26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyəti başçısının təbriki-2026
25 iyun 2026 | 13:40
Əziz həmvətənlər!
Hörmətli hərbi qulluqçular, zabit və əsgərlərimiz!
Dəyərli qazilər və şəhid ailələrinin üzvləri!
Sizi 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
Bu gün ordu quruculuğu sahəsində uğurlu dövlət siyasətinin nəticəsi olaraq Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, döyüş qabiliyyəti artıb. Məhz bu səbəbdən də, 44 günlük Vətən müharibəsi dövründə rəşadətli əsgər və zabitlərimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli” döyüş əmrini yerinə yetirərək qısa bir müddət ərzində əks-hücum əməliyyatı keçirmiş və düşmən üzərində şanlı qələbə qazanaraq, tarixi ədaləti bərpa etmişdir.
Qusar rayonunun gəncləri də hər zaman Vətənin müdafiəsində fəal iştirak etmişdir. Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində rayonumuzdan yüzlərlə oğul döyüşlərdə iştirak edib, şəhidlik zirvəsinə ucalıb, qazi adını qazanıblar. Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə can sağlığı arzu edirəm.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, qalib Azərbaycan Ordusunu təbrik edir, ən xoş arzularımı çatdırıram.






