Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda məişət tullantılarının emalı müəssisəsi yaradılır.

21 aprel 2021 | 16:00

Qusar rayonunda məişət tullantılarının idarə edilməsi və təbiətə zərərlərin azaldılması məqsədilə “QusarEcoPark” İnvestisiya Layihəsi çərçivəsində, tullantıların konveyer-nəzarət üsulu ilə çeşidlənməsi müəssisəsinin yaradılması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün sahibkar tərəfindən Kiçik və Orta Biznesin İnkişafı (KOB Dostu) Agentliyinə və rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Rayon İcra Hakimiyyətinin rəhbərliyi layihəni dəstəkləyərək müvafiq rəylər əsasında layihənin həyata keçirilməsinə  icazə vermiş və şəhərin mövcud məişət tullantıları poligonunun ərazisində torpaq sahəsinin ayrılmasına rəylərin alınması üçün aidiyyəti dövlət qurumlarına müraciət etmişdir. Layihə üzrə görüləcək işlərlə yerində tanış olmaq üçün əraziyə gələn rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova məlumat verildi ki, layihənin reallaşması üçün 150 min manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulub.  Hazırda dünyada, həmçinin ölkəmizdə tullantılardan səmərəli istifadə etməklə təkrar istehsala xüsusi önəm verilir. Həm də bu layihə sosial-iqtisadi məqsəd daşıdığı üçün yeni iş yerlərinin yaradılmasına, ekologiyaya mənfi təsirlərin aradan qaldırılmasına  istiqamətlənib. Yaradılacaq müəssisədə gündəlik Qusar rayonundan çıxan 25-30 ton məişət tullantısı çeşidlənərək, faydalı hissəsi təkrar istehsala qaytarılacaqdır. Bu da ildə 10 000 tondan artıq tullantının çeşidlənərək faydalı hissəsinin təkrar istehsala qaytarılması deməkdir. İlkin mərhələdə müəssisədə 10 nəfər üçün yeni iş yeri açılacaq. Gələcəkdə görüləcək işlərin həcmi artdıqca işçilərin sayı da artırılacaqdır.
“QusarEcoPark” MMC-nin rəhbərliyi, rayonda fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi, əlaqədar idarə və müəssisələrinin mütəxəssisləri ilə müəssisənin tikintisi nəzərdə tutulan ərazidə keçirilən görüşdə layihə ilə bağlı bir sıra məsələlər müzakirə edilmiş, əlaqədar şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər