5 İyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür
06 iyun 2026 | 09:09
İyunun 5-də Qusar rayonunda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizov və rəhbərlik etdiyi kollektiv tərəfindən Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Peşə bayramı münasibətilə bütün kollektivə təbriklərini çatdıran Şahid Fərəməzov qeyd edib ki, Prezident cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə təminatındakı rolunu nəzərə alaraq, su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli Sərəncam imzalamışdır. Bildirilib ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının inkişafı, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə təminatında meliorasiya və su təsərrüfatının mühüm rolu vardır.
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizov rəhbərlik etdiyi kollektivə peşə bayramları münasibətilə səmimi təbriklərini çatdırıb. Göstərilən etimada və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını ifadə edib, qarşıda duran vəzifələrin icrası istiqamətində daha əzmlə çalışacaqlarını bildirib.






