Novruz bayramında yanğın təhlükəsizliyi tədbirləri.
Novruz bayramında yanğın təhlükəsizliyi tədbirləri.
Xalqımız həmişə olduğu kimi milli adət ənənələrimizə uyğun olaraq baharın gəlişini – Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır, bir-birindən rəngarəng bayram tədbirləriylə qeyd etməyə hazırlaşır.
Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar, o cümlədən novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır:
- tonqallar yanar materiallardan, o cümlədən qaz və neft borusu, elektrik xətti və dirəyi, ağac, kol-kos, avtomobil, bina və eləcə də tezalışan maddələrdən kənarda yandırılmalıdır;
- tonqallar tam sönənədək nəzarətdə saxlanılmalıdır. Çünki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğına səbəb ola bilər;
- bayram tədbirlərində, xüsusən də tonqal ətrafında azyaşlılar mütləq böyüklərin nəzarəti altında olmalı və azyaşlı uşaqların odla dəcəllik etməsinə yol verilməməlidir;
- tonqalların üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
- Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin havaya atılması nəticisində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrdə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər;
- yandırılan şamları nəzarətsiz qoymaq, yanar təhlükəli materialların (pərdə, kağız, xalça və s.) yaxınlığında yerləşdirmək, şamı öz ərintisi ilə stol, kibrit qutusu və digər tezalışan yerlərə yapışdırmaq olmaz;
- şənliklərdə atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi qadağandır!
- qapalı məkanda atəşfəşanlıq etmək qadağandır!
Milli bayramımızı acı sonluqla başa vurmamaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir. Unutmayaq ki, qaydalara biganəlik-həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!