Urva kəndində Texniki Su Təminatının yaxşılaşdırılması layihəsi başa çatmışdır
"Texniki su təminatının yaxşılaşdırılması" layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyəsi (USAİD) və Azərbaycan Hökümətinin dəstəyi yerli bələdiyyə və icma üzvlərinin köməyi ilə yerinə yetirilmişdir. Bu layihənin icrasından Urva kəndində təxminən 200 ailə olmaqla 1000 nəfər kənd sakininin faydalanması nəzərdə tutulmuşdu.
Urva kəndi Qusar rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə 600 ailə olmaqla 2800 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq təşkil edir. Kəndin texniki su mənbəyi kənddən 500-600 metr məsafədə olan Cağar-Cibir kanalı nəzərdə tutulmuşdur. 1980-ci illərdə sovxoz tərəfindən kənddə 500 tonluq texniki su anbarı inşa edilmiş, lakin, su anbarı sonradan yararsız vəziyyətə düşmüşdür. Buna görə də kəndin yuxarı hissəsində texniki su təminatında ciddi problemlər mövcud idi. Ona görə də Urva icmasında qəbul edilmiş "Texniki su təminatının yaxşılaşdırılması" layihə təklifi icmanın (kənd sakinlərinin) prioritet ehtiyacı kimi müəyyən edilərək Layihə Qiymətləndirmə Komitəsinin (LQK) iclasına çıxarılmış və layihə təklifi maliyyələşdirilməsi üçün təsdiq edilmişdir.
Artıq layihə üzrə nəzərdə tutulan işlərin görülməsi başa çatdırılmış və layihə çərçivəsində 4800 metr uzunluğunda müxtəlif diametrli borularla yeni su xətləri çəkilmiş, 190 evə su xətti çıxışları verilmiş və kənd ərazisində bir bulaq inşa edilməklə istifadəyə verilmişdir.