8 Noyabr – Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı Günü və 12 Noyabr-Konstitusiya Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun təbriki
05 noyabr 2025 | 16:24
Əziz həmvətənlər!
II Qarabağ müharibəsində tarixi qələbəmizin artıq beşinci ilini yaşayırıq. 5 il əvvəl Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı işğaldan azad edərək uzun illərin həsrətinə son qoydu. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi.
Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Lakin aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək bir sıra şəhər, qəsəbə və kəndlərimiz işğaldan azad edilmişdir. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırılmışdır.
Bu şanlı Qələbə şəhidlərimizin qanı, qazilərimizin şücaəti hesabına qazanılmışdır. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, göstərdikləri igidlik gələcək nəsillərə Vətən sevgisinin və dövlətə sədaqətin nümunəsi olacaqdır. Qürurvericidir ki, bu qələbəyə imza atanlar arasında doğma Qusarımızın qəhrəman övladları da var.
Bu gün ölkəmizdə postmüharibə dövrünün yeni mərhələsi – bərpa və quruculuq dövrü uğurla həyata keçirilir. Azad edilmiş torpaqlarda genişmiqyaslı infrastruktur layihələri, “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan işlər Azərbaycanın iqtisadi və mənəvi gücünün göstəricisidir. Qusar rayonunun sakinləri də bu ümummilli inkişaf prosesinin fəal iştirakçıları kimi dövlət başçısının ətrafında sıx birləşərək, ölkəmizin gələcəyi naminə çalışırlar.
Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Hörmətli həmvətənlər!
Eyni zamanda, biz dövlətçilik tariximizin digər mühüm bayramları - 9 Noyabr-Dövlət Bayrağı Günü və 12 Noyabr-Konstitusiya Günü ərəfəsindəyik.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmişdir. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu olaraq, ölkədə hüquqi dövlət quruculuğuna, insan hüquq və azadlıqlarının qorunmasına, demokratik idarəetmə prinsiplərinin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə xidmət edir.
Bu əlamətdar bayramlar münasibətilə bir daha bütün rayon ictimaiyyətini, hər bir həmvətənimizi səmimi qəlbdən təbrik edir, Vətənimizin rifahı və tərəqqisi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.






