Şəhid Ramazanov Rail Arif oğlu və Şahbazov Sarvan Əliməhəmməd oğlunun Anım mərasimləri qeyd olundu.
07 yanvar 2022-ci il tarixində Qusar rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri Ramazanov Rail Arif oğlu və Şahbazov Sarvan Əliməhəmməd oğlunun anım mərasimləri böyüyüb başa çatdıqları Hil və Gündüzqala kəndlərində keçirilib. Anım mərasimində Qusar rayon İcra Hakimiyyəti Başcısının birinci müavini Şahid Fərəməzov, aparatın digər məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, şəhidlərin döyüş yoldaşları, kənd sakinləri, doğmaları və şəhidlərin ailə üzvləri iştirak etmişdir. Hər iki şəhidimiz Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Ramazanov Rail Arif oğlunun Hil, Şahbazov Sarvan Əliməhəmməd oğlunun Gündüzqala kənd qəbristanlığında olan məzarları ziyarət olunaraq önünə qızılgül və qərənfillər düzülərək ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Daha sonra qonaqlar igid vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.
Vətənə olan borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra şəhid Ramazanov Rail Arif oğlu və Şahbazov Sarvan Əliməhəmməd oğlu "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Şəhid ataları Arif Ramazanov və Əliməhəmməd Şahbazov şəhid ailəsi kimi hər zaman dövlətin qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.