Qusar şəhər Heydər Əliyev mərkəzində Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası
Avqustun 9-da Qusar şəhər Heydər Əliyev mərkəzində Prezident İlham Əliyevin sədriliyi ilə Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilib. İclasda yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon başçısı Şair Alxasov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verərək, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini qeyd etmişdir. Qusar rayonunda da bu sahədə ciddi irəliləyişin olduğunu, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində planlı iş aparıldığını, dağətəyi və aran zonalarında yeni fındıq bağlarının salınması istiqamətində mühüm işlərin aparıldığını diqqətə çatdırmış, Prezident İlham Əliyevin tapşırığına əsasən 2016-ci ilin payız aylarından rayonda ümumilikdə 2123,2 hektar sahədə yeni fındıq bağlarının salındığını, mövcud fındıq bağlarının 5355 hektara çatdığını qeyd etmişdir. Şura iclasında rayon kənd təsərrüfatı idarəsinin rəisi Elşad Əlimuradov, Mucuq Bələdiyyəsinin sədri Tahirə Kazımova, RİH başçısının Əcəxür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qazıxan Səlimxanov, Yuxarı Qələnxür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Asəf Maxsudov, sahibkar Tural Mustafayev və başqaları çıxış edərək rayonun bu sahədə görülmüş işlər barədə məlumat vermişlər.