5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
05 oktyabr 2026 | 19:57
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşü keçirilib. Görüşdə həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, RİHB Aparatının məsul şəxsləri, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq, rayonun bütün təhsil işçilərini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri bildirib ki, təhsil sahəsi dövlətin strateji inkişaf prioritetlərini müəyyən edən, ölkənin gələcək intellektual və kadr potensialının formalaşmasına birbaşa təsir göstərən mühüm sahələrdən biridir. Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin mühüm nəticələr verdiyini qeyd edən icra başçısı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İcra başçısı təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim əməyinin stimullaşdırılması və yüksək bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin ölkənin gələcək inkişafına xidmət etdiyini bildirib.
İcra başçısı xüsusi olaraq vurğulayıb ki, hər bir təhsil islahatının real nəticəyə çevrilməsində əsas amillərdən biri müəllim əməyidir. Müəllim yalnız şagirdə müəyyən fənn üzrə bilik verən pedaqoq deyil, eyni zamanda onun dünyagörüşünün, düşüncə tərzinin, mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasına təsir göstərən şəxsdir. Müasir informasiya və texnologiya mühitində müəllimin qarşısında yeni tələblərin meydana çıxdığını bildirən rayon rəhbəri təhsil prosesində innovativ yanaşmaların tətbiqi, şagirdlərin müstəqil və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və cəmiyyət qarşısında məsuliyyətini dərk edən şəxsiyyət kimi yetişdirilməsinin mühüm vəzifələrdən olduğunu qeyd edib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxışında rayonun təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycanda təhsil sisteminin inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, son illərdə təhsilin məzmununun təkmilləşdirilməsi, tədris imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Coşqun Əliyev diqqətə çatdırıb ki, müasir təhsilin əsas məqsədi şagirdlərə hazır biliklərin ötürülməsi ilə kifayətlənməyərək, onların əldə etdikləri məlumatı təhlil etmək, müstəqil nəticə çıxarmaq, yaradıcı yanaşmaq və öyrəndiklərini praktik fəaliyyətə tətbiq etmək bacarıqlarının formalaşdırılmasını təmin etməkdir. Regional Təhsil İdarəsinin müdiri cari tədris ilində Qusar rayonunun təhsil göstəricilərinin yüksk olduğunu qeyd edərək, əldə edilmiş nəticələrin təhsil müəssisələrində təlim-tədris prosesinin səmərəli təşkili, müəllimlərin peşəkar fəaliyyəti və şagirdlərin bilik və bacarıqlarının inkişafına yönəlmiş məqsədyönlü pedaqoji işin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Balaqusar kənd tam orta ümumtəhsil məktəbinin direktoru Babacan Zəkiyev, Qaratoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru Məmməd Eldarov, şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arif Xəlilov, Zindanmuruq kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sudya Mançarov, Avaran kənd tam orta ümumtəhsil məktəbinin direktoru Gülya Saruxanova, şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Kəmalə Sadıxova həmkarlarını peşə bayramı münasibətilə təbrik edərək göstərilən diqqət və qayğıya, təhsil işçilərinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını ifadə edərək, rayonun təhsil sahəsində əldə olunan müsbət nəticələrin daha da inkişaf etdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində səylərini bundan sonra da ardıcıl şəkildə davam etdirəcəklərini bildiriblər. Görüşdə həmçinin rayonun təhsil sahəsində mövcud problemlər və həlli yolları müzakirə edilib.
Sonda təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən bir qrup təhsil işçisi: şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arif Xəlilov, şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Aydın Qədimov, Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nübar Mehrəliyeva Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.






