“Sahibkar qadınların vergi biliklərin artırılması” mövzusunda təlim keçirilib
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda layihə təqdim edilmiş və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən layihənin dəyərləndirilməsi həyata keçirilərək layihə “CIAT Paylaşımdır” Proqramının 2021-ci il üzrə ilk qalibi olmuşdur. Həmin layihə çərçivəsində Azərbaycanın bəzi rayonlarında 1 ay müddətində sahibkar qadınların vergi mövzusunda maarifləndirilməsi nəzərdə tutulmuşdur.
Layihənin növbəti təlimi 30 iyul 2021-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyətinin və 3 saylı Ərazi Vergilər İdarəsinin dəstəyi ilə həyata keçirilmiş və təlimə Qusar, Quba, Xaçmaz və Şabran rayonlarında sahibkarlıq fəaliyyəti göstərən qadın sahibkarlar qatılmışdır.
Tədbirdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisinin direktoru Jong Hyun Moon, Qusar rayon İcra Hakimiyyətinin Başçısının müavini Zoya Eldarova, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov, Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi professor Nazim Əliyev, eyni zamanda ekspert-təlimçi qismində Ekvita şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov iştirak etmişdir.
Təlim zamanı müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə əlaqədar nəzəri və praktiki məlumatlar, vergi qanunvericiliyinin pozulması zamanı məsuliyyət məsələləri barədə məlumatlar qadın sahibkarların diqqətinə çatdırılmış, müxtəlif məsələlər üzrə müzakirələr aparılmış və bir neçə vergi hesabatının hazırlanması istiqamətində praktiki izahlar verilmişdir. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.