Qusar rayon İcra Hakimiyyətində 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dekabr ayının 23-də Qusar rayon İcra Hakimiyyətində rayon fəalları ilə keçirilən dəyirmi masada 2021-ci ildə Qusar rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, yola salınan 2021-ci il Qusar rayonu üçün uğurlu illərdən biri olmuşdur. Əvvəlki illərdə olduğu kimi bu ildə də rayonda bir sıra abadlıq-quruculuq işləri görülmüş, yeni asfalt örtüklü yollar çəkilmiş, sosial obyektlər inşa edilmişdir. Ümumilikdə il ərzində rayon iqtisadiyyatına 36 milyon manata yaxın investisiya qoyulmuşdur ki, bunun da 33,4 milyon manatı tikinti-quraşdırma işləri təşkil edir. İl ərzində 110 hektardan çox yeni meyvə bağları salınmış və 200-ə yaxın yeni, o cümlədən 153 daimi iş yeri açılmışdır. Dəyirmi masada çıxış edənlər həmçinin 2021-ci ildə baş verən əsas ictimai-siyasi hadisələr, ölkədə, xüsusilə azad edilmiş rayonlarda aparılan quruculuq işləri, ölkə başçısının xarici və daxili siyasətinin əsas istiqamətləri haqqında çıxış etmişdir. Qeyd olunmuşdur ki, dekabr ayının 24-də respublikaya rəhbərlik etdiyi dövrdə böyük uğurlara imza atan cənab Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Bu münasibətlə ona möhkəm can sağlığı, Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi sahəsindəki fəaliyyətində uğurlar arzu edən tədbir iştirakçıları bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Azərbaycanın gələcək uğurlu inkişafının cənab Prezidentinin uzaqgörən xarici və daxili siyasətindən asılı olduğunu bildirən tədbir iştirakçıları cənab Prezident İlham Əliyevə, 1-ci vitse Prezident Mehriban xanım Əliyevaya və ailə üzvlərinə Allahdan can sağlığı və xoşbəxtlik arzulamaqla, cənab Prezidentin ətrafında sıx birləşərək onun siyasi xəttini həmişə dəstəkləyəcəklərini bildirmişdir.