Qusarlı Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirildi
18 noyabr 2021-ci ildə Qusar rayon İcra Hakimiyyətində Qusar rayonunun Balaqusar kəndində anadan olmuş “Vətən Müharibəsi Qəhrəmanı” mayor Şixnəbiyev Renat Güləmməd oğlunu ilə görüş keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi münasibəti ilə mayor Şixnəbiyev Renat Güləmməd oğlunu təbrik edən Qusar rayon İcra Hakimiyyəti başçısı cənab Şair Alxasov dəvəti qəbul edib görüşdə iştirak etdiyi üçün ona təşəkkürünü bildirib. Cənab Şair Alxasov vətənimizin torpaqları uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış hərbiçilərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına can sağlığı arzu etmişdir. Onların daima ölkə rəhbərliyinin diqqətində olduğunu bildirmişdir. Görüşdə iştirak edən Qusar rayon Polis şöbəsinin rəisi polis polkovniki Eldar İlyasov və Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhmanov Vətən Müharibəsi Qəhrəmanını təbrik edərək ona gələcək xidmətlərində uğurlar arzu etdi. Səmimi dialoq şəraitində keçən görüşdə Şixnəbiyev Renat tarixi qələbənin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, göstərdiyi güclü siyasi iradənin misilsiz rolundan və qəhrəman Azərbaycan əsgərinin rəşadətindən danışıb.Vətən Müharibəsinin otuz illik yurd həsrətinə son qoyulması ilə nəticələnməsindən yüksək qürur hissi duyduğunu bildirən Renat Şixnəbiyev işğal altında olan torpaqların azad edilməsinin şəhidlərin və qazilərin böyük fədakarlığı, qəhrəmanlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Füzulidən başlayaraq Şuşanın azad olunmasınadək şərəfli döyüş yolu keçən Şixnəbiyev Renat ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Şixnəbiyev Renat Güləmməd oğlu 1990-cı il dekabr ayının 31-də Qusar rayonunun Balaqusar kəndində anadan olmuşdur. 1997-ci ildə Qusar rayonunun Balaqusar kənd tam orta məktəbinə daxil olmuş, 2008-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2008-ci il avqust ayının 8-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmiş, 2012-ci ilin iyun ayının 24-də “Leytenant” hərbi rütbəsi almış, daha sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində 1 il “xüsusi təyinatlı” ixtisası üzrə təhsil almışdır.16.01.2021-ci il tarixdən tabor komandirinin müavini vəzifəsinə təyin olunmuşdur və 06.11.2021-ci il tarixdə “mayor” hərbi rütbəsi verilmişdir. Cəsur döyüşçümüz ordumuzun yaranmasının “95 illik yubiley” medalı, “100 illik yubiley” medal,“igidliyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Şuşanın azad olunması” medalı, “Füzulinin azad olunması” və “Xocavəndin azad olunması” medalları ilə, eləcə də ən yüksək ali mükafat olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmuşdur.