Prezident İlham Əliyev Qusar rayonuna səfərə gəlmişdir.
Prezident İlham Əliyev Qusar rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva Şahdağ qış-yay turizm kompleksinə daxil olan infrastruktur obyektlərinin açılışında iştirak etmişlər.
Əvvəlcə “Qusar-1” kiçik su elektrik stansiyasının açılışı olmuşdur.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısı İlham Əliyevə məlumat verdi ki, Urva kəndi yaxınlığındakı Cağar derivasiya tipli kanal üzərində inşa olunan xüsusi hovuzdan götürülən su borular vasitəsilə stansiyaya ötürülür. Müasir avadanlıqla təchiz olunan stansiya tam kompyuterləşdirilmiş və texnoloji proses avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır. Mərkəz həm elektrik enerjisinin alınması prosesini həyata keçirir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən qeydə alaraq müvafiq tədbirlərin görülməsi üçün xəbərdarlıq edir.
Dövlətimizin başçısı idarəetmə mərkəzindən stansiyanı işə saldı.
Qeyd olundu ki, təməli Prezident İlham Əliyevin 2010-cu ilin avqustunda Qusara səfəri zamanı qoyulan su elektrik stansiyasında ümumi gücü bir meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılmışdır. Ərazidə 10 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri qurulmuşdur. Stansiya ildə 5 milyon kilovat/saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Bildirildi ki, Azərbaycan Prezidentinin 2009-cu ilin noyabrında imzaladığı Sərəncamla kiçik su elektrik stansiyalarının ölkəmizdə geniş tətbiq olunması məqsədilə “Azərenerji” ASC-yə xüsusi proqramların hazırlanması tapşırılmışdır.
Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləmişdir ki, müxtəlif bölgələrdə dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Həmin enerji qurğularından biri də Şahdağ qış-yay turizm kompleksini elektrik enerjisi ilə təmin edəcək “Qusar-1” kiçik su elektrik stansiyasıdır.
“Azenko” şirkəti tərəfindən tikilən su elektrik stansiyasının ərazisində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.