Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun təbriki - 2026

08 noyabr 2026 | 13:43
 
Əziz həmvətənlər!
Sizi Azərbaycan xalqının milli qürur və iftixar mənbəyinə çevrilmiş 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzulayıram.
8 Noyabr – Zəfər Günü müasir tariximizin ən şanlı səhifələrindən biri, xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu möhtəşəm hadisədir. Otuz ilə yaxın davam edən işğala son qoymaq və ərazi bütövlüyümüzü təmin etmək uğrunda aparılan mübarizə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Müzəffər Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edərək milli iradəsinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin taleyində həlledici dönüş yaratmaqla Zəfərimizin rəmzinə çevrildi.
Bu tarixi nailiyyət şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin misilsiz şücaəti hesabına əldə edilmişdir. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların göstərdiyi igidlik gələcək nəsillər üçün Vətənə sədaqətin ən ali nümunəsi olacaqdır. Qürurvericidir ki, bu şanlı Qələbənin əldə olunmasında doğma Qusarımızın igid övladları da qəhrəmanlıq göstərərək rayonumuzun tarixinə şərəfli səhifələr yazmışlar.
Bu gün Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan soydaşlarımızın məskunlaşması, müasir infrastrukturun yaradılması və iqtisadi potensialın bərpası Azərbaycanın inkişafının mühüm göstəricilərindəndir. Əminəm ki, xalqımızın birliyi və həmrəyliyi ölkəmizin qarşıdakı inkişaf hədəflərinin də uğurla reallaşdırılmasına xidmət edəcəkdir.
Hörmətli həmvətənlər!
Zəfər Gününün ardınca qeyd etdiyimiz 9 Noyabr – Dövlət Bayrağı Günü də milli dövlətçilik tariximizin mühüm hadisələrindən biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayrağımız xalqımızın azadlıq ideallarını, milli kimliyini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirir. Mavi, qırmızı və yaşıl rənglərin ifadə etdiyi milli, mənəvi və ideoloji dəyərlər xalqımızın tarixi köklərini, müasirlik və inkişaf arzularını özündə birləşdirir. Bu gün bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanması dövlət suverenliyimizin və tarixi Zəfərimizin rəmzidir.
12 Noyabr – Konstitusiya Günü isə müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun dövlət hakimiyyətinin təşkilinin, insan və vətəndaş hüquq və azadlıqlarının təminatının, demokratik cəmiyyət quruculuğunun fundamental hüquqi prinsiplərini müəyyən etmişdir.
Bu əlamətdar günlər münasibətilə bir daha rayonumuzun bütün sakinlərini və xalqımızı ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Keçidlər