21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
22 fevral 2026 | 16:36
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu barədə qərar YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən 30-cu sessiyasında elan edilib. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur.
Qusar rayonunda bu əlamətdar gün münasibətilə ümumtəhsil müəssisələrində, şəhər və kənd mədəniyyət müəssisələri - folklor evləri və kitabxanalarda silsilə tədbirlər, məlumat saatları keçirilib. Fevralın 20-də Qusar Rayon Mərkəzi Kitabxanasında “Ana dili – milli sərvətimizdir” adlı tədbir təşkil olunub. Tədbirdə iştirakçılara Beynəlxalq Ana Dili Gününün təsis olunması, Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması, Ulu Öndər Heydər Əliyevin dövlət dilinin inkişafı istiqamətində siyasəti ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin, hər bir xalqın ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğu, tarix boyu xalqların, millətlərin keçdiyi yolun, onların mədəni səviyyəsinin ilk növbədə Ana dilində öz əksini tapdığı, dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğu, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyi qeyd edilmişdir. Sonda mövzu ilə bağlı videoçarx nümayiş edilib və sərgiyə baxış keçirilib.
Rayonun ümumtəhsil məktəblərində 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar keçirilən tədbirlərdə şagirdlərə Azərbaycan dilinin dövlət dili statusu alması, Dövlət dili haqqında qanun, ölkəmizdə ana dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Ədəbi-bədii kompozisiyalar təqdim olunub.






