Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2025 | 13:52
Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımı hadisələridir. Məqsədyönlü şəkildə həyata keçirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, bu hadisələrdən 107 il keçməsinə baxmayaraq, törədilən qırğınlar və vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır.
Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir və bu tarix hər il dövlət səviyyəsində anılır.
Qusar rayonunda da soyqırımı qurbanlarının xatirəsi anılıb. Əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Qusar şəhərindəki “Qanlı dərə”də qələbə qazanan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək, bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad etdilər. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışaraq bu faciənin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Daha sonra tədbir Qusar Dövlət Rəsm Qalereyasında davam etdirildi. İştirakçılar soyqırımı ilə bağlı məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Keçidlər