44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib
07 yanvar 2025 | 16:51
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi xalqımız tərəfindən uca tutulur, onlar hər zaman xalqımızın qəhrəmanlıq tarixində yaşayacaq və xatırlanacaq.
Yanvarın 7-də iki şəhidimizin: Şahbazov Sarvan Əliməhəmməd oğlu və Ramazanov Rail Arif oğlunun anım mərasimləri keçirilib. Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Aparatının əməkdaşları, şəhidlərimizin ailə üzvləri, kənd sakinləri və din xadimləri iştirak ediblər.
Mərasim iştirakçıları tərəfindən rayonun Hil kəndində 44 günlük Vətən müharibəsi şəhidi Ramazanov Rail Arif oğlunun, o cümlədən həmin qəbiristanlıqda dəfn olunan şəhidlərimiz: Rzayev Zahir Zakir oğlu və Cavadov Rəşad Fərzəli oğlunun məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib. Daha sonra şəhid Ramazanov Rail Arif oğlunun ailəsi ziyarət olunaraq çay süfrəsi ətrafında onların problemləri dinlənilib.
Yanvarın 7-də rayonun Gündüzqala kəndində şəhid Şahbazov Sarvan Əliməhəmməd oğlunun, eləcə də şəhid Salmanov Razik Telman oğlunun məzarları ziyarət olunub. Məzarları önünə tər güllər düzülərək xatirələri ehtiramla yad edilib. Şəhid Şahbazov Sarvan Əliməhəmməd oğlunun ailəsini ziyarət edən RİH başçısı və digər mərasim iştirakçıları şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.
Azərbaycan Ordusunun əsgəri olmuş Sarvan Şahbazov II Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda medal”,“Füzulinin azad olunmasına görə medalı”, “Cəbrayılın azad olunmasına görə medalı”, “Xocavəndin azad olunmasına görə medalı” ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Rail Ramazanov 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda medal”, “Füzulinin azad olunmasına görə medalı”, “Cəbrayılın azad olunmasına görə medalı”, “Xocavəndin azad olunmasına görə medalı” ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!