44 günlük Zəfər tariximiz
27 Sentyabr 2024-cü il tarixində Qusar rayonunun kəndlərində Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının dövlət himni və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan, qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə RİH başçısının İnzibati Ərazi üzrə Nümayəndələri, məktəb və mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri, qazilər və kəndlərin əhalisi iştirak ediblər. Tədbirlərin iştirakçıları tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib.
Tədbirdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini yad edib, onların keçdikləri şərəfli yoldan söz açıblar. Natiqlər işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağını yenidən ucaldan, şanlı tarix yazan şəhidlərimizin, qazilərimizin hər birinin bir qəhrəman olduğunu, bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildiriblər.
Həmçinin kəndlərin ərazisində yerləşən təhsil və mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə 44 günlük Zəfər tariximizi əks etdirən, Vətən müharibəsi və şəhidlərimizlə bağlı kitab, məqalə və şəkillərin nümayiş olunduğu sərgilər təşkil olunub, Anım Gününə həsr olunmuş filmlər nümayiş etdirilib. Şagirdlər ədəbi-bədii kompozisiyalarla çıxış edib və şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndiriblər. Şagirdlərə işğal altındakı əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən haqq savaşının gerçək qəhrəmanları, onların keçdikləri qəhrəmanlıq yolu haqqında, Qələbədən sonra Qarabağda aparılan abadlıq və quruculuq işləri barəsində ətraflı məlumat verilib.
Qusar rayon Mədəniyyət Mərkəzində Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının iştirakı ilə müharibədə iştirak edən qəhrəman, igid oğullarımızdan bəhs edən tamaşa nümayiş etdirilib.