəfindən ciddi tədbirlərə başlanılıb. Rayonda kənd təsərrüfatının 2030-cu ilədək inkişafının hədəfləri müəyyən edilməklə “Tədbirlər Planı” hazırlanıb.
Daha sonra Qusar Rayon İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov çıxışında Qusar rayonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılması və həssas əhali qruplarının rifahının yüksəldilməsi istiqamətində 2026-cı ilin birinci yarımilliyində görülmüş işlər barədə ətraflı məlumat verib. O bildirib ki, rayon əhalisinin sosial rifah və məmnunluq səviyyəsinin yüksəldilməsi, sosial bərabərliyin təmin edilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların aktiv əmək bazarı proqramlarına cəlb olunması, eyni zamanda ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir.
Qeyd olunub ki, hesabat dövründə ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 656 müraciət daxil olub. Onlardan 265 nəfərə ünvanlı dövlət sosial yardımı təyin edilib, 359 müraciətə müxtəlif səbəblərdən imtina verilib, 32 müraciət isə namizəd statusunda olmaqla baxılma mərhələsindədir. Hazırda rayon üzrə ümumilikdə 502 ailəyə, yəni 2271 ailə üzvünü əhatə edən ünvanlı dövlət sosial yardım ödənilir. Bildirilib ki, müraciətlərinə imtina verilmiş şəxslərin vəziyyəti mütəmadi araşdırılır, imtina səbəblərinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Məruzədə sosial təminat sahəsində görülən işlərə də toxunularaq bildirilib ki, cari ilin birinci yarımilliyində rayon üzrə 2058 nəfər yaşa görə, 216 ailənin 496 üzvü ailə başçısını itirməyə görə, 1933 nəfər isə əlilliyə görə sosial müavinətlə təmin olunub.
İkram Tumarxanov vurğulayıb ki, rayon əhalisinin, xüsusilə şəhid ailələrinin, qazilərin və aztəminatlı vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən cari ildə şəhid ailələri və qazilərə 136,7 min manat, 23 nəfər aztəminatlı şəxsə isə maddi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 8,8 min manat məbləğində maliyyə yardımı göstərilib.
Bundan əlavə, sosial dəstək tədbirləri çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan 10 nəfər aztəminatlı tələbəyə 4 min manat maliyyə yardımı ayrılıb, fənn olimpiadalarında uğur qazanan 2 nəfər məktəbliyə 700 manat mükafat verilib, həmçinin Dövlət Ləzgi Dram Teatrına fəaliyyətinin dəstəklənməsi məqsədilə 5 min manat maliyyə dəstəyi göstərilib. Çıxışda məşğulluğun təmin olunması istiqamətində görülən işlərdən də bəhs edilərək qeyd olunub ki, əhalinin işlə təmin edilməsinin gücləndirilməsi məqsədilə rayon ərazisində mütəmadi əmək yarmarkaları təşkil edilir. Hazırda Qusar rayonu üzrə özünüməşğulluq proqramına müraciət etmiş və növbə gözləyən şəxslərin sayı 859 nəfər təşkil edir. Hesabat dövründə boş iş yerlərinə göndərişlərin verilməsi nəticəsində 752 nəfər işlə təmin olunub, birgə maliyyələşmə proqramı çərçivəsində isə daha 18 nəfər məşğulluğa cəlb edilib. Eyni zamanda, 39 nəfər müxtəlif ixtisaslar üzrə şirkətlərdə və sahibkarlıq subyektlərində təşkil olunan peşə hazırlığı kurslarına cəlb olunub, təlimləri uğurla başa vuranlardan 7 nəfər işlə təmin edilib. Sonda vurğulanıb ki, rayon əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, həssas əhali qruplarına göstərilən sosial dəstəyin artırılması və dövlətin sosial siyasətinin səmərəli icrası istiqamətində işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.






