8 Noyabr – Zəfər Günü münasibətilə Qusar rayonunda silsilə tədbirlərin keçirilməsi davam etdirilir
06 noyabr 2025 | 18:28
Noyabrın 5-də Qusar Rayon Heydər Əliyev Mərkəzində gənclər arasında “Qəhrəmanların yolu” adlı intellektual yarış təşkil olunmuşdur. Qusar rayonunun şəhər və kənd məktəblərini təmsil edən 8-ci sinif şagirdlərindən ibarət 7 komandanın iştirakı ilə keçirilmiş yarışda komandalar bilik, zəka və çevikliklərini nümayiş etdirərək, Vətənimizin qəhrəmanlıq salnaməsinə həsr olunmuş suallara cavab vermək üçün 2 turda rəqabət aparmış, sonda yarışın iştirakçıları və qalib komandalar diplom və medallarla təltif olunmuşdur.
Noyabrın 5-də Qusar Rayon Veteranlar Təşkilatı və Qusar Dövlət Ləzgi Dram Teatrının birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” İli çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Şəhid anası” adlı tədbir keçirilmişdir.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Qusar Veteranlar Təşkilatının Sədri Faiq Qardaşov, həmçinin şəhid bacısı və müharibə iştirakçısı çıxış edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən, şəhid ailələri, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söz açaraq, II Qarabağ müharibəsi şəhidlərimizin həyat və döyüş yolu haqqında məlumat vermişlər.
Noyabrın 6-da Qusar Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilmiş, xəstəxananın foyesində şəhidlərin xatirə lövhəsi önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla yad edilmişdir. Tədbir Qusar Rayon Mərkəzi Xəstəxanasının akt zalında davam etdirilmişdir.
Qusar rayonunun təhsil müəssisələrində də 8 Noyabr-Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı Günü, 12 Noyabr-Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlər çərçivəsində şagirdlərə bu əlamətdar günlərin dövlətçilik tariximizdəki yeri, şəhidlərimizin həyat və döyüş yolu, Zəfər Gününün və Dövlət Bayrağımızın təsis olunması, Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya və onun müddəaları haqqında ətraflı məlumat verilmişdir. Məktəblilərin ifasında Vətənə məhəbbət, qəhrəmanlıq və azərbaycançılıq ideyalarını tərənnüm edən ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirilmiş, Zəfər gününə və dövlət rəmzlərinə həsr olunmuş şeirlər səsləndirilmişdir.






