İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” otelinin açılışında iştirak edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.
“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.
“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas bildirdi ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci otelidir. İlk otel olan “Pik Palace Şahdağ”ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. “Park Chalet” otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da özündə əks etdirir. “Park Chalet” oteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. “Park Chalet”in bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən otellərdir.
Dövlət başçısı və xanımı otelin nömrələrində yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.
Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Park Chalet” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir. Oteldə müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir.
Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet” otelində tam təchizatlı fitness və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.