28 May - Müstəqillik Günü ilə əlaqədar Qusar rayonunda silsilə tədbirlər keçirilib
29 may 2026 | 20:34
Mayın 25-də Qusar Rayon Mərkəzi Kitabxanasında “Azərbaycanın müstəqillik salnaməsi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlət müstəqilliyinin bərpası barədə ətraflı məlumat verilib. Eyni zamanda, müstəqillik tariximizi əks etdirən sərgi təşkil olunub, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Mayın 25-də Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbində də konsert proqramı təqdim edilib. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, milli və vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Bununla yanaşı, rayonun kənd klub filiallarının təşkilatçılığı ilə müxtəlif yaşayış məntəqələrində konsert proqramları və mədəni-kütləvi tədbirlər keçirilib.
Rayonun ümumtəhsil müəssisələrində də 28 May – Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib. Şagirdlərə 28 May-Müstəqillik Gününün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.






