Samur-Abşeron kanalı üzərindəki qəzalı vəziyyətə düşmüş körpü yenisi ilə əvəz olunacaq
Samur-Abşeron kanalının Qusar rayonunun Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində kanalın üzərində 1968-ci ildə inşa edilmiş avtomobil körpüsünün yükdaşıyıcı dəmir-beton konstruksiyalarında əmələ gələn iri çatlar nəticəsində körpü qəzalı vəziyyətə düşmüş, nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaranmışdır. Bu da həmin kənd sakinləri üçün ciddi problemlər yaratmışdır. Belə ki, Samur-Abşeron kanalı Kuzunqışlaq kəndinin ərazisini iki hissəyə ayırır. Evlərin və vətəndaşlara məxsus pay torpaq sahələrinin bir hissəsi kanaldan aşağıda, digər hissəsi kanaldan yuxarıda yerləşir. Körpüdə hərəkətin dayanması vətəndaşların təsərrüfat sahələrinə, evlərinə, uşaqların məktəbə gediş-gəlişində ciddi problemlər yaratmışdır.
Yaranmış problemlə əlaqədar müvafiq qurumların mütəxəssisləri ilə birlikdə kənd sakinləri ilə görüşən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov bildirmişdir ki, hadisə baş verdikdən dərhal sonra rayon İcra Hakimiyyətinin rəhbərliyi əlaqədar təşkilatlarla birlikdə tədbirlərin görülməsinə başlamış, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün 12 fevral 2021-ci il tarixindən körpünün giriş-çıxışları bağlanılmaqla körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış, 8 km-dən çox məsafədə yerləşən növbəti körpüyə kimi olan torpaq əsaslı yola qum-çınqıl qarışığı tökməklə müvəqqəti istifadə üçün yol açılmış, istismara yararsız vəziyyətə düşmüş körpünün yerində yeni körpünün tikintisi üçün rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinə rəsmi müraciət ünvanlanmışdır.
Görüşdə bildirilmişdir ki, rayon İcra Hakimiyyəti məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC ilə mütəmadi əlaqə saxlayır. Hazırda körpünün layihə-smeta sənədləri hazırlanır. Ən qısa müddətdə qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və yerində yeni körpünün tikintisi işlərinə başlanılacaqdır. Tikinti işlərinin getdiyi müddətdə piyadaların hərəkəti üçün kanalın üzərində müvəqqəti körpü quraşdırılacaqdır.
Görüşdə iştirak edən kənd sakinləri ölkə başçısı cənab İlham Əliyevə və yaranmış problemin operativ həllinə köməklik göstərən qurumlara öz minnətdarlıqlarını bildirmişdir.