26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib
24 iyun tarixində Azərbaycan Respublikasının Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupunun və Qusar Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının birgə təşkilatçılığı ilə 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupunun, Qusar Rayon Prokurorluğunun, Qusar Rayon Polis Şöbəsinin, aidiyyəti dövlət qurumlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən, gənclərin zərərli vərdişlərdən qorunmasının əhəmiyyətindən və bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ölkə üzrə kompleks tədbirlər həyata keçirilir, profilaktik və maarifləndirici işlər davam etdirilir.
Çıxışlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomaniyaya düçar olmuş şəxslərin müalicə və reabilitasiyası, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin gücləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliği ilə bağlı məsələlər müzakirə olunub və maarifləndirici bukletlər paylanılıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






