8 Noyabr – Zəfər Günü münasibətilə Qusar Peşə Liseyində “Zəfərin səsi” adlı tədbir keçirilib
06 noyabr 2026 | 16:54
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhid anaları, liseyin müəllim və tələbə kollektivi iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib. Bu Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və aparılan uğurlu dövlət siyasətinin nəticəsidir.
Tədbirdə şəhid analarına xüsusi ehtiram ifadə olunub. Qeyd olunub ki, Vətənə qəhrəman övladlar bəxş etmiş analarımız bu Zəfərin mənəvi dayaqlarıdır.
Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin ifasında “Bir Zəfərin hekayəsi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada Zəfər tariximizin unudulmaz səhifələri söz və səhnə dili ilə canlandırılıb.
Sonda vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.






