Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ərəfəsində Qusar rayonunun Gədəzeyxur və Suvacal kənd tam orta ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib

05 noyabr 2026 | 15:00
 
Qusar rayonunun Gədəzeyxur və Suvacal kənd tam orta ümumtəhsil məktəblərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbirlər təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr tarixi Zəfər Günü, 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə isə 9 Noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis edilib.
Noyabrın 5-də Gədəzeyxur kənd tam orta ümumtəhsil məktəbində “Zəfərə aparan yol: Güclü Lider, Güclü Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub. Çıxışlarda, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, Böyük Qayıdış proqramının icrası çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışından bəhs olunub. Vurğulanıb ki, azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınması, sosial infrastrukturun bərpası Zəfərin davamı və dövlətimizin gələcəyə yönəlmiş siyasətinin təzahürüdür.
Noyabrın 6-da Suvacal kənd tam orta ümumtəhsil məktəbində “Bayrağımız milli qürurumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin tarix müəllimi Tərlan Pirsaatov çıxış edərək Azərbaycan Respublikasının Dövlət bayrağının tarixi, dövlət rəmzləri sistemində yeri və mənası barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə dövlət bayrağı kimi qəbul edilib. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra, 1990-cı il noyabrın 17-də üçrəngli bayraq yenidən dövlət bayrağı kimi təsdiq olunub. Dövlət bayrağının mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi, demokratiyanı və tərəqqini, yaşıl rəngi isə islam sivilizasiyasına mənsubiyyəti ifadə edir. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanması qazanılmış tarixi Zəfərin və dövlətimizin gücünün təzahürüdür.
Keçidlər